Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Məsuliyyət İrəvanın üzərindədir!

Məsuliyyət İrəvanın üzərindədir!

02.04.2024 [10:45]

ABŞ və Aİ Ermənistanı müharibəyə hazırlaşdırır

Ötən ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində suverenliyinin təmin edilməsi ilə nəticələndi. Regiondakı açıq separatizm meyllərini böyük miqyasda aradan qaldıran antiterror tədbirləri Cənubi Qafqazın sabit və təhlükəsiz zona kimi qlobal iqtisadi xəritəyə daxil olmasını şərtləndirdi. Təbii ki, yaradılan təhlükəsizlik arxitekturası həm də gələcək üçün mühüm perspektivlər yaradır. O baxımdan ki, bəlkə də tarixində ilk dəfə qlobal iqtisadi nizama müstəqil subyekt kimi daxil olmaq şansı əldə edən Cənubi Qafqaz özünün yeni inkişaf tarixinin əsasını qoyacaq. Bu reallıqların formalaşması isə Azərbaycanın apardığı uğurlu siyasi-iqtisadi fəaliyyətin nəticələridir.

Qərb həzm edə bilmir...

Tarixən geoiqtisadi və geostrateji əhəmiyyəti ilə göz oxşayan Cənubi Qafqazın belə bir uğurlu inkişaf perspektivi qazanması isə təbii ki, bir sıra böyük güclərin planları ilə uyğun gəlmir - bunun nəticəsidir ki, 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın sülh təklifləri bu və ya digər şəkildə həmin güclər tərəfindən manipulyasiyaya uğradılırdı. Cənubi Qafqazın ən “zəif bəndi” sayılan Ermənistandan öz məqsədləri üçün istifadə edən bu güclər 2023-cü il antiterror tədbirlərindən sonra açıq “tərk-silah” edildilər:

- Onlar artıq əvvəlki kimi separatizm üzərindən Cənubi Qafqaza nüfuz etmək imkanlarını itirmişdilər;

- Siyasi proseslərə yön vermək kimi “xüsusi imtiyazlarını” itirmişdilər;

- Dövlətlərarası məsələlərin həllində “orbitr” olmaq şanslarını “əldən vermişdilər;

- ATƏT-in Minsk qrupu kimi korporativ maraqların təminatçısı olan “strukturun” təbii şəkildə ləğvinin ardından bölgənin iqtisadi-siyasi həyatında iştirak imkanından məhrum olunmuşdular.

Və nəticə etibarı ilə regionda yeni iqtisadi aktorla - təxminən “Cənubi Qafqaz birliyi” kimi proyeksional iqtisadi platforma ilə üz-üzə qalırdılar. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, yeni iqtisadi aktorun aparıcı ünsürü kimi çıxış edən Azərbaycan özünün yürütdüyü müstəqil siyasət kursunu bütövlükdə Cənubi Qafqaz üçün transformasiya edir - nəticədə ABŞ, Aİ kimi özünü “dünya hegemonu” sayan iqtisadi-siyasi faktorlar region üzərində iqtisadi - siyasi “nəzarət” funksiyasını əldə edə bilmirlər. Ən əsası həm ABŞ, həm də Aİ reallıqları görür - Azərbaycan dünyanın yeni iqtisadi mərhələsini yaradır. Onlar bu prosesdən kənarda qalmağı həzm edə bilmirlər.

Ermənistan Cənubi Qafqazda təhdidə çevrilib

Siyasi cəhətdən təsiretmə imkanları fiaskoya uğrayan ABŞ-Aİ birliyi regionda diskomfort yaratmaq üçün yenidən ən “zəif bənd”ə - Ermənistana üz tutdu. 2022-ci ilin sonu. 2023-cü ilin əvvəlində Ermənistana yerləşdirilən və “mülki müşahidə missiyası” kimi təqdim olunan kəşfiyyat qrupu faktiki olaraq Ermənistan daxilində qeyri-adekvat mövqenin formalaşmasına “xüsusi təkan” verdi. Fransanın nəzarətində olan bu “qrup” get-gedə silahlanma arealanı, kəmiyyət mahiyyətini artıraraq Ermənistanda yeni müharibə ab-havasını qızışdırmağa başladı. 2020-ci və 2023-cü ildə “lazımi dərsini” almış Ermənistan isə ABŞ-Aİ qruplaşmasının bu fitnəsinə uyaraq yeni müharibə “havasına” girib. Artıq bir müddət idi ki, Azərbaycanın rəsmi strukturları Ermənistanın şərti sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi haqda məlumatlar verir, bəyanatlar yayırdı. Son dövrlərdə şərti sərhəd ərazisində tez-tez hərbi təxribatlara əl atılması, Ermənistandan Azərbaycan Ordusunun mövqelərinə atəş açılması isə İrəvanın yeni təxribatlar axtarışında olduğunu deməyə əsas verirdi. Maraqlıdır ki, bu hərbi təxribatlar paralel olaraq həm də siyasi təxribatlarla müşayiət olunurdu. Bir tərəfdən fransalı hərbçilərin “mülki missiyanı ziyarət” adı altında Ermənistana etdikləri “səfərlər”, digər tərəfdən isə Yunanıstanın müdafiə nazirinin “dili ilə” yeni “hərbi əməkdaşlıq” anonslarının səsləndirilməsi İrəvanın yeni müharibəyə stimullaşdırılması üçün əsas yaradırdı. Nəzərə alsaq ki, artıq uzun müdd?tdir ki, Fransa və Hindistan Ermənistanı aktiv şəkildə silahlandırır, demək ki, bölgədəki sabitliyin pozulması üçün “kollektiv iş” aparılır. 

