Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yolumuz da, hədəfimiz də bəllidir

Yolumuz da, hədəfimiz də bəllidir

13.10.2021 [19:53]

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva

- Jalə xanım, bu gün hər birimiz qürurla Zəfərimizdən danışırıq. 30 ilin işğalına son qoyuldu,  ərazi bütövlüyümüz bərpa olundu.  Amma bunlar heç də asan başa gəlmədi…  103 illik keşməkeşli yola nəzər saldıqda  Qələbəmizi, Zəfərimizi şərtləndirən amilləri necə şərh edirdəniz?

- Yandıq, kül olduq və yenidən küllərimizdən doğulduq… Yenə tarixi günlər yaşayırıq,  tarixi hadisələr, ildönümlər ərəfəsindəyik… Qarşıdan  71 il mübarizə, mücadilə aparıb, qanlar, canlar bahasına əldə etdiyimiz  müstəqilliyimizin yenidən bərpasının 30 illiyi gəlir. 30 il öncə tarixdə, qanlı XX əsrdə ikinci dəfə müstəqilliyimizi qazandıq, onu bərpa və əbədiyaşar edə bildik. Yenidən azadlığımıza qovuşmaq üçün nələrdən keçmədik, nələrdən... “Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik…Yandıq, kül olduq və yenidən küllərimizdən doğulduq…20-30-cu illərin qanlı respressiyasından, ziyalılarımızın məhvindən, sürgünlərdən, torpaqlarımızın tikə-tikə bölünməsindən, deportasiyalardan, Qarabağ fitnəkarlığından, Sumqayıt təxribatından, Quqark, Masis faciələrindən, Qanlı və Şanlı 20 Yanvardan, Bağanis Ayrım soyqırımından və daha nələrdən keçə-keçə 1991-ci ilin 30 avqustunda və 18 oktyabrında  müstəqliiyimizin yenidən bərpasına, azadlığımıza qovuşa bildik. Ötən 30 il də hamar, asan keçmədi bizim üçün… Çox təxribatlarla, çox fitnəkarlıqlarla, çox qanlı ssenarilərlə  qarşılaşdıq... Başqışlaq, 20 noyabr, Xocalı, Daşaltı, Cəmilli, Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan faciələrini, qanlı qətliamlarını yaşadıq… Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan…kimi yurd yerlərimizi itirdik, düşmən həm yeraltı, həm də yerüstü sərvətlərimizi qamarladı, yağmaladı…

1993-cü ilin qorxulu iyun hadisələri ilə, 1994-cü ilin və 1995-ci ilin dövlət çevrilişlərinə cəhdlərlə, dövlət adamlarımızın qətlə yetirilməsi ilə üz-üzə qaldıq…Sağdan da, soldan da, Şimaldan da, Cənubdan da, Qərbdən də, Şərqdən vurulduq… Amma yenilmədik, mübarizə əzmimiz sındırıla bilmədi…Bir öldük, min dirildik…

Müasir müstəqil Azərbaycan dövlətinin memarı, tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin açdığı yolla və bu yolu bir-bir öz hədəflərinə çatdıran Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, praqmatik və realist siyasəti ilə bugünlərə, müstəqlliyimizin 3-cü dekadasına gəlib çıxa bildik…Özü də əliboş gəlmədik bu tarixi dönəmə, bu günlərə… Bir il öncə,  yəni, 2020-ci ilin  27 sentyabr tarixində başlayan və 10 noyabr tarixində başa çatan tarixi 44 günlük İkinci Vətən müharibəsi ilə arzularımızın ən ülvisinə, ən müqəddəsinə qovuşduq, 30 illik qanlı Qarabağ savaşını Qələbə və Zəfərlə başa çatdırdıq.

Düşməni məhv etdik, “Dəmir Yumruq”la başını əzdik, qarşımızda diz çökdürdük, təslim etdik, kapitulayasiyaya məcbur qoyduq, Qələbəmizi, Zəfərimizi etiraf etdirdik. Yenə məğrur və dik duruşlu, alnıacıq, üzüağ, başıuca bir millət, bir xalq, bir dövlət olduq. O gündən bu günə də Qələbə və Zəfərlərimizin ardı-arası kəsilmədi, kəsilməyib və heç zaman da kəsilməyəcək. Dünyaya meydan oxuyan 10 dekabr “Zəfər Parad”ı, işğal olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın  yenidən dirçəldilməsinə başlanılması, tarixi təməlatmalar, açılışlar,  “Şuşa-Müttəfiqlik Bəyannaməsi”, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması və sair. Hansından başlayıb, hansında qurtaracağımızı bilmirik. Sevincimiz sevincimizə, üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb.

«Müstəqillik Günü haqqında» qanun layihəsini necə xarakterizə edərdiniz?

 - 18 oktyabrda müstəqilliyimizin bərpasının  30 illiyini, ondan cəmi 20 gün sonra 8 noyabrda  “Zəfər Günü”nü qeyd edəcəyik.  Qələbə və Zəfər parlamenti olan, ilk Qələbə, Zəfər büdcəsini qəbul edən VI çağırış Milli Məclis olaraq, biz də 30 illiyimizə böyük sevinclə, qürurla qatılırıq. Belə ki, Milli Məclisdə “Müstəqllik Günü haqqında” qanun layihəsini artıq iki oxunuşdan keçirmişik və cəmi iki gün sonra sonuncu oxunuşda qəbul edəcəyik. Həmin qanun layihəsi ilə bundan belə 28 mayı Müstəqllik Günü, 18 oktyabrı isə Müstəqlliyin Bərpası Günü kimi qeyd edəcək, tarixiləşdirəcək, əbədiləşdirəcəyik.

- Bu günlərdə  Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda ölkə Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin  çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu özündə necə ehtiva etdi?

- Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı və ya Azərbaycanın növbəti tarixi imzası… Bəli, yuxarıda da qeyd etdiyim kimi, yenə tarixi hadisələr içindəyik. Belə ki, oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başladı. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik etdi. Bu yerdə xatırlatmağa dəyər ki, Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

  «1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir» deyən ölkə Prezidenti tarixi nitqində bildirdi ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Və qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi.

Bütün dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük və onu təşkil etdik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı bu gün pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bununla yanaşı, Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etdi və bu gün də etməkdədir.

Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Belə ki,  Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Ona görə heç təsadüfi deyil  ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edildi. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və  Hərəkat üzvlərinin növbəti  dəstəyinə arxalanır.

Çıxışında bir daha İkinci Qarabağ müharibəsinə diqqət yönəldən ölkə Prezidenti xatırlatdı ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan  BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Daha sonra çıxışında ölkə Prezidenti növbəti tarixi təkliflə çıxış etdi və bildirdi ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan da öz növbəsində sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək.

Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!

Paylaş
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31