Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hər il 20 min intihar...

Hər il 20 min intihar...

13.10.2021 [10:30]

Hökumət isə çıxış yolunu real statistikanı gizlətməkdə görür

Fuji dağının ətəyində qorxunc “qara bəxtli” gözəl-Ölüm meşəsi

Dünya üzrə tibbi psixologiya sahəsində çalışan mütəxəssisləri bu gün ən çox düşündürən “İntiharın qarşısını necə almaq olar?” sualı cavabsız qalıb. İntihar millət, dövlət və siyasi ideologiya tanımır. Ən kasıb ölkələr də, ən imkanlı dövlətlər də bu bəladan əziyyət çəkir və ölkəmizdən də yan keçməyib. Çox zaman aktivistlər, müxtəlif qruplaşmalar, müxalifətçilər intiharları sosial rifah halıyla əlaqələndirməyə, siyasiləşdirməyə çalışırlar. Necə deyərlər, əllərində bayraq etməyə mövzu olsun.

Deyirlər, mərsiyə deməyi, ağlamağı peşə halına gətirmiş bir qarı getdiyi hər məclisdə ölən ağ dəvəsindən bəhs edər, vay-şüvən salarmış. Camaat bezib ona bir dəvə alıb versə də, qarının səsi kəsilmir, yenə köhnə vərdişinə davam edir. Tanıyanlar “sənə dəvə verdik, indi niyə ağlayırsan?”, - deyə irad bildirəndə cavab verir ki, alın dəvənizi geriyə, mənim ağ dəvə söhbətimə qarışmayın.

Çünki xisləti budur, ağlamaq, vaysınmaq və bunun üçün bəhanə tapmaq. Baməzə görünən bu el məsəlinin kökündə, əslində dərin psixoloji məqam yatır. İndi fikrimə aydınlıq gətirməyə çalışacağam.

İntihara meyil, əslində xəstəlikdir

Bir qayda olaraq, intiharın səbəblərini sosial-məişət amillərində axtarırlar. Əslində isə, bu, yanlış yanaşmadı, məsələnin yalnız görünən tərəfidir. Çünki sosial-məişət amillərinin müəyyən təsiri olsa da, intiharı psixoloji amillər şərtləndirir. Buna görə də, ilk növbədə, intiharı şərtləndirən “insan və mühit” amillərinə diqqət yetirilməlidir.

Müasir psixologiya tədqiqatları sübuta yetirib ki, son illərdə ünsiyyət informasiya mübadiləsi kimi mühüm sosial əhəmiyyət kəsb edir. Son dərəcə zəngin informasiyaya malik olan insan bu informasiyanı paylaşmaq ehtiyacı duyur, əks təqdirdə insan özünə qapanır. İntiharların kökündə, əslində sosial təklik, sosial təcridolunma amili də dayanır. Sosial təklik yaşayan insanlar onlarla, yüzlərlə insanın əhatəsində yaşasa da, tənhalıqdan əziyyət çəkirlər. Başa düşən birinin yoxluğundan gileylənirlər. Dünya görüşləri geniş deyilsə, bir mövzudan yapışıb əl çəkmirlər - eynən “ağ dəvə” məsələsi kimi. Bu isə əksər hallarda əsəb pozğunluğuna səbəb olur, son çıxış yolunu da intiharda tapırlar.

Çoxluq da dərd, yoxluq da

Avstriyalı psixoloq Ziqmund Freyd intiharı “cavabı verilməmiş emosiya” adlandırır, təmin olunmamış arzu, istək və meyillərin nəticəsi hesab edirdi. Freydin analizini şərh edən psixoloqlar bu nəticəyə gəliblər ki, insan özünə çox “olmaz” deyəndə, təmin olunmamış istəklər nevrozla, intiharla nəticələnir. Çox “olar” deyəndə isə xudpəsənd, pozğun fərdə çevrilir. Bir zamanlar İsveçdə kütləvi intihar edən gənclər yazdıqları intihar məktubunda dünyanın bütün nemətlərini daddıqlarını, yaşamaq üçün hansısa marağın qalmadığını qeyd etmişdilər. Yəni bu gənclər üçün “olmaz” qadağası mövcud olmamışdı.

