Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası

Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası

17.06.2021 [09:14]

Əziz Ələkbərli: Azərbaycançılıq bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır
Hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx bağlıdır. Yəni milli ideologiya hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir və cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir.
Bu baxımdan, azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli ideologiyasıdır. Azərbaycançılığın əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycan Respublikasının müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Bu ideologiya XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. Amma azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətidir. Belə ki, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Məhz bunun nəticəsidir ki, həmin dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətində və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi. Müstəqilliyin ilk illərində respublikamızda dərin böhranın yaranması Azərbaycanı müstəqil dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycan xalqı nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkəmizi tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı. Ona görə də bu tarixi qayıdış Azərbaycan xalqının və dövlətinin qurtuluşu kimi səciyyələndirilir. Amma Azərbaycanın başı üzərini almış həmin təhlükələri aradan qaldırmaq elə də asan deyildi. Böyük dövlət xadimi Heydər Əliyev bütün ölkə vətəndaşlarını azərbaycançılıq ideologiyası ətrafında birləşdirirək çətinlikləri dəf etməyə, müstəqil və hüquqi-demokratik dövlət quruculuğuna nail oldu.
Ozamankı prosesləri təhlil edən Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət böhranı kulminasiya nöqtəsinə çatmışdı: “AXC-”Müsavat” hakimiyyəti öz səriştəsizliyi ilə Azərbaycanı uçurumun kənarına qədər gətirib çıxardı. Azərbaycanın düşdüyü bu vəziyyətdən istifadə edən Ermənistan silahlı quldur dəstələri isə ölkəmizə qarşı işğalçı siyasət yeridirdi. Belə bir vaxtda aciz durumunu dərk edən AXC-”Müsavat” hakimiyyəti xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, bununla da Azərbaycanın xilasının təməli qoyuldu və 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.
Millət vəkili hesab edir ki, Qurtuluş məfkurəsi, ilk növbədə, ölkədə milli birliyə və həmrəyliyə söykənirdi. Bunun siyasi-ideoloji əsasını isə yalnız azərbaycançılıq ideyası təşkil edə bilərdi və Ulu Öndər böyük uzaqgörənliklə bu ideyanı Azərbaycanın milli dövlətçilik ideologiyasına çevirmək xəttini götürdü. Milli dövlətçilik ideologiyası kimi azərbaycançılıq Azərbaycanın istiqlal məfkurəsinin üç təməl prinsipi - türkçülük, islamçılıq, vətənçilik prinsipləri əsasında XX yüzilin əvvəllərində irəli sürülsə də, azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və Onun tarixi xidmətidir.
O xatırladıb ki, 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında Ulu Öndər azərbaycançılığın aydın konturlarını cızdı: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq - “Azərbaycançı olmaq” deməkdir, yəni dinindən, dilindən, milliyyətindən, sosial vəziyyətindən, cinsindən, yaşından asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır: “Əraziləri işğal altında, özü müharibə vəziyyətində olan, daxildən etnik separatçılıqla təhdid edilən bir ölkədə bu, milli birlik yarada biləcək yeganə ideologiya idi və Ulu Öndər Heydər Əliyev də böyük siyasi uzaqgörənliklə bu ideologiyanı seçdi. Bu yola haradan və nədən başlamaq lazım idi? Təbii ki, hər şeydən əvvəl, milli özünüdərkdən, milli dəyərləri qoruyub saxlamaqdan və inkişaf etdirməkdən. 1998-ci il dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində “Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür”, - deyə bəyan etdi. Daha sonra Azərbaycanda bütün sosial təbəqələr və etnik qruplar arasında vahid və bölünməz vətən, milli birlik və həmrəylik ideyası təbliğ olundu, xalq bu ideya ətrafında birləşdi. Tarixdən də bildiyimiz kimi, Azərbaycan həmişə müxtəlif etnosların və müxtəlif dinlərin çiyin-çiyinə yaşadığı bir ölkə olmuşdur. Milli və dini fərqliliyə baxmayaraq, bu coğrafiyada yaşayan insanları eyni tale birləşdirmiş, yadelli işğalçılara qarşı onlar həmişə birgə mübarizə aparmışlar. III-IV əsrlərdə Sasanilərə qarşı mübarizədə də bu, belə olmuş, VII-IX əsrlərdə ərəb işğalçılarına qarşı mübarizədə də, XIII-XIV əsrlərdə monqol yürüşlərinə qarşı müqavimət hərəkatında da, XIX əsrlərdə rus işğalçılarına qarşı vuruşanda da, nəhayət, birinci və ikinci Qarabağ müharibəsində də”.
Əziz Ələkbərli onu da əlavə edib ki, azərbaycançılıq ideologiyası təkcə Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycanı özünün tarixi vətəni hesab edən müxtəlif xalqların milli birlik ideologiyası olaraq qalmır: “Azərbaycançılıq həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır. Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 28 dekabr 1999-cu il tarixli müraciətində deyildiyi kimi: “Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ona görə də Ulu Öndər Heydər Əliyev 28 dekabr 1996-cı il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlılarına üz tutaraq bildirmişdi ki, “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır”. Bununla da azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən və onları Azərbaycan naminə vahid məqsəd uğrunda səfərbər edən milli ideologiya kimi irəli sürülmüşdü”.
Milli Məclisin deputatı onu da bildirib ki, biz 44 günlük Vətən müharibəsində bir çox amillərlə yanaşı, həm də və bəlkə, ilk növbədə, məhz Azərbaycandakı bütün xalqların, dünyadakı bütün azərbaycanlıların milli birlik və həmrəyliyini təmin etmək sayəsində qalib gəldik: “Bu, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının təntənəsi idi! Ona görə də Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin daim öyrənilməsi və təbliğ edilməsi əsas vəzifələrimizdən biridir”.
Millət vəkili mövzu ilə bağlı digər bir vacib məqama da toxunub. Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlayıb: “Çünki güclü diasporumuz müstəqil Azərbaycanın mənəvi-siyasi dayaqlarından biridir. Azərbaycançılıq ideologiyasının diasporumuzun bir araya gəlməsində də müstəsna rolu var”.
O da vurğulanıb ki, yeni dönəmdə bu ideologiyanın xaricdəki azərbaycanlılar, xüsusilə də gənclər arasında davamlı olaraq təbliğ edilməsi vacibdir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31