Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasi dəllallıq benefisi...

Siyasi dəllallıq benefisi...

15.01.2014 [09:10]

Pərviz Sadayoğlu

Və ya Əli Kərimlinin xəyanətinin anatomiyası


II Yazı
Özünü “radikal müxalifət” adlandıran dağıdıcı kəsim yenidən böyük çarpışma içərisindədir. Qarşılıqlı ittihamlar, xəyanət suçlamaları, keçmiş müttəfiqlər tərəfindən bir-birinə qarşı irəli sürülən iddialar düşərgə içində çaxnaşmalara yol açıb. Dünənin müttəfiqləri bu gün bir-birlərini özlərinin təbirincə desək, “zombi” adlandıraraq cəmisi bir neçə aylığa bağladıqları “atəşkəsi” pozduqlarını nümayiş etdirirlər.
Təbii ki, Azərbaycan ictimaiyyəti bu insanların kimliyini, simalarını, əqidə(siz)liyini bilir və radikallar arasındakı xəyanət savaşını sadəcə ironik təbəssümlə seyr edir. Artıq 20 ildən artıqdır ki, “kim, niyə xəyanət edir” sualına cavab tapmayan radikalların bugünkü davası isə deyəsən daha dərindir. Çünki bir-biri ilə savaşan hər iki partiya-həm Müsavat Partiyası, həm də AXCP öz kimliyini hər kəsdən yaxşı bilir. Müsavat Partiyasının “Milli şura”dan çıxması ilə alovlanan bu savaş ən eybəcər şəkildə davam etdirilir. Belə ki, qarşılıqlı ittihamlarla müşahidə olunan prosesdə AXCP-nin və onun ruporu olan “Azadlıq” qəzetinin “Müsavat”a qarşı ifşaedici kampaniyasına cavab olaraq, “Yeni Müsavat” qəzeti Əli Kərimlinin fəaliyyətini təftiş hədəfinə çevirib.
Daha dəqiq desək, “Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlı öz silsilə məqalələrində AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini təftiş edib. O, faktlar əsasında Ə.Kərimlinin hakimiyyət hərisliyini, qaraguruhçu həmlələrini, riyakarlığını, pulgirliyini, mənfəətpərəstliyini və digər eybəcərliklərini ortaya qoyub.
AXCP partiyadır, yoxsa dini sekta...
Göründüyü kimi, AXCP-ni dini sektaya, özünü “mürşid”ə, ətrafındakıları isə “mürid”ə çevirən Əli Kərimlinin siyasi portretinin xəyanət ştrixləri olduqca zəngindir. Təmsil olunduğu partiyanı bir neçə yerə parçalayan, maddi vəsaitləri mənimsəmək uğruna öz yaxın silahdaşlarını belə partiyadan didərgin salan Ə.Kərimli üçün dəyər adına heç bir toxunulmaz hiss və ya maddiyyat yoxdur. Onun yoluna çıxan ən yaxını olsa belə öz şəxsi məqsədlərinə qurban vermək üçün fikirləşməyəcək. Adıçəkilən məqalədə də göstərilir ki, “AXCP sanki dini sektaya çevrilib. Sədr ilahiləşdirilmiş təriqət mürşidi, yerdə qalanlar isə onun müridləridir. Mürşid nə desə, odur, müridlər qeyd-şərtsiz onun iradəsini yerinə yetirəcəklər. Mürşid kimi seçsə, qabağa çəksə, müridlər onun iradəsinə tabe olacaq, qərarını müzakirə belə etmədən qəbul edəcəklər. Mürşid kimə hücum əmri versə, müridlər dərhal kimin gümanı nəyə gəlir, silahlanacaq, həmləyə başlayacaqlar. Mürşid geri çəkilmək əmri versə, əmr dərhal yerinə yetiriləcək. Bütün bu iyrənc, ikrah doğuran idarəetmə üsulları demokrata, demokratiyadan danışan adama yaraşarmı? Hələ əlində yalnız bir dəstə “Feysbuk” fəalı olan şəxs rəqiblərilə bu cür davranırsa, o, yüksək mənsəb tutduğu təqdirdə sözünün qabağından söz deyənlərlə necə davranacağını proqnozlaşdırmaq çətin deyil. Onun ətrafındakı bəzi adamlar “qara siyahı” tutur, xoşlarına gəlməyənləri “qoy hakimiyyətə gələk, görərsiniz” deyə hədələyirlər”...
Artıq şərhə ehtiyac varmı???
Əli Kərimli - siyasi bankrotun dəllal karikaturası
