Heydər Əliyev və multikultural dəyərlər
07.05.2016 [09:27]
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunda və dövlət idarəçiliyinin bütün dövrlərində xalqımızın multikultural dəyərlərinə çox böyük önəm verməklə yanaşı, onun daha da inkişaf etdirilməsinə nail olmuşdur.
Ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirəm, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Həqiqətən də, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, nəinki bugünkü, hətta gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası zəngindir. Taleyüklü hadisələrlə zəngin olan Azərbaycanın milli intibahı kimi səciyyələnən yeni tariximizə müasir dövlət quruculuğu illəri kimi daxil olan bu epoxa böyük Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanın müasir tarixinin şanlı salnaməsini təşkil edən bu dövr ümumbəşəri ideyalara söykənmişdir.
Azərbaycanın müasir dövlət quruculuğunda, bütün sahələrdə mədəni plüralizmi qəbul edərək onun bütün hüquqi aktlarda və Azərbaycanın Konstitusiyasında təsbit edilməsi dövlətimizin qısa müddətdə daha möhkəm təməllər üzərində qurulmasına, daimi və əbədi olmasına gətirib çıxardı.
Azərbaycanda yaşayan bütün insanların, millətlərin irqindən, dinindən asılı olmayaraq, bütün hüquqları eynidir. Dövlət o vaxt güclü və yenilməz olur ki, qarşısına çıxan maneələri, o cümlədən milli və dini ayrı-seçkiliyi dəf edə bilir, vətəndaş və onun rəhbəri arasında möhkəm birlik yaranır.
Ümummilli lider Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqına və Azərbaycana sədaqətlə xidmətə həsr edib. Böyük qürur və fəxrlə “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bu günü və sabahı ilə yaşamışam. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, - söyləyən Ulu öndərimiz xalqımızın müdrik və əvəzsiz lideri idi.
Xalqımızın dahi oğlunun bir çağırışı ilə millətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda Onun yanında olurdular. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyev şəxsiyyətindən qaynaqlanır.
Müasir Azərbaycan tarixini Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 30 ildən artıq bir dövrdə qazandığı bütün nailiyyətlərin əsasında məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.
Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi tərəqqisinə, respublikamızın ərazisində yaşayan bütün millətlərin və etnik azlıqların birliyinə nail olub. Ulu öndərimizin respublika rəhbərliyinə gəlişi ilə başlanmış bu vüsətli tərəqqi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatımızda köklü dəyişikliklərlə müşayiət olunmuş, xalqımızın multikultural dəyərlərinin daha da zənginləşməsinə, milli mənlik şüurunun yüksəlişinə təkan vermişdi. Ümummilli liderimizin milli intibahı təmin edən sürətli inkişaf strategiyası Azərbaycanı hələ 1969-1982-ci illərdə əsl təşəbbüskarlıq, quruculuq, yaradıcılıq meydanına çevirmiş, onu keçmiş ittifaq dövlətinin ən qabaqcıl, iqtisadi cəhətdən müstəqil yaşamaq imkanına malik iki respublikasından biri kimi tanıtdırmışdır.
Əgər biz yaxın tariximizə bir daha nəzər salsaq, onun hər hansı dövrünü vərəqləsək, görərik ki, Ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanan dahi lider olub. Onun xalqımızın qatı düşməni olan ermənipərəst M.Qorbaçovun səyi ilə siyasi hakimiyyətdən uzaqlaşdırıldığı dövr, 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri, xüsusən də müstəqilliyimizin ilk illərində başımıza gələn faciələr insanların yaxşı yadındadır. Bir tərəfdən, Ermənistanla müharibədəki ağır itkilər, digər tərəfdən isə, xaos, hərc-mərclik, hakimiyyət və kreslo uğrunda çəkişmələr Azərbaycanı məhvə, uçuruma sürükləyirdi. O çətin, ağır dövrlərdə də xalqımız həmişə öz böyük və fədakar oğlu Heydər Əliyevi təkidlə hakimiyyətə çağırıb.
Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.
Ulu öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün əlverişli imkanlar açan səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.
Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra digər sahələrdə olduğu kimi, dövlət və din sahəsində mövcud olan qeyri-müəyyən vəziyyətin də aradan qaldırılması istiqamətində çox köklü işlər aparılıb. Xatırlatmaq yerinə düşər ki, Ulu öndər hakimiyyətə gələnə qədər ayrı-ayrı dini icmalar bəzi qüvvələrin əlində alətə çevrilərək hakimiyyətə iddialı olmaqla yanaşı, ölkədə hərc-mərclik, radikallıq göstərən öz əsassız ambisiyalarını ortaya qoymağa çalışırdılar. Bəzi dini icmalar hətta xarici dini mərkəzlərin məkrli niyyətlərini ölkədə həyata keçirməyə çalışırdılar.
Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl dövlət-din münasibətlərini sahmana salmaq üçün qanunvericilik bazasını təkmilləşdirdi. İlk növbədə, “Dini etiqad azadlığı” haqqında qanunun yenidən işlənməsinə və təkmilləşdirilməsinə nail oldu. Sonradan isə dini qurumların işini tənzimləmək üçün xüsusi komitə yaradıldı və onun Qafqaz Müsəlmanları İdarəsi ilə birgə səmərəli işi təşkil olundu. Eyni vaxtda, Heydər Əliyev mütəmadi olaraq məscidlərdə, ziyarətgahlarda, kilsədə mərasimlərə qatılaraq çıxışlar edir, Öz tövsiyə və tapşırıqlarını verirdi. Ulu öndər Heydər Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə bir çox məscidlərin, ziyarətgahların, tarixi-mədəniyyət abidələrinin bərpası həyata keçirildi, o cümlədən, Bakıda Bibiheybət məscidi, Təzəpir məscidi, Mirmövsüm ağa ziyarətgahı yenidən bərpa olunaraq insanların istifadəsinə verildi. Digər tərəfdən, qeyri-müsəlman dini icmaların öz ibadətlərini həyata keçirməsinə hər cür şərait yaradıldı.
Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksey tərəfindən müqəddəs elan edilmiş və baş kafedral kilsə statusu verilmiş Jen-Miron-Sets kilsəsinin təmirindən sonrakı açılışında Ulu öndər Heydər Əliyevin iştirak etməsi, digər provaslav məbədi Müqəddəs Mervanın Milad Baş kilsəsinin bərpa olunması, katolik kilsəsinin və iki yəhudi sinaqoqunun bərpası Ümummilli liderin multikulturalizmə və tolerantlığa göstərdiyi diqqətin əyani sübutudur.
O deyirdi: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edirik. Eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq. Heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlüyük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır”.
Bir çox inkişaf etmiş ölkələr və təşkilatlar Azərbaycanda mövcud olan multikultural tolerantlıq mühitini çox yüksək qiymətləndirir. Roma papası II İohan Pavel demişdir: “Azərbaycan 3 müxtəlif dinin dinc, yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.
Qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında söz sahibi olan Azərbaycan dövləti Ümummilli liderimizin şah əsəri və yadigarıdır. Mən 10 ilə yaxın bir müddətdə bu dahi şəxsiyyətin rəhbərliyi altında çalışdığıma görə qürur duyuram. Ulu öndər Heydər Əliyevin idarəçilik məharəti, şəxsi keyfiyyətləri və iş üslubu hamımız üçün böyük həyat məktəbi olub. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Ulu öndər Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, Onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi 10 illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçimini etdi və inkişaf yolunu - insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, Onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyamızda dinin dövlətdən ayrı olması, eyni zamanda, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılmasının qadağan olunması təsbit edilmişdir. Eyni zamanda, dövlət irqindən, milliyyətindən, dilindən, cinsindən, mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara və həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin etməklə yanaşı, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağan edilib. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda, ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin iştirakı ilə ilk demokratik parlament formalaşdırılmış, ədalətli, şəffaf seçki ənənəsi qoyulmuşdur. Həyata keçirilən siyasi və demokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasi və iqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaratmışdır.