Psixoloqlar “olar”-“olmaz” arasında orta həddi müəyyənləşdirməyi məsləhət görürlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir. Mütəxəssislərin fikrincə, həyata keçirilmə xüsusiyyətlərinə görə intihar yalnız psixi xəstəlik halı kimi qəbul edilə bilər.

İnsanın mövcud olmaq, yaşamaq və yaşamaq uğrunda mübarizə aparmaq xüsusiyyətləri köklü instinktiv xüsusiyyətlərdir. Bu xüsusiyyət yoxa çıxıbsa, insan xəstə sayılır. İntihar şəraitə uyğun yaranan psixi xəstəlik halıdır. İntihara cəhd edən şəxsin özü də intihar etmək istəyinin real səbəblərini tapa bilmir və bu zaman çıxış yolu kimi müxtəlif səbəblər söyləyə bilir. Məsələn, sosial ailə, məişət problemlərini səbəb kimi göstərə bilər. Bu hesabla kasıb dövlətlərdə yaşayan insanların yarısından çoxu dözməyib intihar etməli, varlı ölkələrdə isə intihar anlayışı olmamalıydı. Amma intihar edənlərin sayına görə İsveç kimi zəngin ölkə birinci yerdədir. İsveç Baş Sosial Müdafiə İdarəsinin dərc etdiyi statistik məlumata əsasən, ölkədə orta hesabla hər il 2000 insan intihar edir. Sui-qəsd hallarının ən böyük artımı 15-24 yaşlı gənclər arasında qeydə alınıb. 9,5 milyonluq əhalisi olan ölkə üçün kiçik göstərici deyil.

İntihar irsi-genetik əsaslara malik psixi problemdir, psixi xəstəlik halıdır. Müşahidələr təsdiq edir ki, intihar edən şəxslərin ailələrində və keçmiş nəsillərində bu problemə həmişə həssaslıq olub. İntihar edən şəxslərin təxminən 70 faizi bu problemdən əziyyət çəkən nəslin nümayəndələri olurlar.

Bu gün intiharların sayına görə ən irəli gedən ölkələrdən biri də Yaponiyadır. Təxminən 127 milyon əhalisi olan gündoğan ölkəsində hər il orta hesabla 20 min nəfər intihar edir. Bu, artıq SOS siqnalıdır və qəribəsi budur ki, hökumət çıxış yolunu statistikanı gizlətməkdə görür. Bu ölkədə, hətta “ölüm turizmi” anlayışı belə yaranıb.

“Qara bəxtli” gözəl-Ölüm meşəsi

Füsunkar gözəlliyi ilə seçilən Aokigahara ölüm meşəsi adını alıb. Bura insanlar həyatdan zövq almaq üçün yox, həyatdan getmək üçün gəlirlər.

Aokigahara meşəsi Yaponiyanın məşhur Fuji dağının ətəyində yerləşən “qara bəxtli” gözəldir. Bu meşə indi ölüm meşəsi, qorxu meşəsi adıyla tanınır. Vulkanik mənşəli bu məkan sıx meşəlikdən ibarətdir. Turistlər bura Buz və Külək mağaralarını görmək, Fuji dağını müxtəlif rakurslardan lentə almaq üçün can atırlar. Sıx meşəlikdə yolu azmamaq üçün ziyarətçilər getdikləri yollara nişanələr qoyurlar.

Bəs nə üçün Aokigahara Yer üzünün ən tükürpədici meşəsi sayılır? Yapon mifologiyasına görə, bura iblisin himayəsi altında olub, ruhların, cinlərin məkanı hesab edilirdi. XIX əsrdə yoxsul yapon ailələri yaşlı valideynlərini ölmək üçün bu meşəyə gətirirdilər. Onları səbətin içində bir ağacın dibinə qoyur, ölümə tərk edirdilər.

Bu meşə dünyada ən çox intihar hadisəsi qeydə alınan ikinci məkandır. (Birincilik isə San-Fransisko şəhərindəki Qırmızı körpüyə məxsusdur - İ.R). İl ərzində, meşədə ortalama 70-100 cəsəd tapılır. Rəsmi olaraq, 1970-ci ildən polis meşədə intihar etmiş cəsədlərin axtarışı ilə məşğuldur.

