Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / İsa Məsihin qatili Ponti Pilat

İsa Məsihin qatili Ponti Pilat

03.09.2024 [09:01]

Tarixdə və bir sıra bədii əsərlərdə “Ponti Pilat” adı xristianlığın qurucusu İsa Məsihi ölümə məhkum edən şəxs kimi qalıb. Pilat dini rəvayətlərdə yerdə şərin simvolu, bəzən şeytanın özü kimi dəyərləndirilir. Müqəddəs kitaba görə, bu şəxs həmin dövrdə Yəhudi vilayətində Roma prefekti vəzifəsində çalışır, indiki dillə desək, böyük bir ərazidə qubernator kimi fəaliyyət göstərirdi. 

Roma hüququna görə imperiyanın vilayətlərini idarə edən rəhbərlər müəyyən cinayətlərdə ittiham olunan şəxslərə ölüm hökmü çıxarmaq hüququna malik idi. Yerli dini məhkəmə İsanı həbs edərək Roma məhkəməsinə vermək qərarına gəlmişdi. Pilat çox götür-qoy edəndən sonra “Məsih işi”ni yəhudi kralı Hiroda həvalə edir. Hirod isə İsanı yenidən romalılara təhvil verir.

Xristianların repressiyası

İsa Məsihin məhkəməsi, onun ölümündən (xristianlıqda göyə çəkilməsi) sonrakı hadisələr haqqında iki min il ərzində çoxlu əfsanələr uydurulmuş, kitablar yazılmış, bədii əsərlər yaradılmış, filmlər çəkilmişdir.  Xalq arasında “Məsih”(xilaskar) adlandırılan İsanı ölüm cəzasına məhkum edən Ponti Pilat bu mənada hər zaman ədəbiyyatın maraq dairəsində olan tarixi personaj kimi diqqət mərkəzində idi. O, təkcə İsanı edam etdirməsi ilə yadda qalmayıb. Yəhudeyada qubernator olduğu dövrdə Pilat bir çox buna bənzər hökmlər çıxarıb. İsgəndəriyyəli Filonun yazdığına görə Pilat, edamlar da daxil olmaqla, xeyli sayda məhkəmədənkənar repressiyalar həyata keçirmişdi. Qaynaqlar Pilatı yerli əhalini üsyana məcbur edən və qırğınlar törədən qəddar işğalçı kimi təsvir edir.

Tarixi qaynaqlara görə Pontius Pilat 10 ildən artıq bir müddətdə Yəhudeya qubernatoru vəzifəsində çalışıb. Əslində  bu müddət daim təlatümlü və üsyankar bölgə olan yəhudi torpaqlarında bir şəxsin idarəçiliyi üçün kifayət qədər uzun müddət idi. Sərt və amansız Pilat Yəhudeyanı qorxu gücünə idarə edirdi. Beləliklə, Pilat həm Roma İmperiyası qarşısında, həm də onun bilavasitə, tabe olduğu Suriyadakı Roma valisi qarşısında vəzifələrini artıqlaması ilə yerinə yetirirdi. O zaman Yerusəlimdə yayılmağa başlayan yeni din - xristianlıq Roma imperiyası üçün təhlükə mənbəyi idi. Roma imperatorları xristianlığın kökünün kəsilməsi barədə yerli idarəçilərə göstəriş vermişdilər. Yerusəlimi idarə edən Ponti Pilatın qarşısında duran ən mühüm vəzifələrdən biri yeni dinin ardıcıllarını kütləvi şəkildə repressiyalara məruz qoymaq idi.

Əlbəttə, həmin dövrə aid tarixi qaynaqların sayı elə də çox deyil. İsa Məsihin tarixi şəxsiyyət olub-olmaması barədə bu gün də mübahisələr davam edir. Ancaq Roma tarixinə dair mənbələrdə Yəhudi ərazilərində xristianlığın yayılması, ilkin xristianların fəaliyyəti, həvarilərin təqib olunması barədə məlumatlar yer alır.

Ponti Pilat İsanı üç dəfə əfv edib?

İsanın edam edilməsi ilə bağlı ziddiyyətli fikirlər çoxdur. Bəzi İncil kitablarında Ponti Pilatın adı İsanı öldürməkdən çəkinən hakim kimi qeyd olunur. “Əhdi-Cədid”ə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə imtina etmişdi. 

Rəvayətə görə Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxuda onu narahat etdiyini söyləyərək, ərindən  onu öldürməməyi israrla xahiş edir. Buna görə də bəzi xristian təriqətlərində həmin qadının adı - Klavdiya Prokula hörmətlə xatırlanır.

“Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, (Ponti Pilat)  üçüncü dəfə onlara dedi: O nə bəd iş görüb? Mən Onu öldürmək üçün heç bir səbəb görmürəm. Onu cəzalandırmadan buraxacağam. Lakin onlar (din xadimləri) gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin,  rahibin qışqırtısı da onlara qarışdı. Nəhayət, Pilat onların təkidi ilə qatili zindandan buraxmağı, İsanı isə onların ixtiyarına verməyi qərara aldı”.

