Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Kainatın mühərriki ehtiraslar

Kainatın mühərriki ehtiraslar

25.10.2024 [09:18]

Corc Qordon Bayronun “Don Juan” mənzum romanı haqqında

Bayron klassik Avropa ədəbiyyatının sonbeşiyidir. Onun otuz altı illk natamam ömrü qoca qitədə həm ictimai-siyasi tarixin, həm də fikir tarixinin yeniləndiyi dövrə düşür. Fəlsəfi-estetik baxımdan klassik şairlərlə bir cəbhədə təmsil olunsa da, Bayronun istər düşüncə sistemində, istərsə də üslubi dinamikasında yeni epoxaya keçidin əlamətləri aydın sezilir. “Manfred”, “Qabil” kimi dramatik poemalarında o, Dante (“İlahi komediya”), Milton (“İtirilmiş cənnət”), Höte (“Faust”) kimi ustadlardan qalma cığırla gedib dini-fəlsəfi misteriya janrına əl atırsa, “Don Juan” mənzum romanında biz onu realizmə, satirik janra xeyli yaxınlaşan görürük. Yəni həm bir sənətkar, həm bir mütəfəkkir kimi onun bir əli ötən on səkkizinci, bir əli gələn on doqquzuncu yüzillikdəydi.

Dövr elə bir dövr idi ki, zamanı çalxalayan qanlı inqilabların, qitəni silkələyən qlobal savaşların fonunda Bayronun yaşıdları qol çırmayıb yeni ədəbi-fəlsəfi tendensiyaların təməlini atırdılar: Stendal söz sənətini oturuşmuş ədəbi ehkamların, daşlaşmış mənzum forma qəliblərinin monopoliyasından qurtarmaq üçün nəsrə, romana təzə nəfəs verirdi, Şopenhauer klassik fikir avtoritetlərinə, ələlxüsus Hegel adlı bütə qarşı qiyama qalxıb fəlsəfəni həm ideya-məzmun, həm də forma-üslub baxımından yeni məcraya yönəltmək üçün tənha cəngavər sayağı döyüşürdü. Ancaq onların populyarlığı Bayrona baxmış xeyli yubandı, çünki Bayron yeniliyə, yeni dünyanın qurulmasına nə qədər meyilli olsa da, özündən sonrakı fəlsəfi-estetik düşüncəyə, ədəbi zövqə böyük təsir göstərsə də, eynən yeni yüzildə ondan hələ yeddi-səkkiz il də artıq yaşamış ustadı Höte kimi mahiyyətcə on səkkizinci əsrin şairiydi; Stendal, Şopenhauer isə üzünü gələcək nəsillərə tutmuşdu, sözünü təzə əsrdə mayalanası beyinlərə hesablamışdı, buna görə də onların yaradıcı metodlarının populyarlaşması, prinsiplərinin aktuallaşması yubandı. Bu mənada ondan günəgün beş il əvvəl dünyaya gəlmiş Stendal da, ondan cəmisi bir ay sonra doğulmuş Şopenhauer də fəlsəfi-estetik yaşına görə Bayrondan bir xeyli cavandır.

***

Populyarlıqdan danışdıqsa, bunu da deyək ki, Bayronun öz dövründəki şöhrəti söz-sənət tarixində tək-tək adamın məşhurluğuyla müqayisəyə gələr. İlk iri həcmli əsəri olan “Çayld-Haroldun səyahətnaməsi” poemasının birinci-ikinci nəğmələri işıq üzü görər-görməz poemanın iyirmi iki yaşlı müəllifi Londonun, tezliklə həm də bütün Avropanın şeir-sənət generalları sırasında fəxri yer aldı. Təkcə bunu demək yetər ki, əsərin on dörd min nüsxəsi bircə günün içində satılıb qurtarmışdı. O dövr üçün bu, çox böyük, fantastik göstəriciydi.

