Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İnkarçılıq və qərəzlilik mərəzi

İnkarçılıq və qərəzlilik mərəzi

14.01.2021 [09:35]

Mübariz Abdullayev

Və ya bəzi “iqtisadçı”ların xoruz banını xatırladan əsassız iddiaları
Belə deyirlər ki, xoruzlar gecə yarısından sonra banlayanda düşünürlər ki, sübhün açılmasını tezləşdirirlər. Yəni, sanki, xoruz banladıqca qaranlıq daha sürətlə çəkilib gedir və onun yerini çöllərdə, meşələrdə, kəndlərdə və şəhərlərdə işıq əvəzləyir. Buradan da “xoruz banlamasa, səhər açılmaz” deyimi yaranıb.
Zaman ötdükcə “banlamaq” sözü xoruzlara aid məhdud leksik çərçivəsindən uzaqlaşaraq daha geniş sahələrdə işlədilməyə başlanıb. Məsələn, bəzi insanların onlara yad olan və yaxud yaxşı bələd olmadıqları mövzularda fikir bildirmələri, bu xüsusda məsləhətlər vermələri də “banlamaq” sözü ilə ifadə olunub. Bu tendensiya indinin özündə də qalmaqdadır. Kim isə məclisdə yerini bilməyib başından böyük danışdıqda ona deyirlər ki, “bu, niyə belə banlayır?” Yəni ki, nə danışdığının fərqində deyil. Danışdıqca özlüyündə güman edir ki, hamı ona “əhsən”, “danəndə” deyəcək. Lap xoruzun bir neçə ağız banlamaqla sabahın açılmasını tezləşdirdiyini düşündüyü məntiqi kimi...
Mətləbdən uzaq düşməyək. Özlərini “iqtisadçı” sayan bəzilərinin dil ağıza qoymayıb milli iqtisadiyyatımız barədə gen-bol əsassız iddialar səsləndirmələri də məhz “banlamaq” nümunəsidir.
Deyilənlər baxımından ölkə daxilində əsasən qondarma “Milli şura”da cəmləşən, eləcə də xaricdə “lövbər salan” bəzi “iqtisadçı”ların (onların özləri özlərini iqtisadçı kimi təqdim edirlər-red.) səslənmələri xüsusilə səciyyəvidir. Elə bu günlərdə internet resurslarında aşağısəviyyəli debatda son illərdə Azərbaycanda yaradılan aqroparklar, aqrar sektorda fermerlərə dəstək mexanizmləri, şəffaflığın təmin edilməməsi “tənqid” atəşinə tutuldu. Danışanda ədası yerə-göyə sığmayan “iqtisadçı-ekspert” həmsöhbəti oldugu digər “iqtisadçı-ekspert”i bütün debat boyunca tənqidi notlara istiqamətləndirməyə çalışırdı. Amma nafilə... Çünki reallıq başqadır. Nəticələr təsdiqləyir ki, aqroparklarda məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksək olur ki, bizim çatmaq istədiyimiz hədəflərdən biri də məhz budur. Bəli, sirr deyil ki, aqroparkların yaradılmasına dövlət güclü siyasi və maddi dəstək göstərir. Lakin burada öz məntiqindən çıxış edərək qara dəliklər, korrupsiya, mülkiyyət münasibətlərinin pozulması izləri axtarmaq qərəzlilikdən başqa bir şey deyil.
Debat boyunca ən çox səsləndirilən absurd iddia bu oldu ki, fermerlərə dəstək göstərilən zaman guya şəffaflıq gözlənilmir. Görünür, uzun müddətdir ki, xaricdə “lövbər salan” “iqtisadçı-ekspert”in xəbəri belə yoxdur ki, artıq respublikamızda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. 2020-ci il ərzində dövlət bu sistem üzərindən 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib. Fermerlərə subsidiyalar elektron qaydada ödənilirsə, burada şəffaflığın olmamasını hansı məntiqlə əsaslandırmaq mümkündür?
Həmin “iqtisadçı”lar vay-şivən qopararaq deyir ki, guya, Azərbaycanda iqtisadi siyasət düzgün aparılmır, bu səbəbdən də 2020-ci ildə hansısa sahələrdə geriləmələr olub. Vallah-billah, dediyimiz cameəni təmsil edən “iqtisadçılar”ın bu qəbildən olan “tezisləri”nin önəmi elə xoruzun erkən banlamasının çəkisinə bərabərdir, bəlkə də, ondan da aşağıdır.
2020-ci il dünyada qlobal pandemiya şəraitində keçən bir ildir. Bəzi ölkələr pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkirlər. Verilən məlumatlara görə, indiyədək 150-dən artıq ölkə Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna kömək üçün müraciətlər ünvanlayıb. Respublikamızın adı bu siyahıda yoxdur.
Bütün bunların üstünə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsi şəraitində ölkəmizin artan xərclərini də əlavə edək. Kim bilmir ki, ordunun gücləndirilməsi, müharibənin aparılması, şəhid ailələrinə və qazilərə sosial təminatların həyata keçirilməsi birbaşa güclü iqtisadiyyata bağlı olan məsələlərdir? İşğalçı Ermənistan müharibədə diz çökdü, kapitulyasiyaya uğradı. Bunun səbəbi, ilk növbədə, Ermənistanda iqtisadiyyatın olmaması və yaxud çox zəif olması idi. Azərbaycan isə aparılan məqsədyönlü siyasət sayəsində iqtisadiyyatının inkişafı üçün bütün şərtləri təmin edən və bu əsasda müstəqil siyasət aparan, milli maraqlarını qoruyan, düşmənin layiqli cavabını verən bir ölkədir.
Bütün bunlardan sonra ölkə daxilindəki və xaricdəki bəzi “iqtisadçılar”ın milli iqtisadiyyatımızın durumu ilə bağlı səslənmələri, sadəcə, gülüş doğurur. Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatına, həmçinin beynəlxalq reytinq agentlikləri, o cümlədən Dünya Bankı, Davos İqtisadi Forumu yüksək qiymət verib. Bəhs olunan qurumların son hesabatlarında Azərbaycan məhz sosial-iqtisadi inkişaf göstəriciləri nəzərə alınmaqla 190 ölkə arasında 28-ci yerə layiq görülüb, dünyanın 10 ən islahatçı ölkəsindən biri kimi dəyərləndirilib.
Özlərinə umac ova bilməyən, sadəcə, əsassız iddialarla varlıqlarını xatırladan “iqtisadçı”lara xatırladaq ki, beynəlxalq reytinq agentliklərinin hesabatları ümumi metodologiyalar əsasında hazırlanır və burada hər hansı bir subyektiv dəyərləndirmə ümumiyyətlə istisnadır.

Paylaş:
Baxılıb: 411 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31