Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, status-kvo dəyişdirilməli, işğala son qoyulmalıdır
16.07.2016 [09:29]
Prezident İlham Əliyev: Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər
Sirr deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri Cənubi Qafqaz regionunu əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Başqa sözlə, bu bölgə müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Belə bir strateji yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji zərurətdir
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - dövlətimizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan edir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
Aprel hadisələri Ermənistana ciddi mesajlar verdi
Bəlli olduğu kimi, cari ilin aprel ayında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, düşmənə layiqli cavab verildi. Son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bir sözlə, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Bununla da Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi...
Bütövlükdə, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin 1-5-i tarixlərində 2000 hektar (ha) ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi. Beləliklə, həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Azərbaycan dövləti və xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.
Prezident İlham Əliyev bu məsələlərə toxunaraq deyib ki, 2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır: “Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Bizim mövqelərimizə silahlı hücum təşkil edilmişdir. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik”.
Dövlətimizin başçısı əlavə edib ki, aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir: “Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var”.
Ermənistanın qeyri-konstruktiv mövqeyi ciddi qınaq obyektinə çevrilib
Ümumiyyətlə, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Bütövlükdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır”.
Yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni situasiyanın yaranması pozitiv amil kimi qiymətləndirilir. Eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.
Onu da qeyd etmək lazımdır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.
Ümumiyyətlə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, qeyd etdiyimiz kimi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb
Əsas məqam budur ki, işğalçı Ermənistan çağırışlara qeyri-konstruktiv reaksiya verməməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymalıdır. Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.
Sankt-Peterburq görüşü danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa əsas verir
Beləliklə, münaqişənin həlli istiqamətində yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir. Bu məqamda qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq şəhərində görüşlərinin nəticələri müsbət qiymətləndirilib ki, bu da danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa əsas verir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da qeyd edib ki, bu il, xüsusilə son üç-dörd ay ərzində danışıqlar prosesində, bəlkə də, tarixdə görünməyən fəallıq müşahidə olunur: “Aprel hadisələrindən sonra may ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada görüş keçirilmişdir. Düzdür, Ermənistan tərəfi görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüşdür. Bu şərtləri irəli sürərək özlərini bir daha gülünc vəziyyətə qoymuşdular. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir şərtlə razılaşmayacaq. Danışıqlar prosesi bizə də, onlara da lazımdır. Aprel hadisələri bunu bir daha göstərib. Əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət dəyişə bilər”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, may ayında keçirilmiş görüşə Azərbaycan heç bir şərt qəbul etmədən qatılıb və öz mövqeyini ifadə edib: “May görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki bəyanat nə imzalanıb, nə də qəbul edilib. Həmsədr ölkələr bəyanat qəbul ediblər, amma o bəyanat onların daxili işidir. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilmişdir. O görüş də çox müsbət keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz buna görə görüşün nəticəsində birgə bəyanat qəbul edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. Hesab edirəm ki, Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