Ulu öndərimizin siyasi kursunda Ermənistanın ölkəmizə və xalqımıza təcavüzünün qarşısının alınması və ərazi bütövlüyümüzün bərpası, Ermənistan dövlətinin terror və soyqırımı siyasəti yürütdüyünün bütün dünyaya çatdırılması son dərəcə mühüm yer tuturdu. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda Milli Ordu quruculuğunu sürətləndirməyə, ölkəmizin iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Ümummilli liderimiz iqtisadiyyatımızı inkişaf yoluna çıxarmaq və hərbi müdafiə, maddi texniki bazanı möhkəmləndirməklə xalqımızın inamını və döyüş ruhunu özünə qaytardı.
Təsadüfi deyil ki, bu dahi şəxsiyyətin, siyasət korifeyinin göstərdiyi misilsiz xidmətlər təkcə ölkəmizdə və regionumuzda deyil, dünya səviyyəsində çox yüksək dəyərləndirilir. Etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb situasiyalarda yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət olub, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
Ümummilli liderimiz Heydər Əliyevin 10 illik prezidentliyi dövrü müasir-dünyəvi dövlət quruculuğu, demokratik təsisatların yaradılması, insan azadlıqlarının və hüquqlarının qorunması, iqtisadi inkişafın təmin edilməsi, abadlıq və quruculuq işlərinin geniş vüsət alması, daxili və xarici siyasətdə qazanılan sanballı nəticələrlə də yadda qalıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun, müasir şəkildə inkişaf etdirilir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bununla bağlı müvafiq Sərəncam verdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bütün beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə çatdırılmışdır ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı ölkə olub və bu missiyanı bundan sonra da davam etdirməkdə israrlıdır. Azərbaycanda tarix boyu heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu müsbət ənənələrin davamlı olması üçün Azərbaycan hökuməti tərəfindən bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev 2014-cü ilin oktyabrında IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında demişdir: “Multikulturalizm Azərbaycanın həyat tərzidir. Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyət mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
Ölkə başçısının təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasının mədəniyyət nazirlərinin qatılması nəticə etibarı ilə Azərbaycanda dünya liderlərinin zirvə görüşünün və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə yekunlaşdı. Bütün bu tədbirlər Azərbaycanda multikulturalizm dəyərlərinin təbliğinə çox böyük töhfə verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması multikultural dəyərlərə verilən çox böyük önəmdir.
Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda demişdir: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addımdır. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir. Əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşər”.
Bu ilin aprel ayının 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda dünyanın 140 ölkəsindən 2500-dən çox nümayəndə iştirak etmişdir. BMT-nin belə bir mötəbər tədbirinə Bakının ev sahibliyi etməsi, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq aləmdə günü-gündən artan nüfuzuna, Prezident İlham Əliyevin bəşəri dəyərlərə verdiyi böyük töhfələrə göstərilən etimadın, eyni zamanda, ölkəmizin tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan, mədəniyyətlər dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması sahəsində zəngin təcrübəyə malik olmasının nəticəsidir.
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış; çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, beynəlxalq təşkilatların nümayəndələri və digər çoxsaylı yüksək səviyyəli qonaqlar qatıldı. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə keçirilməsi dövlətimizin beynəlxalq nüfuzunu daha da möhkəmlətdi, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda təbliğinə böyük töhfə verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda geniş çıxış edərək dünyada sivilizasiyalar arasında gedən prosesləri hərtərəfli təhlil etməklə yanaşı, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşayıb fəaliyyət göstərməsi üçün ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri də tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Prezident İlham Əliyev Forumda demişdir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlər və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilib.
Bununla yanaşı, ən qədim kilsələrdən biri, qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, provaslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir”.
Heç şübhəsiz ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu tolerantlıq və multikulturalizm dəyərlərinin daha da inkişaf etdirilməsinə, müasir dünyada baş verən neqativ siyasi proseslərin müsbət məcraya yönəlməsinə, milli və dini ayrı-seçkiliyin qarşısının alınmasına öz müsbət təsirini göstərəcək.
Beləliklə, sadalananlar bir daha təsdiqləyir ki, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir və bu mövzuda keçirilən tədbirlər isə dünyanın multikultural təhlükəsizliyinin daha da güclənməsinə xidmət edir.
Yusif HÜMBƏTOV
“Azərsutikinti” Səhmdar
Cəmiyyətinin sədri,
YAP İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