Sözügedən meşənin intihar meşəsi kimi məşhurlaşmasında isə 1960-cı ildə yazılan bir kitab rol oynayıb. Məşhur yapon yazıçısı Seicho Matsumatonun “Ağaclar Qara dəniz” (“Black sea of trees”) adlı əsərində iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə yollanır. O vaxtdan Aokigahara meşəsi yapon xalqının intihar etmək üçün getdikləri məkana çevrilir.

Meşədə o qədər intiharlar olub ki, xüsusi yol nişanları düzülüb, bir neçə yerdə yoldan çıxmamağı tövsiyə edən lövhələr asılıb. Çünki meşə həddən artıq sıxdır, bitki örtüyü ilə zəngindir.

Meşədə “Atəş yandırmayın, zibil atmayın” kimi xəbərdarlıqlar yerinə “lütfən intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün” kimi ifadələr yazılmış lövhələr çoxluq təşkil edir. Meşə gözətçiləri deyirlər ki, hər axtarışa çıxdıqları zaman ən az bir cəsədlə qarşılaşırlar.

Burada həyatlarına son verənlər özünü asaraq, ya da ağac diblərində artıq dozada dərman içərək intihar edirlər. Hətta bəziləri aldıqları qərarı son dəfə düşünmək üçün bir neçə gün çadırda qalırlar və onlardan geriyə bəzən dolu, bəzən boş olan çadırlar qalır. Ağaclardan asılmış cəsədlər, insan skeletləri, dərman qabları, kolluqlarda çürümüş insan bədəni mənzərələri, bəzi ağacların dibində orada intihar edən insanların yaxınları tərəfindən qoyulmuş güllər, yandırılmış şam qalıqları, intihar edən kimsəsiz insanlardan qalan maşınlar - bu meşədə ən çox bu mənzərəyə rast gəlmək olur.

Yaponiya bu meşədəki intiharların sayını rəsmi olaraq açıqlamır, lakin intihar edənlərin il ərzində 50-100 olduğu təxmin edilir. Bu meşə haqqında 2016-cı ildə ‘The Forest’ adlı qorxu filmi də çəkilmişdi.

Yaponların ölüm eşqi

Yaponiyada ölümə xüsusi yanaşma var. Yaponlar üçün ölüm bəzən bir şərəf, qürur məsələsinə çevrilir. Bu da onların qədimdən qalma Harakiri-Seppuki ənənəsinin şüurlarda buraxdığı izlə əlaqəlidir. Samuray seppuku edərək özünün və ailəsinin şərəfini qoruyurdu. Ona görə seppuku edən samuray ölümündən sonra tez-tez hörmətlə anılırdı. İntihar etmək əvəzinə yaşamağı seçən samuraylar ləyaqətini itirmiş sayılırdılar.

1962-ci ildə ekranlaşdırılan “Seppuku” filminin girişində tamaşaçıya belə bir xitab var: “Dünya heç vaxt yaponların niyə ölümü şərəfsizlikdən üstün tutduqlarını anlamadı! Bu samuray filmi suallara cavab verir!”.

Məlum olan ən qədim seppuku aktı XII əsrin II yarısında samuray Minamoto Tametomo və şair Minamoto Yorimasa tərəfindən icra edilib. Seppuku Qərbdə daha çox harakiri (“qarnı kəsmək”) kimi tanınır.

“Harakiri” sözü yapon dilində “qarın deşmək” mənasına gəldiyinə görə arqo olaraq qəbul edilir. Qısası, seppuku mərasimi “şərəfli ölüm yolu” hesab edilsə də, avropalılar, yəni gəlmələr anlamadıqlarına görə, “nəticədə qarın kəsirlər” mənasında onu harakiri ilə əvəz edib.

Yaponiyada, xüsusən də, samuraylar məğlubiyyətlə nəticələnən müharibədən sağ çıxardılarsa və ya əsir düşərdilərsə, seppuku icra edirdilər. Ağasının ölümündən sonra seppuku etmək isə oyibara adlanırdı.

İnsan ruhunun qarın nahiyəsində olduğuna inanıldığı üçün qarnı kəsmək ölmək üçün birbaşa yol və ən cəsur üsul hesab edilirdi. Ona görə də bu ritual samuraylara ayrılmış bir imtiyaz idi. Yalnız kişi samuraylar seppuku edə bilərdilər.

Samuray ölüm ərəfəsində həyatının son anlarını yaşasa da soyuqqanlılığını, gücünü qorumalı və zehni ilə bədənini tam şəkildə idarə edə bilməlidir.