Bu gün “Müsavat”-AXCP savaşının əsas motivlərindən birinə çevrilən 2000-ci ilin parlament seçkilərində “yurd”çular 6 mandat əldə etdilər və digər “müttəfiqlərinin” təzyiqinə məhəl belə qoymadan parlamentə üz tutdular. “Yurdçu” qanad AXCP kimi qeydiyyatdan keçdi. Amma hakimiyyətin “liderinə xəyanət edən adamla koalisiyanın mümkünsüzlüyü” mesajı Ə.Kərimlinin bu planını da alt-üst etdi. Belə ki, qeyd olunan məqalədə də vurğulanır ki, “hakimiyyətin Əli Kərimliyə və onun “islahatçılar” dəstəsinə münasibətinin dəyişməsi Əli Kərimlinin xarakteri, təbiəti ilə bağlı olub. Hakimiyyət Ə.Kərimlini xəyanət mücəssəməsi saydı, amma bu münasibət vaxtilə onun yanında olan Asim Mollazadəyə, Qulamhüseyn Əlibəyliyə, Qüdrət Həsənquliyevə, Əliməmməd Nuriyevə bir sıra başqalarına şamil olunmadı. Hakimiyyət tərəfindən yaxına buraxılmayan Əli Kərimli bundan sonra tam dəyişdi, birmənalı olaraq müxalifət mövqeyi sərgiləməyə başladı, həmkarları ilə müqayisədə daha radikal mövqe ortaya qoydu. Ona “hakimiyyətyönlü” reputasiyasından tezliklə qurtulmaq, İsa Qəmbərdən önə keçmək lazım idi”.
Hətta öz düşərgəsində belə siyasi reputasiyası “xəyanətkar” obrazı ilə təşviq edilən Əli Kərimlinin 2000-ci illərdə özünə “radikal düşərgə lideri” imici qazandıqmaq uğruna mediada “biz gəlirik”, “artıq bizim dövrümüz başlanıb” ritorikalı təhlillərlə müşayiət olunan mövqeyi də istər o dövrün, istərsə də bu günün rakursundan eyni mahiyyətə malikdir. Yəni, hər zamankı kimi pafosa, yalana üstünlük verən Ə.Kərimli üçün əsas məqsəd pul qazanmaq üçün “radikal” imic formalaşdırmaq idi. Sözügedən məqalədə vurğulanır ki, 2005-ci ildən sonra Əli Kərimlinin ritorikası siyasi avtobioqrafiyasında olmadığı qədər radikallaşdı: “26 noyabr aksiyasının dağıdılması məhz onun yersiz pafosunun, ölçü-biçisiz davranışının, tədbirsizliyinin üzündən oldu. Ə.Kərimli təkcə Elçibəyə, onun tərəfdarlarına, “Müsavat”a qarşı deyil, digər partiyalara - KXCP, “Ümid”, AMİP, ADP, ALP, VHP-yə, həmçinin “Nida” və “Dalğa” kimi müxalifyönlü təşkilatlara da qarşı kampaniya aparıb. Partiyanın ruporuna çevrilmiş “Azadlıq” qəzetinin başlıca kursu Əli Kərimlinin “böyüklüyü”nü qəbul edənlərə informasiya dəstəyi vermək, etməyənləri vurmaq idi. Hətta “dost”ların da müsahibə və açıqlamaları daim nəzarətdə saxlanılırdı, onların geniş təbliğ olunmasından, şişmələrinə şərait yaradılmasından söhbət gedə bilməzdi. “Ən yaxın müttəfiqlər” belə yalnız Əli Kərimlinin fonunda ikinci planda durmalı və ondan zəif görünməlidirlər. “Azadlıq”da gedən məqalələrdəki bütün sıralamalarda söhbət partiyadan gedirsə, mütləq AXCP-nin, Əli Kərimlinin adı birinci yazılmalıdır. Əli Kərimli xarici ölkələrdən tanıdığımız despotlar qədər müstəbid düşüncəyə malikdir. Onun tənqidə dözümsüzlüyü, plüralizmi qəbul etmədiyi 15 il əvvəl necəydisə, indi də elədir, hələ bir az da üstünə qoyub, daha da mürtəceləşib”.
Göründüyü kimi, siyasətdən öz maddi rifahını (xəyanətlər qarşılığında əldə olunan gəlirlərlə) təmin etmək üçün yararlanan AXCP sədri üçün ən əsası pul qazanmaqdır. Məqalədə göstərilir ki, AXCP sədrinin birdən-birə “radikallaş”masına da elə maddi cəhətdən “kasıblaması” səbəb olubmuş. Sonradan pul qazandıqda isə artıq onun başqa bir məziyyəti-başqalarının pulunu da mənimsəmək azarı özünü büruzə verib. Bildirilir ki, “1988-1992-ci illərdə Ə.Kərimlinin ətrafında tələbə dostlarından ibarət böyük birlik vardı. Bu gün onun ətrafındakı insanlara baxın. “Yurd” təşkilatının ilk dövrlərinin əksər fəalları müxtəlif partiya və təşkilatlara dağılışıblar. Bunun səbəbini onun xarakterində axtarmaq lazımdır. Fazil Mustafa, Qulamhüseyn Əlibəyli, Qüdrət Həsənquliyev, Əli Mustafayev, Əliməmməd Nuriyev, Fuad Mustafayev, Asim Mollazadə, Aqil Mahmudov və onlarca başqaları bu barədə danışmırlarsa, yalnız abırlarına qısıldıqları üçün danışmırlar. Bu şəxslər onun ədalətinə, dürüstlüyünə, verdiyi vədlərə sədaqət göstərmədiyinə görə ayrılıblar. Hətta Ə.Kərimliyə yaxınlığı ilə seçilən, onu dəstəkləyən insanlar belə AXCP sədrinin həddən artıq pulgir olduğunu deyirlər. Pula hərislik, mənfəətpərəstlik onun yaxın silahdaşlarıyla münasibətlərinin sürəkli olmamasının əsas səbəbidir”.