Bayronun populyarlığı o dərəcəyə çatmışdı ki, onun hətta axsamağını da yamsılayırdılar, hərçənd o özü anadangəlmə qüsuruyla hər zaman mübarizə aparır, psixologiyasına uşaqlıqdan zədələr vurmuş fiziki çatışmazlığını gizləmək üçün dəridən-qabıqdan çıxır, əzələ yarışında heç kimdən zəif olmadığını sübuta yetirməkdən ötrü cürbəcür idman sahələrində böyük hünərlər göstərir, xüsusən də üzgüçülükdə ağlasığmaz rekordlara imza atırdı. Gözəl kübar qadınlar son dərəcə yaraşıqlı, bir o qədər də istedadlı gənc şairin görüşünə getməyi özləri üçün müqəddəs ziyarət sayırdılar.

***

Bayronun əsərlərini ömürlüyündən ayrı nəzərdən keçirmək mümkün deyil. Onun poemalarının, demək olar, bütün baş qəhrəmanları avtobioqrafik obrazlardır. Bu mənada Bayron əsərlərinin həm müəllifi, həm də aparıcı personajıdır. Onun uzun sürməyən həyatı da möhtəşəm bir bədii əsər kimi yaşanıb; bu əsərin fəsilləri təkcə parlaq uğurlardan, gözqamaşdırıcı şan-şöhrətdən, ilham fırtınalarından ibarət deyil, onun səhifələrində ağlı-qaralı ləkələr, bədbinlik, iflas, rüsvaylıq, qəriblik, könüllü sürgün də var.

Əgər ona bir personaj - öz ömrünün baş qəhrəmanı kimi baxsaq, aləmə demonik nur saçan bu gəncin ətli-canlı vücudunda Şekspirin bəxtsiz oğlu Hamletdən də nişanələr tapa bilərik, onu Şopenhauerin nə istədiyini bilmədən müdam sağa-sola əsən çılğın iradəsinə, Ştirnerin öz qəlbinin istəyindən, öz ekzistensiyasının diktəsindən başqa heç bir qanun, heç bir norma tanımayan bircəsinə, təkrarsız təkcəsinə də tay tuta bilərik, üzünü görməyəcəyi Turgenevin bəlkə də bayronizmin təsiriylə yaratdığı, eynən şairin özü kimi şəhərlərə, ölkələrə sığmayan, yad ölkənin, özgə millətin savaşında zavala gələn Rudinə də qohum çıxara bilərik. Təəssüf ki, bu dünya hələ dahiləri sağlığında xoşbəxt eləyə biləcək həddə kamilləşməyib.

Uzağa getməyək, elə rus ədəbiyyatının dünya ədəbiyyatı səviyyəsinə ucalmasında Bayronun birbaşa iştirakı var. Böyük rus poeziyasının iki coşqun qaynağının ikisi də - Puşkin də, Lermontov da dahi ingilis şairinə pərəstiş eləyirdi, onu təqlid eləyirdi. Puşkinin Onegini də, Lermontovun Peçorini də bayronik qəhrəmanlardır, necə deyərlər, onun şinelindən çıxıblar. Bu böyük rus şairləri də öz növbələrində cahanşümul rus nəsrini yaratmış dahilərin yetişməsinə, rus dilinin ədəbiyyat dili kimi formalaşmasına çox güclü təsir göstəriblər. Dolayısıyla götürəndə belə çıxır ki, Bayronun azman rus yazıçılarını, o cümlədən Qonçarovu, Turgenevi, Dostoyevskini, Tolstoyu yetirmiş ədəbi mühitin yaranmasında misilsiz xidməti olub. Bu, hələ onun bir köynək uzağa sıçrayan təsiridir, gör bu çılğın ingilis qitənin içərilərində nə tufanlar qoparıb!