(Lukanın İncili)

Göründüyü kimi Roma imperiyasının bütün təqib-təzyiqlərinə, kütləvi edamlara baxmayaraq xristianlığın yayılmasının qarşısını almaq mümkün olmadı. İsa öldürülsə də onun ardıcılları məhv edilsə də yeni din imperiyanın daxilində yayılmağa davam edirdi. Bu onunla nəticələndi ki, sonda bütün Roma imperiyası xristianlaşdı, imperator Konstantin isə şəxsən xristianlığı qəbul etdi.

Ponti Pilatın müəmmalı sonu

Bəs Pont Pilatın taleyi necə oldu?

Qaynaqlara görə eramızın 37-ci ilində Pilatın taleyi ondan üz döndərməyə başladı. Suriyanın gənc vəliəhdi, Lusi Vitellius, İmperator Tiberinin əmri ilə Nabatean krallığının hökmdarı IV Aretas ilə müharibəyə başladı. Vitellius iki legionu ilə Yəhudeyadan keçərək Petra şəhərinə getdi. Samariyalılar üsyanı yatıran Pilatın qəddarlığından şikayətlənirdilər. Bundan sonra Vitellius Pilotu vəzifəsindən azad edərək Publi Marseli Yəhudeya prefekti təyin etdi.  Ponti Pilat bir çox qanunsuz əməllərdə, cinayətlərdə ittiham edilirdi. Nəhayət, məhkəmə qarşısına çıxarılması üçün o, Romaya göndərildi.

Vitellius Yəhudeya qubernatoru təyin edilər-edilməz, sosial islahatlara başladı. O, Yerusəlim ərazisində meyvə vergisinin ləğvini elan etdi, həmçinin baş kahinin müqəddəs paltarını yəhudilərə qaytardı. Yəhudeyanın baş kahini Kayafanı Conatanla əvəz etdi. Bu dəyişikliklər yerli əhali tərəfindən çox yaxşı qarşılandı. Çünki Yəhudeyanın dini elitası uzun illər idi ki, korrupsiyaya qərq olmuşdu və bu arzuolunmaz vəziyyət Pilatın rəhbərliyi ilə sıx əlaqəli idi. Onu da qeyd etmək lazımdır ki, Vitelliusun bu tədbirləri onun mərhəmətindən və ya ədalət hissindən irəli gəlmirdi. O, bir siyasətçi kimi hər şeydən öncə praqmatik maraqlarını düşünürdü. Qonşu dövlətlə müharibəyə başlamazdan əvvəl yerli əhalinin dəstəyini almaq, onların rəğbətini qazanmaq lazım idi.

Vəzifəsi əlindən alındıqdan sonra keçmiş prefekt Yəhudeya ərazisindəki  Roma hökmdarlarının iqamətgahının yerləşdiyi Qeysəriyyəni tərk edərək Romaya getdi. Həm də təkcə yox, ailəsi ilə birlikdə. Ancaq bundan sonra Pilatın başına nə gəldiyi və məhkəməsinin baş tutub-tutmadığı məlum deyil.

Pilat Romaya çatanda Roma imperatoru Tiberi Neapol yaxınlığındakı sarayında öldü. Onun yerinə isə Roma taxt-tacına hoqqabazlığı, qəddarlığı və əxlaqsızlığı ilə ad çıxaran Kaliqula sahibləndi. Yeni imperator ilk vaxtlar olduqca ehtiyatlı davranır, öz qərarları ilə Senatı narazı salmamağa çalışırdı. Bəlkə də məhz, bu ehtimala görə Pilat Roma məhkəməsindən  canını qurtara bilmişdi. Kaliqulanın isə Pilatın məhkəməsini və edamını təşkil etmək üçün heç bir əsaslı səbəbi yox idi. Onun Pilatı həbs və ya edam etdirməsi  onun Romadakı mövqeyini sarsıda, onu etibardan sala bilərdi. Odur ki, Kaliqulanın Pilatı cəzalandırması o qədər də ağlabatan fikir deyil.

Çox güman ki, istefasından sonra Pilat, mənfi reputasiyası  və keçmiş imperator Tiberinin əvvəlki administrasiyası  ilə əlaqəsi səbəbindən Roma İmperiyasında başqa vəzifələr almadı. Pilat köhnə siyasətçi idi, odur ki, yeni imperatorun lütfünə çox da arxalana bilməzdi. Kaliqula isə hakimiyyətə gələn kimi yeni kadrlar təyin etdi. Lakin məhkəmə hər an Pilatı müttəhimlər kürsüsünə dəvət edə bilərdi. Ona görə də güman edilir ki, Pilat vaxt itirmədən  şəxsi villasına yol alıb. O bu saraydakı həyatını səssizcə və Romada heç bir dövlət postu olmadan keçirib. Beləliklə, İsa Məsihin qatilinin vəzifədən sonrakı həyatı və fəaliyyəti barədə qaynaqlarda hər hansı məlumat yoxdur.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Səmərəli fəaliyyət

10 Sentyabr 14:50

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30