Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Kainatın mühərriki ehtiraslar

Kainatın mühərriki ehtiraslar

29.10.2024 [08:42]

Corc Qordon Bayronun “Don Juan” mənzum romanı haqqında

Əvvəli ötən saylarımızda...

Bayronun Don Juanını isə belə sadə düsturla qiymətləndirmək olmaz. Onun qəhrəmanı klassik əcdadlarından çox seçilir. Bayronun yaratdığı obrazın gerçək prototipi şair özüdür. Onun Don Juanı da müəllifi kimi ölkəsinin hüdudlarına sığmayan, din, dövlət, qanun, adət, vətən, sərhəd tanımayan bir anarxistdir. Romanın qəhrəmanı əzib-əzilənlərin, qara kütlənin, kralların, sultanların olmadığı yeni dünya, ideal cəmiyyət arzusundadır. O, can verməkdə olan əski dünyanı nəhəng bir qiyamət mərasimiylə dəfn eləyib, kainatın mayası ilkin, əzəli xaosdan yeni, azad dünya yoğurmaq istəyir. Bayron dövrünün düşünən insanlarını köhnə dünyanın cəmdəyinə darışmış ac qurdlara bənzədir.

Don Juanın başlıca məqsədi qadın ovlamaq deyil, qadınlar arasında da öz idealını tapıb ona qovuşmaqdır. Bu səbəbdən o, təkcə dinə, dövlətə, cəmiyyətə münasibətdə yox, ailəyə, qadına münasibətdə də anarxizm mövqeyindən çıxış eləyir. Eynən müəllifin özü kimi o, yalnız bir ailəyə, yalnız bir qadına ömürlük bağlanıb qalmaq istəmir, sərxoş bir arı kimi daim güldən-gülə qonur. Bəlkə də divanə aşiq öz idealını heç bir vaxt tapmayacaq, bəlkə belə bir ideal ona heç lazım da deyil, o həmişə elə bu cür, ətirli çiçəkləri qoxulaya-qoxulaya, bir sevdadan başqasına qona-qona yaşamaq istəyir. Bu yürüşdə o öz qismətini tapıb sərgüzəştini başa vura da bilər (əgər belə bir qismət gerçəkdən varsa), ömrü boyu hər güldən, hər meyvədən bir şirə çəkə-çəkə dünyanı dolaşa da.

Bayron özü məhz belə yaşamışdı - nə üç yaşı olanda itirdiyi atasına, nə əsilli-nəcabətli əsəbi anasına dərindən bağlanmışdı; hətta pozğun, gəzəyən bir şairdən ötrü ideal sayıla biləsi qadınını da yanında saxlaya bilməmişdi; arvadının ata evində dünyaya gətirdiyi yeganə övladının üzünü, demək olar, görməmişdi; atabir ögey bacısıyla insestual əlaqəyə girdiyi haqda söz-söhbət yayılanda o, cinayətini danmaq, örtüb-basdırmaq qayğısına belə qalmamışdı, təbiət qanunlarına münasibətdə belə anarxistcə davranmışdı; nəhayət, ictimai basqıya dözməyib 1816-cı ildə vətənindən biryolluq ayrılmışdı, ölkələri dolaşa-dolaşa gedib yunan torpaqlarına çıxmışdı, yunanların Osmanlı imperiyasına qarşı apardığı milli-azadlıq mübarizəsinə qoşulmuşdu, elə oradaca xəstəlik tapıb 1824-cü ilin yazında canını antik tanrılara tapşırmışdı.

***

Özünün şah əsəri kim nəzərdə tutduğu “Don Juan” mənzum romanını Bayron ölümündən beş il əvvəl yazmağa başlamışdı. Əsər 24 nəğmədən (fəsildən) ibarət olmalıydı, ancaq şair yalnız 16 nəğməni tamamlaya bilmişdi, 17-ci fəsil isə yarımçıq qalmışdı. Hər nəğmə oktava adlandırılan səkkizlik bəndlərlə qələmə alınıb.

On altı yaşı olanda Juan Donya Yuliya adlı gənc qadına vurulur, qarşılıqlı razılıq əsasında onunla sevgi əlaqəsinə girir. Qadının əlli yaşlı qısqanc əri arvadının xəyanətindən xəbər tutanda Yuliyanı boşayıb monastıra göndərir. Juanı isə anası xata-bəladan uzaqlaşdırıb uzaq diyarlara yollayır. Bundan sonra qəhrəman macəralar, sərgüzəştlərlə dolu bir dövrə qədəm qoyur. Onu bu səfər boyu iki nökəri, bir də çoxlu dil bilən müəllimi müşayiət eləyir. Onları aparan gəmi əvvəl tufana, sonra da ştilə düşür, ərzaq ehtiyatı tükənəndə yolçular dişə dəyən nə varsa hamısını, dişə vurmağa bir çöp qalmayanda bir-birini yeməyə başlayırlar. Juanın sevimli ustadı da bu arada güdaza gedir.

Sahilə təkcə Don Juan salamat çatır. Onu Qayde adlı gözəl bir yunan qızı xilas eləyir, zəifləyib əldən düşmüş gəncin qulluğunda durur. Məlum olur ki, bura bir yunan adasıdır. Qaydenin atası zalım dəniz quldurudur, qız qorxur ki, oğlanı evə aparsa, atası Juanı qul adına satacaq, buna görə də onu gizli mağarada saxlayıb bəsləyir. Juanla Qayde bir-birinə aşiq olurlar. Oğlan onun ucbatından monastıra gömülən keçmiş sevgilisini artıq unudub, ancaq müəllif onu əsla qınamır, guya elə belə də olmalıdır.

Qaydenin atası işdən xəbər tutanda Juanı yaralayır, sonra onu satlıq kölə adıyla bir gəmiyə mindirib adadan uzaqlaşdırır. Qız tezliklə xiffətdən ölür, onun eşqi dillərə düşür. Az keçmiş atası da qızının dalınca gedir.

Əsirləri İstanbulun kölə bazarında satırlar. Juan bir xədimin əliylə sultanın hərəmxanasına düşür. Padşahın hərəmlərindən biri ona diqqət yetirir, kimliyi bilinməsin deyə Don Juana zənən paltarı geyindirirlər. İşin üstü açılanda xanımın köləni qaçırtmaqdan savayı çıxış yolu qalmır. Don Juan bu səfər türklərlə savaşan rus ordusunun düşərgəsində peyda olur. Qələbə müjdəsini Yekaterinaya çatdırmaq üçün Suvorov onu xüsusi məktubla Peterburqa göndərir. Burada Don Juan çariçanın sevimlisinə çevrilir. Ancaq Rusiya paytaxtının havası ona düşmədiyindən Juan tezliklə xəstələnir, Yekaterina onu İngiltərəyə göndərməyə məcbur olur.

Sevilyadan yola çıxan ispan zadəganı, nəhayət, Bayronun  vətəninə varid olur. Artıq onun iyirmi bir yaşı var. Burada da o, kübar cəmiyyətin diqqətini çəkir, gənc xanımlar onun başına fırlanırlar. Fəqət bundan sonrasını, qəhrəmanın daha hansı macəralar yaşayacağını, Don Juanın aqibətinin necə olacağını biz bilmirik. Belə deyirlər ki, müəllifin planı sevimli qəhrəmanını daha bir neçə ölkə - Almaniya, İtaliya, İspaniya boyunca gəzdirəndən sonra Parisə aparıb çıxarmaq, Böyük Fransa burjua inqilabının barrikadalarında onun sərgərdan ömrünə, bəlalı taleyinə son nöqtə qoymaq olub. Turgenevin Rudini də sonda məhz belə bir aqibətə tuş gəlmişdi. Yəqin ki, Don Juanın nakam taleyi bu məsələyə təsirsiz ötüşməmişdi...

***

Onun yaradıcılığına Şillerin təsiri barədə düşünəndə istər-istəməz “Qaçaqlar” dramıyla Bayronun “Şərq poemaları” silsiləsindən yazdığı “Dəniz qulduru” mənzum povestini tutuşdurmalı olursan. Şiller estet idi, inanırdı ki, estetik baxımdan düzgün tərbiyə olunmuş insan sonda etik cəhətdən də doğru nəticəyə gələcək. Bayron da estetdir, ancaq onun etik-əxlaqi platforması Şillerin qənaətindən bir medalın ikincü üzü qədər uzaqdır.

Əgər Şillerin qisasçı qəhrəmanı qaçaq Karl Moor sonda epikürçü-anarxist mövqeyindən geri çəkilir, aşıb-daşan, qanla suvarılan ehtirasını cilovlayıb stoisizmə, asketizmə yuvarlanır, ədalət məhkəməsinə könüllü təslim olursa, Bayronun qisasçı qəhrəmanı pirat Konrad divan-tərəzini özü qurur. Azadlıq uğrunda savaşmaq, bu yolda başqalarını öldürmək onun legitim haqqıdır, o, zalımdan intiqam almaq, azadlığını qan bahasına qorumaq haqqıyla ümumbəşəri etik prinsiplər arasında bir təzad görmür. İnsanı öldürməyi yasaq buyuran xristianlıq ehkamı da onun əl-qolunu bağlamır, o, müsəlman paşalarıyla din-şəriət cəbhəsində yox, azadlıq uğrunda savaşır. Onun dini də, məzhəbi də fərdi azadlığını qorumaq, heç kimsəni öz çəpərindən içəri buraxmamaq, başqa sözlə, anarxizmdir.

Şiller tipik bir zahid kimi varlığımızın kainatın mühərriki sayılmağa layiq ehtirasları bəsləyib işə salan yanını demonik başlanğıc, şeytani qaynaq hesab eləyirsə, Bayron da öz rindanə düşüncəsiylə vücudumuzun qorxuları, ağrıları, əzabları barındıran qütbünü demonlaşdırır, azadlıq, dinclik uğrunda mübarizədə məhz o qütbü hədəf seçir. Bayronun aparıcı personajları (o cümlədən Don Juan) qorxunun, zülmün əsarətindən qurtulub həyatın dadını duymaq istəyən epikürçü tiplərdir. Bu baxımdan onu Ştirnerin, Bodlerin, Turgenevin, özündən sonrakı bütün fərdiyyətçilərin əcdadı saymaq olar.

***

Donjuanlıq əbədi mövzu kimi sonrakı dönəmlərdə də ədəbiyyatın diqqətindən qıraqda qalmadı. Henri Millerin ötən əsrin birinci yarısında işıq üzü görmüş “Xərçəng tropiki”, Qabriel Qarsia Markesin əsrin ikinci yarısında yazılmış “Vəbalı çağda sevgi” romanlarını bu mövzuya qayıdış kimi dəyərləndirmək olar. Hətta Nabokovun “Lolita” romanının qəhrəmanı Qumberti də Don Juanın yeni dövrdə zühur eləmiş monoqamlığa meyilli çağdaş versiyası saya bilərik.

F.Uğurlu

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30