Hərbi hədəflər sıradan çıxarılıb...

Yeri gəlmişkən, Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyənləşdirilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb. Müdafiə Nazirliyinin aprelin 1-də yaydığı xəbərə görə, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən çox optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb.

Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Ermənistan 5 aprel görüşündən “həvəslənir”...

Göründüyü kimi, Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları bu dövlətin və arxasında dayanan qüvvələrin yeni məkrli planlarından xəbər verir. Baş verənlər ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşünün nəticələridir - regionda üçlü hərbi alyans yaradılır. Ermənistanı yeni müharibəyə “həvəsləndirən” ABŞ və Aİ bununla da Cənubi Qafqazın təhlükəsizlik mənzərəsinə xələl yetirmək istəyirlər. Üzdə Ermənistanın “dəstəkçisi” kimi görünməyə çalışan bu qüvvələr İrəvandan sadəcə öz məqsədləri üçün istifadə edirlər. Ermənistan isə bu “dəstəkdən” cəsarətlənir - nəticədə bu dövlət bölgənin ümumi təhlükəsizlik arxitekturasına təhdid yaratmaqda davam edir. Azərbaycan dövləti artıq bir müddətdir ki, Ermənistanın yeni müharibə axtarışında olduğunu, sülhə bağlı çağırışlara adekvat cavab vermədiyini bildirir və rəsmi İrəvanın bölgədə qeyri-adekvat davranışlar nümayiş etdirdiyini faktlarla sübut edir. Ermənistan anlamır ki, 5 aprel görüşündən “həvəslənərək” bölgədə yeni revanşizm arzuları qurmaq onun özünə baha başa oturacaq - baş verənlərə görə məsuliyyət isə Ermənistanın və onun havadarlarının üzərinə düşür...

Qərbin ikiüzlü və riyakar siyasətinin növbəti ifşası

Hər zaman özünün məkrli və dağıdıcı üzünü “demokratiya pərdəsi” altında gizləyən Qərb artıq kartlarını açmaq məcburiyyətindədir. Dünya birliyinin gözü önündə Qərb Cənubi Qafqazda Ermənistanın əli ilə yeni müharibəyə başlamağı hədəfləyib və bu aydın şəkildə görünür. Qərbin riyakarlığı isə bütün komponentləri ilə ortadadır. 30 ilə yaxın ATƏT-in Minsk qrupu həmsədri adı ilə bölgəyə turistik səfərlər edən Qərb marağı nə üçün Ermənistana təzyiq göstərmirdi? Tarixə qovuşmuş 30 illik işğal dövründə ABŞ və Aİ işğala məruz qalan Azərbaycan üçün niyə bu kimi konfranslar təşkil etmirdi? İşğala məruz qalmış Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında yer alan Qərb bunun öz simasını bir daha ortaya qoymuş oldu - hətta Vətən müharibəsindən sonrakı dövrdə belə davam edən mina terroruna son verməsi üçün Ermənistana hər hansı təsir göstərilmədi. Dünyanın əksər nöqtələrində “demokratiyaya dəstək”, “quruculuq”, “abadlıq” işləri apardığının reklamını edən Qərb nə üçün niyə 30 ildən sonra işğaldan azad edilmiş bölgələrimizdə hər hansı bir quruculuq layihəsi reallaşdırmadı? Davamlı sülhə nail olunması, Ermənistanın əsassız iddialardan əl çəkməsi kimi müsbət irəliləyiş yerinə Qərb İrəvanda “müharibə məşqi” edir, Ermənistan üçün yeni müharibəyə şərait yaradır, mini-Nato mexanizmi formalaşdırır və nəhayət bu ölkəni Azərbaycana qarşı silahlandırır. Bütün bunlar isə Qərbin ikiüzlü və riyakar siyasətinin  növbəti ifşasıdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30