Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Erməni vəhşiliyinin növbəti ünvanı - Edilli məzarlığı

Erməni vəhşiliyinin növbəti ünvanı - Edilli məzarlığı

06.10.2022 [10:05]

MÜBARİZ

Müharibələrin də öz qanunları var. Beynəlxalq konvensiyaların müddəalarına əsasən, qarşı-qarşıya duran tərəflər mülki əhaliyə və infrastruktura atəş açmamalı, əsir və girovlarla humanizm prinsipləri gözlənilməklə davranmalıdırlar. Ancaq Birinci və İkinci Qarabağ müharibəsinin xronologiyasına nəzər saldıqda aydın şəkildə görünür ki, üç onillik ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın silahlı birləşmələri bütün beynəlxalq konvensiyalara arxa çeviriblər. Onların sərgilədikləri davranışlar, törətdikləri müharibə cinayətləri humanizm normaları ilə daban-dabana ziddiyyət təşkil edir. Bunu Xocavənd rayonunun Edilli kəndində tapılan növbəti məzarlıq bir daha təsdiqləyir.

Ermənistanın bitib-tükənməyən müharibə cinayətləri

Ermənistanın silahlı birləşmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsini, necə deyərlər, özlərisayağı aparıblar. Onlar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini, bir qayda olaraq, silahları mülki şəxslərə, yaşayış məntəqələrinə tuşlamaqla çıxmağa çalışıblar. Bu yolla onlar hələ Birinci Qarabağ müharibəsi zamanı Ağdaban, Qaradağlı, Başlıbel kimi faciələr törədiblər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

İkinci Qarabağ müharibəsində eyni ssenari təkrarlandı. 44 günlük müharibənin əvvəlindən Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklərini başa düşən erməni hərbi birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən Çəncəyə, Bərdəyə və digər yaşayış məntəqələrimizə mərmilər atdılar. Yenə də heç bir günahı olmayan uşaqlar, qadınlar, yaşlı insanlar həyatlarını itirdilər və yaxud yaralandılar. Erməni tərəfinin əsir düşən və yaxud girov götürülən hərbiçilərimizlə və mülki insanlarla davranışları da insanlıq və humanizm normalarından çox uzaqdır. Erməni əsirliyindən bu və ya digər yolla azad olan soydaşlarımızın danışdıqlarına qulaq asan ən soyuqqanlı insan belə həyacanlanır, düşmənə nifrət və qəzəbini gizlədə bilmir. Əsirlərin və girovların zərərli işlərə cəlb edilməsi, onların əzalarının kəsilməsi, sümüklərinin sındırılması, elektrik cərəyanına qoşulması, valideynlərin gözləri önündə uşaqların ac saxlanılması, incidilməsi... Bütün bu kimi vəhşiliklər ermənilərin azərbaycanlı əsir düşən hərbiçilərlə və mülki insanlarla qəddar davranışlarının tam olmayan siyahısını təşkil edir. Ermənistanın sabiq prezidentlərindən biri olmuş Serjik Sarkisyan, erməni yazıçısı Zorri Balayan və digərləri azərbaycanlı əsirlərə və girovlara verilən işgəncələri müharibə qaydaları kimi təqdim edərək bütün bu vəhşiliklərdən iftixar duyduqlarını ifadə ediblər. Budurmu ermənilərin uydurduqları “mədəni xalq” kodeksi? Nifrət belə ideologiyaya və dünyagörüşünə!

Ərazilərin minalanması Ermənistanın müharibə cinayətlərinin növbəti səhifəsidir. Təsəvvür etmək çətindir: Döyüşlərdə böyük üstünlüklərə malik Azərbaycan humanistlik göstərərək vasitəçilərin sülh təklifini qəbul edir. 2020-ci il 10 noyabr tarixində İkinci Qarabağ müharibəsinin başa çatmasını bildirən üçtərəfli Bəyanat imzalanır. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana təslim etməklə bağlı öhdəlik götürür. Azərbaycan növbəti dəfə humanistlik göstərərək ərazilərimizin boşaldılması üçün qarşı tərəfə əlavə vaxt verir. Bəs yalvararaq möhlət istəyən düşmən necə hərəkət edir? Bu əlavə vaxtda tərk etdikləri ərazilərimizdə çoxsaylı minalar basdırır. Xatırladaq ki, postmüharibə dövründə 250-dək hərbici və mülki şəxs mina terrorunun qurbanı olub.