Kamikadze hadisəsi də unikaldır. Bütün dünyaya bu termin məhz Yaponiyadan yayıldı. Vətən uğrunda canını fəda etmək, özünü qurban vermək anlayışını sonradan terrorçu qüvvələr din yolunda ölüm anlayışına çevirdilər və indi biz kamikadzeliyi bir qədər fərqli yöndən qəbul edirik.

Yaşamaq üçün yox, ölmək üçün işləyən yaponlar

Ötən il Yaponiyada intihar edənlərin sayı 21 mindən çox olub. Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi xəbər verir ki, ötən il ölkədə 21 min 81 nəfər intihar edib.

“İntihar hallarının sayı xüsusilə gənclər arasında artıb. 20 yaşına qədər 311 gəncin intihar etdiyi bildirilir ki, bu da əvvəlki illə müqayisədə 44 faiz çoxdur. Həmçinin intihar edənlər arasında 20 yaşdan 30 yaşadək gənclərin sayının 837 nəfər təşkil etdiyi də bildirilir. Bu göstərici isə 2019-cu illə müqayisədə 32 faiz çoxdur”, - deyə məlumatda bildirilir.

2020-ci ildə ibtidai, natamam və tam məktəblərin şagirdləri arasında da intihar hallarının artdığı qeyd edilir. Bu yaşda uşaqlar arasında 499 belə hal qeydə alınıb.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, intihara səbəblər arasında koronavirus pandemiyası xüsusi yer tutur. Belə ki, bu virus iqtisadi problemlər yaratmaqla yanaşı, insanların ətraf mühiti daha təhlükəli hiss etməsinə səbəb olub. Koronavirus pandemiyası bütün dünyada daha geniş yayıldığı bir vaxtda Yaponiya psixi sağlamlıq böhranı ilə qarşılaşıb və daha çox insan koronavirusdan deyil, intihar etməkdən ölür. Milli polis agentliyinin məlumatına görə, təkcə ötən ilin oktyabr ayında ölkədə 2153 intihar faktı qeydə alınıb. Bu il ərzində isə Yaponiyada 17 mindən çox insan özünü öldürüb. Koronavirusdan ölənlərin sayı isə 2 min nəfərdən azdır. Ekspertlərin fikrincə, intihar nisbətindəki vəziyyət, əhalinin uzun sürən karantinlər, təcrid, işsizlik və digər maddi problemlər səbəbindən psixi problemlərini daha da artırıb.

“Karoşi” bəlası

Başqa bir problem də gərgin iş saatları ilə əlaqədardır.

Yaponiya dünya üzrə iş saatı ən uzun olan ölkələrdən biridir. Ölkədə son illərdə çox işləməklə bağlı ölüm hallarının artdığı bildirilir. Yaponlar iş saatı ilə bağlı hökuməti dəyişikliklər etməyə çağırıb. Lakin hələlik böyük dəyişiklik yoxdur.

Yaponiyada rəsmi olaraq “Karoşı” (çox işləmək nəticəsində ölüm) diaqnozu qoyulan yüzlərlə insan var.

Bu ölkədə iş saatının uzun olması yeni hadisə deyil. Uzun iş saatının tətbiq edilməsi ilk dəfə 1960-cı ildə başlayıb. Son dövrlərdə karoşi ölümlərində artım başlayıb. İşləyən gənclərə köməklik göstərən Posse adlı təşkilat yaydığı hesabatda bunun, xüsusilə yeni işə başlayanlar arasında qeyri-adi hadisə olmadığını bildirib.

Rəsmi rəqəmlərə görə, hər il karoşi diaqnozu ilə ölənlərin sayı yüzə çatır. Bu ölümlərin səbəbləri, adətən ürək çatışmazlığı, intihar və iflic olur.

Bax belə. Xarici ölkələrdən ağızdolusu danışıb yaşam tərzlərini tərifləyəndə, bizim dözməyəcəyimiz qədər ağır olan məqamlardan da danışmaq lazımdır. Yüksək texnologiyaları ilə bizi yüz il qabaqlamış Yaponiyanın nümunəsini görüncə “mən bu tempdə işləyib, yaşaya bilərdimmi?” sualına cavabımız necə olardı? Məncə gəzməyə də, ölməyə də elə öz Vətənimiz yaxşıdır.

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31