Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çernobbioda Azərbaycan etirafı...

Çernobbioda Azərbaycan etirafı...

10.09.2024 [09:00]

Rəsmi Bakının yürütdüyü enerji siyasəti qarşılıqlı əməkdaşlığa, rifaha və həmrəyliyə xidmət edir

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı region və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunub. İlk öncə, dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna diqqət çərərək rəsmi Bakının yürütdüyü enerji siyasətinin qarşılıqlı əməkdaşlığa, rifaha və həmrəyliyə xidmət etdiyini vurğuladı. Azərbaycanın qlobal enerji bazarının ən etibarlı və layiqli üzvü kimi bu həmrəylik qərarları enerji sahəsində tərəfdaş olan ölkələrin sayının daha da artmasına səbəb olmaqdadır. 3500 km-lik Cənub Qaz Dəhlizi boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Cənab Prezidentin bəyan etdiyi kimi bu strateji boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Ancaq bu həmrəylik halqası daha da böyüyür və hazırda ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparılır ki, yaxın günlərdə onlar da Cənub Qaz Dəhlizi ailəsinin üzvünə çevriləcək. Avropa İttifaqı (Aİ) ölkələrinin öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla davam edən yeni danışıqları qaz təchizatının növbəti mərhələdə daha da artmasına və 2027-ci ilin sonuna qədər digər Avropa ölkələrinin də yanacağı əldə etməsini mümkünləşdirəcək.

Avropa üçün təminatçı və əlaqələndirici ölkə...

Azərbaycan təminatçı ölkə kimi strateji mövqeyini artırmaqla yanaşı, həm də böyük bir coğrafiyada əlaqələndirici, yanacağın şaxələndirilməsində açar ölkələrdən biri kimi də mühüm yer tutur. Bu, Rusiya və Ukrayna arasında davam edən müharibə nəticəsində regionda ritmi və ahəngdarlığı pozulan yanacaq-enerji təchizat zəncirlərinin pozulması fonunda özünü daha qabarıq göstərməkdədir. Söhbət regionun ən nəhəng qazötürücü sistemi olan Rusiya-Ukrayna-Avropa qaz nəqli şəbəkəsinin növbəti ildə fəaliyyətinin dayandırılması ehtimallarından gedir, bu kəmərin işini dayandırması böyük bir coğrafiyanın enerji zəncirinin tamamilə sıradan çıxması demək olardı. Belə ki, 2024-cü il dekabrın sonunda hüquqi qüvvəsi başa çatan Rusiya ilə Ukrayna arasındakı qaz tranzitinə dair dövlətlərarası sazişin müddətinin uzadılıb-uzadılmaması sual altındadır. Ukrayna üzərindən Avropaya ildə 40 milyard kub.metr təbii qaz tranzitini təmin edən kəmərlə hazırda Avropanın 10-a yaxın ölkəsinə qaz çatdırılır. Rəsmi Kiyev 2025-ci ilin yanvarınadək “Qazprom” ilə “Naftoqaz” arasında imzalanmış 5 illik sazişin müddətinin uzadılmayacağını və bununla da Avropaya nəql edilən rus qazının dayandırılacağını bəyan edib.

Sözsüz ki, bu, daha çox Aİ-ni narahat edir, çünki qış fəsli üçün Avropanın anbarlarında mövcud olan qaz ehtiyatı kifayət etmədiyindən Rusiya qazına ehtiyac yenə labüd olacaq. Avropadakı sıxılmış qaz ehtiyatı da nəzərəçarpacaq həcmdə deyil. Ona görə də Avropa ölkələrinin əksəriyyəti qaz kəmərinin fəaliyyətinin məhdudlaşdırılmasını məqsəduyğun hesab etmir, xüsusilə də Macarıstan, Slovakiya, Avstriya, Bolqarıstan öz ölkələrinin enerji təhlükəsizliyinin çətin vəziyyətə düşəcəyindən narahatdır. Digər Mərkəzi Avropa ölkələri də qaz bazarındakı mürəkkəb şəraiti nəzərə alaraq tranzit kəmərinin tam qapadılmasına qarşıdır.

Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli...

Baş verənlər Azərbaycanın strateji coğrafi əhəmiyyətini daha da artırır və Ukrayna ərazisindən Azərbaycan qazının tranzitinin davam etdirilməsi ilə bağlı təşəbbüslər dayanmadan artmaqdadır.

İlham Əliyevin Çernobbio Forumunda xatırlatdığı kimi bununla bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət edilib. Hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır. “Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.

Göründüyü kimi Aİ də tam ciddi şəkidlə anlayır ki, bölgədə 50 ildən artıq rentabelli və nəhəng bir qaz təchizatı sisteminin pozulması Ukrayna daxil, Avropanın böyük bir hissəsinin enerji dayanıqlılığını sıradan çıxarmaqla, iqtisadi risklər yarada bilər. Ona görə də, müxtəlif sxemlər üzrə qazın diversifikasiya olunmasında və təbii qazın Ukrayna üzərindən Avropaya nəqlində Azərbaycana olan ehtiyaclar artır. Avropa rəsmiləri Azərbaycanın qazının mübadilə olunaraq Ukraynadan keçməklə Aİ-yə nəqlini mümkün sayırlar.

Ancaq bu təminatların həlli, daha doğrusu, ikinci enerji marşrutunun açılması üçün yeni infrastrukturlar lazımdır. Həmçinin qazpaylayıcı və ötürücü sistemlərin, konnektorların birləşdirilməsi, əlavə qazötürücü blokların yaradılması və bütün bu infrastrukturların qurulması üçün böyük həcmdə investisyalar tələb olunur və bütün bu işlər böyük vaxt tələb edir. Ona görə də ən asan və rahat yol Cənab İlham Əliyevin də bəyan etdiyi kimi regionda rifah və təhlükəsizliyin təmin edilməsi, regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımların atılmasıdır.

Çernobbio Azərbaycana yeni investisiya imkanları da açdı...

Çernobbio görüşləri Azərbaycan üçün əlverişli iqtisadi platforma olmaqla həm də investisiya imkanlarının da geniş müzakirəsi və konkret qərarların qəbul edilməsi üçün də fürsət kimi dəyərləndirilə bilər. Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan- Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşü bu baxımdan çox səmərəli və məhsuldar hesab olunmalıdır. Azərbaycanda “yaşıl enerji” sektorunda ambisiyalı proqramlarla təmsil olunan Səudiyyə hökuməti bu istiqamətdə fəallığını daha da artırmaq, bərpa olunan enerji sektorunda daha iritutumlu sərmayələrə imza atmaq niyyətini bəyan edib. Bu ölkənin “Acwa Power” şirkəti hazırda Azərbaycanda Cənubi Qafqaz regionun ən böyük külək enerjisi stansiyasının tikintisini davam etdirir və gələn ilin sonunda həmin stansiyanın istifadəyə verilməsi planlaşdırılır. “Acwa Power” 200 MV gücündə müasir enerji blokundan başqa, yeni güclərinin yaradılmasında da maraqlıdır. Xüsusilə də azad edilmiş ərazilərdəki “yaşıl enerji” resurslarına investisiya yatırımları istisna deyil. Çernobbio görüşü bu baxımdan Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda əlavə investisiya proqramlarına cəlbinin reallaşması üçün faydalı sayıla bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Birləşmək amalı

04 Oktyabr 14:53

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31