Bəli, elə bu pulgirlik həvəsi Əli Kərimlinin Azərbaycan xalqına, dövlətçiliyinə xəyanətinin sonrakı seriyalarında özünü açıq şəkildə büruzə verib. İllərdir ki, davam edən bu xəyanətlərin kökü isə elə yuxarıda qeyd olunan illərdən-Ə.Kərimlinin özünü AXCP sədri elan etdiyi dövrdən başlayır. Məqalədə qeyd edilir ki, “Ə.Kərimli uzun illər Qərbin bəzi dairələrinin bir nömrəli partnyoru olub, ona xüsusi simpatiya bəslənilib. Bu simpatiya özünü onların Ə.Kərimliyə yaxın QHT-lərə, “yurd”çuların həyata keçirdikləri müxtəlif layihələrə iriməbləğli qrantların ayrılmasında göstərirdi. Asim Mollazadənin və Fuad Mustafayevin, eləcə də digərlərinin xətti ilə dolayısıyla AXCP-yə yüzminlərlə dollarlıq bonuslar gəlirdi. Ə.Kərimli və digər ona yaxın funksionerlər müntəzəm olaraq xarici səfərlərə dəvət olunurdular. Ə.Kərimli bu sahədə öncüllüyü əldən verməmək üçün müxalifətdə az-çox görünən hamını gözdəsalma kampaniyası aparıb. “Yurd”a yaxın mətbuat orqanları vaxtilə “Müsavat”ı “İranpərəst qüvvə” elan etdilər. Buna səbəb isə onun Bakı-Ceyhan neft kəmərinin əslində İrandan keçməsinin daha rentabelli olması fikrini bildirməsi oldu. Burada əsas məqsəd “Müsavat”ı İranla düşmən olan Qərbin gözündən salmaq idi”.
Bu xəyanətlərin sıralamasında 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması xüsusi yer tutur. O mənada ki, həmin dövrdə radikal düşərgə təmsilçilərinin Azərbaycanın uğuruna qarşı qısqanclıqla yanaşdığı hər kəsə məlumdur. Həmin dövrdə bu faktı inkar edən radikal müxalifət, ən əsası isə Əli Kərimli bu gün özünün düşərgədaşları tərəfindən ifşa edilir. X.Kazımlının məqaləsində göstərilir ki, “2012-ci ilin mayında keçiriləsi “Eurovision” musiqi yarışmasından öncə İran rəhbərliyi “Bakıda gey-parad olacaq” bəhanəsi ilə Azərbaycana qarşı kampaniya başlatdı. Vaxtilə “Müsavat”ı “İranın agenti” adlandıran Ə.Kərimli “İctimai Palata” rəhbərliyinin keçirdiyi brifinqdə belə bir fikir dilə gətirdi: “İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”. Bu, əslində İranın hakim dairələrinə yönəlik siyasi reverans idi”.
Amma 2013-cü ildə Ə.Kərimli tamam fərqli, əks istiqamətə satılmağı özünə prioritet seçdi. Məqalədə göstərilir ki, “Milyarderlər İttifaqı” deyilən qurumun fəallaşması, “Milli şura”nın yaranmasında Rusiya faktoru gücləndikcə Əli Kərimli var qüvvəsi ilə bu layihəni, Rüstəm İbrahimbəyovu müdafiəyə keçdi. Ə.Kərimli bununla həm də Rusiyaya doğru reverans edərək öz hakimiyyət planlarını qururdu. Ancaq Putinin Bakıya avqustda baş tutan qısamüddətli səfəri onun bu entuziazmını azaltdı. Beləcə, AXCP-nin rusiyayönümlü hakimiyyətdə təmsil olunmaq niyyəti puç oldu. Yəni, AXCP hakimiyyət əldə etmək üçün istənilən qüvvə ilə qeyd-şərtsiz əməkdaşlığa hazırdır.
Bəli, görünən dağa bələdçi lazım deyil. Əli Kərimlinin Azərbaycan dövlətçiliyinə, xalqına qarşı xəyanətkar mövqedə olması ortada olan faktdır. Amma bu xəyanət yoluna elə Ə.Kərimlinin özünün düşərgədaşları tərəfindən “işıq tutulması”, Ə.Kərimlinin və eləcə də, bütünlüklə radikal düşərgənin birmənalı bitməsindən xəbər verir...

Paylaş:
Baxılıb: 1093 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30