Ana səhifə »  Xəbər lenti »  Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
A+   Yenilə  A-
Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb

Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir. Dürdanə Quliyeva kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Bu gün Ordubad rayonunda 51 mindən artıq əhali yaşayır. Əhalinin 18 minə yaxını 1-17 yaş qrupunda olan uşaqlardır. Rayon əhalisinə 1 Mərkəzi Xəstəxana, 1 Gigiyena-Epidemiologiya Mərkəzi, 12 ambulatoriya və 19 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Ali Məclis Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış Ordubad Rayon Uşaq Xəstəxanası da bu gün rayon səhiyyə müəssisələrinin sırasına daxil olur. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada ardıcıl tədbirlər görülür. Dövlət Proqramı çərçivəsində, ilk növbədə, Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanası yenidən qurularaq lazımi tibbi avadanlıqlarla təmin edilmişdir. Daha sonra Şərur Rayon Uşaq Xəstəxanası müasir şəkildə qurularaq istifadəyə verilmişdir.

Ali Məclisin Sədri deyib: Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib və kollektivə işlərində uğurlar arzulayıb.

Xəstəxana ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 10 çarpayılıq səhiyyə ocağında stasionar şöbə və poliklinika bölməsi fəaliyyət göstərir, 59 nəfərdən ibarət tibbi heyət çalışır. Zirzəmidə peyvənd-dispanserizasiya, mühasib-statist, yeməkxana, camaşırxana, qazanxana, anbar və digər köməkçi otaqlar yerləşir.

Birinci mərtəbədə qeydiyyat-qəbul, təcili tibbi yardım və manipulyasiya, laboratoriya, fizioterapiya, ultrasəslə müayinə, icbari tibbi sığorta, qəbul üzrə həkim, psixoloq-loqoped, stomatoloq, infeksionist-ftiziatr, izolyator və baş tibb bacısı otaqları vardır. İkinci mərtəbədə isə baş həkim, oftalmoloq, LOR, ordinator, 4 palata, reanimasiya və intensiv terapiya zalı, eləcə də iş otaqları yerləşir. Xəstəxanada mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunmuş nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter və 3 printer quraşdırılıb, 2 stomatoloji qurğu, USM, EKQ, EEQ, pediatrik süni tənəffüs aparatı, hematoloji analizator olmaqla, ümumilikdə, 54 tibbi avadanlıq alınıb, “FİAT” markalı təcili tibbi yardım avtomobili verilib.

Ali Məclisin Sədri təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar verib.

Xəstəxana mərkəzi istilik sistemi ilə təmin olunub.

Ordubad şəhər 1 nömrəli tam orta
məktəbdə müasir tədris şəraiti yaradılıb

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar vardır. Məktəbdə 43 kompüter və 5 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin olunub. Kitabxana fondunda 4208-i dərslik və 5575-i bədii ədəbiyyat olmaqla, 9783 kitab vardır.

STEAM kabinəsi 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz olunub. STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri Ali Məclisin Sədrinə təqdim ediblər.

Məktəbin müəllimi Natəvan Fərzəliyeva minnətdarlıq edərək deyib ki, məktəbimizdə STEAM təhsil metodunun tətbiqi üçün kabinə yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Şagirdlər bu avadanlıqlarla tanış olaraq 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə yiyələnirlər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 32 şagird qəbul olunub. Ötən tədris ilində məktəbi bitirən 20 məzundan 18-i ali, doqquzillik bazadan 4 şagird orta ixtisas məktəblərinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olanların 2-si 500-700 intervalında bal toplayıb. Müəllimlərdən 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2-si isə “Tərəqqi” medalına layiq görülüb.

Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq verib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artırır.

Elektron lövhəli sinifdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbi arasında keçirilən interaktiv dərs izlənilib.

Gənc müəllim Günay Məmmədova deyib: “Muxtar respublikada gənclərə yüksək diqqət və qayğı göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, müəllimlərin işə qəbulu imtahanında iştirak etmiş və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi fəaliyyətə başlamışam. Şagirdlərə müasir tədrisin metodlarını öyrətməklə gənclərə göstərilən etimadı doğrultmağa çalışacağam”.