***

Klassik Avropa ədəbiyyatının artıq çoxdan mifik təfəkkür faktına çevrilmiş, folklor səviyyəsinə ucalmış, başlıca arxetiplər sırasında əbədi yer tutmuş dörd parlaq obrazı var - Hamlet, Don Kixot, Faust, bir də Don Juan. Dini şüur üçün Adəm, Nuh, İbrahim, Yusif, Davud, Süleyman, Musa, İsa kimi peyğəmbərlərin obrazı nədirsə (ona görə obraz deyirəm ki, onların gerçək varlığı haqqında heç bir tarixi sənəd yoxdur), ədəbi düşüncə baxımından da bu surətlər həmən gücdədir. Adını tutduğum obrazlar Qərb insanını yedəyində bu günəcən gətirib çıxarıb, indi də eyni minvalla gələcəyə aparır.

Bir möhtəşəm obraz bəzən bütöv bir epoxanın yaranmasına təkan verir, neçə qat insan nəslinin beynini mayalayır, həyatını, davranışlarını şərtləndirir. Məsələn, Nitsşe Dostoyevskidən çox təsirlənmişdi, ancaq onun ideal saydığı obrazlardan yox, məhz böyük yazıçının şeytani qəhrəmanlarından. Dostoyevskinin fövqəlinsanlıq iddiasına düşən şöhrət divanələrini sözün hərfi mənasında qəhrəmana çevirməklə Nitsşe özündən sonrakı bütöv bir epoxanın taleyinə fərman verdi. Çoxu filosofları bu kimi məsələlərdə təmizə çıxarmağa çalışsa da, Almaniyada (dolayısıyla həm də bütün Avropada) totalitar düşüncənin, faşizmin kök atmasında Nitsşenin (eləcə də Hegel başda olmaqla bəzi klassik alman mütəfəkkirlərinin) rolu danılmazdır.

Yaxud başqa bir misal: Tomas Mann iyirminci yüzillikdə iki möhtəşəm arxetipə yeni həyat, yeni nəfəs verdi: “İosiflə qardaşları” tetralogiyasında Allahla “işgüzar” əlaqəyə girən bəsirətli Yusif peyğəmbərə, “Doktor Faustus” romanında Şeytanla müqavilə bağlayan günahkar Fausta. Dövran dəyişdikcə qədim obrazlar yeni qiyafədə, təzə libasda dönə-dönə zühura gəlir. Bu isə o deməkdir ki, həmin obrazlar, Yunqun təbiriylə desək, bəşəriyyətin ortaq təhtəlşüurunda özünə əbədi yuva qurub. Don Juan da belə obrazlardan biridir.

***

Bayrondan əvvəl də, sonra da donjuanlıq mövzusunda xeyli əsər yazılıb. Bunlardan ən çox tanınanı ispan şairi Tirso de Molinanın on yeddinci əsrin birinci yarısında yazılmış pyesi, ondan da məşhuru eyni yüzilliyin ikinci yarısında yazıb-yaratmış böyük fransız dramaturqu Jan-Batist Molyerin “Don Juan” komediyasıdır.

Molina rahib idi, onun insanları günahlardan daşındırmaq məqsədi güdən əsəri tərbiyəvi əhəmiyyət daşıyırdı. Molyer isə klassisizm cərəyanının öncül nümayəndələrindən idi, bu cərəyanın oturuşmuş etik-estetik kanonları vardı, özünü klassisizm məktəbinin müdavimi sayan sənətkarlar həmin kanonlara ciddi əməl eləyirdilər, cızdıqları çərçivəyə sığmayan müəllifləri kulta çevirmirdilər, bu səbəbdən hətta Şekspiri də böyük sənətkar saymırdılar. Prinsipcə, əsərlərində insan xislətinin mənfi cəhətlərini (xəsislik, fırıldaqçılıq, şübhəbazlıq, şəhvətpərəstlik...) hədəfə alan Molyerin də pyesini tərbiyəvi əsər saya bilərik. Klassisizm dövrünün etik-fəlsəfi idealları sonrakı maarifçilik əsrinin ideallarına çox yaxındır - Molyer də Don Juanın timsalında sümsük bir arvadbazın, yalançı aşiqin, fırıldaqçı şəhvət düşkününün aqibətini göstərib.

F.Uğurlu

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30