Birinci Qarabağ müharibəsində əsir düşən və yaxud girov götürülən 4 minədək Azərbaycan vətəndaşından bu günədək xəbər yoxdur. Postmüharibə dövründə Azərbaycan vasitəçilərin səyi ilə aparılan danışıqlarda Ermənistanın həmin şəxslər barədə məlumatların ölkəmizə təqdim olunması məsələsini dəfələrlə gündəmə gətirib. Ermənistan isə hər vəchlə bundan yayınmağa çalışır. Ermənistan, həmçinin səhih  mina xəritələrini gizlədir. Beynəlxalq konvensiyalara əsasən müharibə başa çatandan sonra tərəflər minalanmış ərazilərin xəritələrini bir-birilərinə təhvil verməlidirlər. Azərbaycanda belə xəritələr yoxdur-çünki minalar basdırılan ərazilərə Ermənistan nəzarət edib. Düzdür, beynəlxalq təzyiqlərlə üzləşən Ermənistan Azərbaycana hansısa xəritələri təqdim etdi. Ancaq bu xəritələr böyük dərəcədə saxta oldu. Belə çıxır ki, Ermənistan bu dəfə də vasitəçiləri aldatmaq yolu tutub.

Edillidə kütləvi məzarlıqlar

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verib.  Dövlət başçısının tapşırıqlarına uyğun olaraq müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə axtarış işlərini davam etdirirlər. Şahidlərin ifadələri əsasında belə axtarışlar, həmçinin Xocavənd rayonunun Edilli kəndində aparılıb. Bu kənddə ilk dəfə kütləvi məzarlıq cari ilin fevralında aşkarlanıb. Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar olunub. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir. Bu axtarışlar nəticəsində kənddə yeni məzarlıqlar tapılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına əsasən,  istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.

İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Həbs düşərgələri

“Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”. Bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tvitter səhifəsində paylaşımında bildirib.

Paylaşımda deyilir: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir”.

Şahidlərin bildirdiklərinə görə, Edilli öldürülən azərbaycanlı hərbiçilərin və mülki şəxslərin basdırıldığı yeganə ünvan deyil. Şahidlər bildirirlər ki, işğalçı Ermənistan 30 il nəzarətində saxladığı ərazilərimizdə bir neçə belə həbs düşərgəsi yaradıb. Ehtimal olunan ünvanlar da var. Hələlik həmin ünvanlar minalardan tam təmizlənmədiyindən orada axtarış işləri aparmaq mümkün olmur.

Ermənilərin yalanları və şantajları

Bütün bu kimi insanlıqdan uzaq bəd əməllər törədən ermənilər isə dünyaya yalan və şantajlar ünvanlamaqda davam edirlər. Bu günlərdə sosial şəbəkələrdə guya azərbaycanlı hərbiçilərin erməni əsirlərlə qeyri-insani davrandıqlarını əks etdirən video yerləşdirilib. Məlum videonu fürsət kimi qəbul edən Ermənistan rəsmiləri yalan, şantaj qışqıran ruporlarını işə salıblar. Bu günlərdə onların telefon açmadıqları, üz tutmadıqları beynəlxalq təşkilat qalmayıb. Ermənistan rəsmiləri sosial şəbəkələrdə yayılan məlum videonu əsas gətirərək Azərbaycanın cəzalandırılmasını istəyirlər və buna təkid edirlər. Əvvəla, informasiya-kommunikasiya texnologiyalarının yüksək inkişaf səviyyəsinə çatdığı indiki dövrdə belə videoları hazırlayıb dövriyyəyə buraxmaq su içmək qədər asandır. Digər tərəfdən, həmin video müvafiq qurumlar tərəfindən araşdırılaraq  saxta olduğu sübuta yetirilib. Ermənilər özlərinə əl qatıb saxta video ətrafında yersiz haray-həşir salmaqdansa, özlərinin törətdikləri müharibə cinayətlərindən nəticə çıxartmalıdırlar.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31