Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

26.02.2021 [19:26]

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Fevralın 26-da Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 29-cu ili tamam olur. Ermənistanın uzun illər ərzində Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərdən ən dəhşətlisi Xocalı şəhərində baş verdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlandırılmış erməni separatçıları SSRİ silahlı qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı hücuma keçərək soyqırımı törətdilər. Yeddi min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhər əhalisi azərbaycanlı, türk və müsəlman olduqlarına görə, kütləvi surətdə qətlə yetirildi. Dinc əhaliyə – qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız zülm üsullarından istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca olmaqla xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailənin bütün üzvləri öldürülüb, 27 ailənin yalnız bir üzvü sağ qalıb, 239 ailə başçısı məhv edilib. Eyni zamanda, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, o cümlədən onlardan 150 nəfərin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olub.

Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, körpələrin və yaşlıların gözləri çıxarılıb, diri-diri torpağa basdırılıb. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri erməni qəbirləri üzərində “qurban” kəsilib, alçaldılıb və təhqir ediliblər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilib.

Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki bu cinayət bütün Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Bütün dövrlər üçün bəşəriyyətin ən böyük faciələrindən biridir. XX əsrin ən dəhşətli cinayətləri - Xatın, Sonqmi, Lidiçe soyqırımları ilə eyni səviyyədə durur. Bu qətliamın səbəbkarları isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşənlərdir.

Azərbaycana qarşı həyata keçirilən bu siyasət sülh və insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. Keçən dövr ərzində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.

Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü zamanı, işğalın sonrakı 29 il mövcud olmuş atəşkəs dövründə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlanan vətən müharibəsində Ermənistan ordusu mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər törədib və törətməkdə davam edib. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və digər şəhər, rayon, yaşayış məntəqələrinin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilib, 400-dən çox insan yaralanıb, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılıb. İstər 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombalanması Ermənistanın azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətinin açıq-aşkar təzahürüdür.

Sıralarında yüz minlərlə üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1992-ci ilin fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edir:

- Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlinin təşkilatçıları və icraçıları olan, bunu açıq şəkildə etiraf edən Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.

- Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa səsləyirik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”.

Paylaş:
Baxılıb: 237 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31