Ali Məclis Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılıb. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınıb.

Ali Məclisin Sədri digər məktəblərdə də idman klublarının yaradılması barədə tapşırıqlar verib, məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib: Bu ilin ötən dövründə Şərur rayon Şəhriyar və Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilib. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək Rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılıb. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin müəllimi Turanə Səfərli deyib: “Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmayıb və inkişaf etməyib. Muxtar respublikamızın bütün rayon və şəhərləri, o cümlədən Ordubad rayonu da simasını dəyişib və müasirləşib. Təhsil quruculuğuna xüsusi diqqət göstərilir. Bunun əyani ifadələrindən biri də Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müasir məktəblər sırasına qoşulmasıdır. Bu məktəb binası bütün müəllim, şagird və valideynlərə sevinc bəxş etdi. Yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almalarına geniş imkan açmaqla yanaşı, biz müəllimləri də daha yaxşı işləməyə ruhlandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi təbrik edərək deyib: Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucularıdır. Qəbul olunan Dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb.

“Məktəb əvvəllər şəraitsiz vəziyyətdə idi. Bu da tədrisin müasir tələblər səviyyəsində təşkilinə maneçilik yaradırdı. Lakin buna baxmayaraq, müəllimlərin tələbkarlığı, nizam-intizam və şagirdlərin çalışqanlığı son 5 ildə məktəbin qəbul göstəricilərində 81 faiz nailiyyətin əldə olunmasına imkan vermişdir”,- deyən Ali Məclisin Sədri kollektivə fədakar əməyinə görə təşəkkür edib, gələcək tədrisdə uğurlar arzulayıb.

Ali Məclisin Sədri yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, kitab müzakirələrinin keçirilməsi, yaradılanlardan səmərəli istifadə olunması, ərazidə yaşıllıqların və meyvə ağaclarının artırılması ilə bağlı tapşırıqlar verib.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb.

Ordubad şəhərində yeni futbol stadionu qurulur

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxıb, görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulub.

Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq verib.

Yeni innovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.

Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.

Məlumat verilib ki, Ordubad rayonunda Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Şahmat və Uşaq-Gənclər İdman məktəbləri olmaqla, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Ordubad Texniki Peşə və Sürücülük məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, gimnastika, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, ingilis dili, bədii tikmə, toxuculuq və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzində isə robotexnika, kompüter mühəndisliyi və STEAM, mental-aritmetik, memarlıq-dizayn, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə, heykəltəraşlıq, dulusçuluq, qum sənəti dərnəkləri yaradılıb. İnnovativ dərnəklər üçün 213 yerlik 16 sinif otağı və 1 xidməti otaq ayrılıb, 6 elektron lövhə və 20 kompüter quraşdırılıb, 3D printer, STEAM qurğuları, 20 dəst geyim, idman alətləri, 15 molbert, 5 hana, çertyoj lövhəsi, elektrikli dəzgahlar, 10 elektrikli yandırma aləti, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, 5 elektrikli qum stolu, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Mental-aritmetik dərnəyində şagirdlər Azərbaycan və rus dillərində saymaqla və şeir qiraət etməklə hesablama aparıblar.

Robotexnika, kompüter mühəndisliyi və STEAM dərnəklərində şagirdlər hazırladıqları yük daşıyan robot, ağıllı ev, rütubətölçən cihaz, külək elektrik stansiyasının modeli və digər layihələri təqdim edib və onlar haqqında məlumat veriblər.

Dərnək rəhbərlərindən Aliyə Haşimova və Pərvin Hacıyev kollektiv adından minnətdarlıq ediblər. Qeyd olunub ki, Ali Məclis Sədrinin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzdə innovativ dərnəklər yaradılıb. Bu dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin edir.

Ali Məclisin Sədri deyib: Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texnologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir. Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  09-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA