Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Stalinin bəyəndiyi antisovet əsər

Stalinin bəyəndiyi antisovet əsər

11.07.2024 [11:00]

Mixail Şoloxovun “Sakit Don” roman-epopeyası haqqında

1964-cü ildə Jan-Pol Sartr ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Ancaq böyük yazıçı, dramaturq, filosof ali mükafatdan imtina elədi. İmtinanın bir səbəbi onun heç bir sosial təsisatdan, ictimai institutdan (hətta bu təsisat, yaxud institut nə qədər müsbət, şərəfli işlər görsə belə) asılı olmamaq istəyinə bağlıydısa, səbəblərdən biri də Nobel komitəsinin sosialist düşərgəsinə, o cümlədən sovet ədəbiyyatına soyuq, biganə münasibətiydi. Sartr təəssüflə söyləyirdi ki, sovet yazıçıları arasında dünyanın ən nüfuzlu ədəbi mükafatına nədənsə Şoloxov yox, Pasternak layiq görülüb, üstəlik, laureatın əsəri (yəni “Doktor Jivaqo” romanı) yalnız ölkə xaricində işıq üzü görüb, öz ölkəsində isə bu əsərin nəşri qadağan olunduğuna görə xalqın ondan xəbəri yoxdur.

Bilmirəm Sartrın bu sözləri Nobel komitəsinin üzvlərinə təsir göstərmişdi, ya yox, ancaq növbəti il - 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını “Sakit Don”un müəllifi aldı. Doğrudur, buna qədər Şoloxovun Nobelə namizədliyi bir neçə dəfə irəli sürülmüşdü, fəqət sovet dövlətinin bütə çevirdiyi yazıçı hər dəfə seçilmişlər siyahısından kənarda qalmışdı. Bu da təsadüfi deyil - Nobel mükafatının ədəbiyyat üzrə münsiflərinin siyasətdən də başı çıxır.

Şoloxovdan əvvəl ali ədəbi mükafata yalnız iki rus yazıçısı - emiqrasiyada yaşayan İvan Bunin, bir də öz vətənində emiqrant həyatı yaşayan Boris Pasternak layiq görülmüşdü. Onların hər ikisinin uğurunda siyasi motiv tapmaq olar, amma Şoloxova münasibətdə belə bir motivin varlığından danışmaq mümkün deyil, çünki Şoloxov sovet hökumətinin sevimlisi, hər cür imtiyaza əli çatan “rəsmi” sovet yazıçısıydı. Bu üstünlük, bu rəsmi rəğbət nə ondan qabaqkı, nə də ondan sonrakı (Aleksandr Soljenitsın, İosif Brodski) rus nobelçilərinə qismət olmuşdu.

***

Doğrudur, Şoloxov da şöhrətə gedən yolu asanlıqla keçməmişdi. Bunin kimi ömürlük qürbətdə, Pasternak kimi daimi basqı altında, Soljenitsın kimi gedər-gəlməz sürgündə, Brodski kimi siyasi türmədə yaşamasa da, ta gəncliyindən ədəbi xəfiyyələrin, ədəbi casusların, ədəbi cəlladların mühasirəsində yazıb yaratmış, öz varlığını sübuta yetirməkdən ötrü ölənəcən mübarizə aparmışdı. “Sakit Don”un birinci, ikinci cildləri işıq üzü görər-görməz onun haqqında şayiələr yayılmışdı: guya Şoloxov bu romanı özü yazmayıb, o vaxta qədər imzası artıq tanınan, ötən əsrin iyirminci ilində tifdən ölmüş Fyodor Kryukov adlı ağqvardiyaçı zabitin yarımçıq əsərini mənimsəyib. Özü də kazak əsilli iki nömrəli sovet yazıçısı (bir nömrəli, əlbəttə, Qorki idi) Aleksandr Serafimoviçin sayəsində roman-epopeyanın ilk iki kitabı xüsusi çətinlik görmədən çap olunsa da (Serafimoviç Şoloxovun romanıyla tanışlıqdan sonra baş redaktoru olduğu “Oktyabr” jurnalının çapa gedən nömrəsindən öz əsərini çıxarıb, yerinə “Sakit Don”un birinci hissəsini qoymuşdu), bu kimi şayiələr nəticəsində üçüncü cildin nəşri daşa dirəndi. Gənc yazıçının üstünə dörd tərəfdən şər-böhtan daşları, tənə oxları yağdırıldı, cavanlığı onun başına qaxıldı, o yaşda şedevr yaratmağı dövrünün ən azman, ən cəsarətli, ən doğruçu, ən gerçəkçi qələm ustasına nöqsan tutuldu.

Çərxi-fələyin qəribə işləri var: bəzən ən doğru, ən obyektiv sözü ən yalançı, ən qərəzli adam deyir. Bəzən Tanrı ən əziz adamını İblisin əliylə qoruyur. Belə bir möcüzə Şoloxovun da başına gəldi - yetmiş illik sovet hakimiyyəti dövründə yazılmış ən antisovet romanın müəllifini qəddar düşmənlərinin əlindən iyirminci əsrin ən amansız tiranı İosif Stalin aldı. Əvvəlcə Serafimoviçin təşəbbüsüylə komissiya yaradıldı, Şoloxov əlyazmalarını həmin komissiyaya təqdim elədi, romanın yaranma, yazılma prosesi araşdırıldı, nəhayət, əsərin Şoloxova məxsus olduğu SSRİ-nin baş mətbuat orqanı “Pravda” qəzetində çap olunan bir yazıyla rəsmən təsdiqləndi.

Üçüncü kitabın bəxtinin açılmağına gəlincə, bu məsələ sovet yazıçılarının komandanı Maksim Qorkinin bağında keçirilən bir görüşdə çözülmüşdü. Stalin o bağda ev yiyəsinin təşəbbüsüylə hələ şəxsən tanımadığı Şoloxovla görüşmüşdü, onun arqumentlərini dinləyəndən, öz suallarına cavab alandan, yeni cildin məzmunuyla tanış olandan sonra üçüncü kitabın çapına razılıq vermişdi. Bununla da sovet ədəbi nəşrlərinin qapıları Şoloxovun üzünə yenidən açılmışdı.

Fəqət yazıçıya düşmən kəsilənlərin dili-ağzı ondan sonra da bağlanmadı, bu gün də bağlanmayıb. İnsafən, onların arqumentləri də güclü, inandırıcı görünür, həm də romanı təkcə Kryukovun adına çıxmayıblar, ötən səksən il ərzində Şoloxova onlarla “şərik” tapıblar, bəziləri öz qənaətlərində absurda qədər gedib çıxıb. Eynən bizim Qurban Səid imzası altında üzə çıxarılmış “Əli və Nino”muzun müəllifliyi ilə bağlı dartışmalarda məsələni həm Yusif Vəzir Çəmənzəminlinin, həm də Məhəmməd Əsəd bəyin xeyrinə həll eləməyə çalışanların əlində daşdan keçən dəlillər olduğu kimi, “Sakit Don”la bağlı da hər iki cəbhədə duranların sərəncamında təkzibə dözümlü sübutlar var. Mübahisələr o dərəcəyə qədər şişib ki, az qala filologiya elmində ayrıca sahəyə çevrilib, bu məsələyə həsr olunmuş, məqalələr bir yana, kitablar yazılıb, geniş miqyaslı araşdırmalar aparılıb.

***

Axtarışların nəticəsi nə olur olsun, “Sakit Don” epopeyası iyirminci əsr ədəbiyyatının misilsiz abidələrindən biri, öz sahəsində, mərtəbəsində tayı-bərabəri olmayan bir əsərdir. Hələlik təkzib olunmamış bioqrafik sənədlər (bundan sonra da təsdiqini tapacağına inanıram) bizə deyir ki, müəllif romanı yazmağa təqribən iyirmi yaşında - 1925-ci ildə başlayıb. Üstündən on beş il keçəndən sonra - 1940-cı ildə əsərin sonuncu kitabı işıq üzü görüb. Bu minvalla epopeya on beş ilə ərsəyə gəlib. Roman dörd kitab, səkkiz bölümdən ibarətdir. Əsərdə hadisələr təxminən on il ərzində - 1912-ci ildən 1922-ci ilə qədər cərəyan eləyir. Bu zaman kəsiyi Rusiya tarixinin ən qanlı-qadalı, ən bəlalı-qovğalı dövrüdür - Birinci Dünya müharibəsi, monarxiyanın devrilməsi, Müvəqqəti hökumət, Oktyabr inqilabı, ardınca da ağlarla qırmızılar arasında vətəndaş qırğını... Təkcə bunu demək yetər ki, Don kazaklarının yarısı bu savaşlardan salamat çıxmamışdı.

Epopeyada kiminin hesablamasına görə 700-dən artıq, kiminin də hesabıyla 850-yə qədər adlı-adsız personaj var. Müəllif bu irili-xırdalı personajların, demək olar, hər birini oxucuya xarakterik cizgiləriylə təqdim eləyir. Roman həm epoxal əhəmiyyətli təbəddülatlarla, həm də ailə-məişət səviyyəli toqquşmalarla zəngindir. Hadisələr əsasən Don çayı qırağındakı məkanlarda, kazakların məskunlaşdığı ərazilərdə, müəllifin çox yaxşı bələd olduğu yerlərdə cərəyan eləyir. Əvvəlki məşhur rus romanlarından fərqli olaraq “Sakit Don”un aparıcı qəhrəmanları zadəganlar, burjuylar, ziyalılar yox, sadə, avam, savadsız, amma zəngin xarakterli, çılğın temperamentli, təzadlı insanlardır. Yazıçı həyata, hadisələrə, təbiətə onların gözüylə baxır, təkcə dialoqlarda yox, təhkiyəsində də onların diliylə danışır.

Roman Don kazaklarının ləhcəsində işlənən dialekt sözlərlə doludur. Mən bu faktı xüsusən də el dilində dövriyyədə olan, hansısa bölgənin sərhədini aşa bilməsə də, ümumişlək status qazanmağa layiq sözlərimizə, necə deyərlər, papaq altında yatan qızıl kimi kəlmələrə, ifadələrə xor baxan gənclərimizin nəzərinə çatdırmaq istərdim: nədənsə kazak ləhcəsi “Sakit Don”un nə Rusiya miqyasında, nə də bütün dünyaya yayılmasına mane olmayıb. Əlbəttə, ləhcə sözlərindən yeri gəldi-gəlmədi hər əsərdə istifadə eləmək olmaz, ancaq bu sözlərin işlənməsinə qadağa qoymaq, hansısa dialektin əsarətində qalmış kəlmələrin, ifadələrin ümumişlək ədəbi dilə yolunu bağlamaq da dilə qənim kəsilməkdir. Hələ burasını demirəm ki, klassik ədəbiyyatımızda, o cümlədən Azərbaycan sovet klassiklərinin əsərlərində nə qədər qiymətli sözlərimiz mürgüləyir...

***

“Sakit Don” həm ailə-məişət dramı, həm də xalqın sosial-epoxal tarixinin salnaməsidir. Əsərin mərkəzində Melexovların taleyi durur. Baş qəhrəman Qriqori Melexovun babası Prokofi keçmiş zamanlarda rus-türk savaşından bir osmanlı qızıyla qayıdıb, sonra həmin qızla evlənib. Ona görə də kənddə onun törəmələrinə “türklər” deyirlər. Sonradan yerli adamlar, fanatik xristianlar yad gəlini, müsəlman qızını cadugər, ifritə saydıqlarından onu linç eləyiblər. Bu səbəbdən “Melexovların evi xutorun lap kənarındadır” (əsər bu cümləylə başlayır). Yeri gəlmişkən, xutorun Tatarsk adlanması da, çox güman, bu faktdan qaynaqlanır.

Qriqorinin atası - xarakterində kazak çılğınlığıyla türk coşqusunu birləşdirən, axsaq ayağını çəkdiyinə görə taytıya-taytıya yeriyən, donqarburun, qulağı sırğalı Panteley Prokofyeviç hökmlü, cığal, bir az hiyləgər, bir az da zalım qocadır. Anası Vasilisa İliniçna övladlarının atasına daban-dabana zidd olan bir qadındır - təmkinli, fədakar, mömin tipdir. Qriqorinin özündən böyük qardaşı (Petro), özündən kiçik bacısı (Dunyaşa) var. Petronun arvadı Darya həyatsevər, zarafatcıl, ehtiraslı bir gəlindir, ancaq nədənsə övladı olmur.

Onların qonşuluğunda yaşayan gənc Astaxovlar ailəsinin də övladı yoxdur. Stepan Astaxovun iyirmi yaşlı arvadı Aksinya çox gözəl, yaraşıqlı, qara gözlü, dolğun dodaqlı çılğın bir kazak qızıdır, bu kəndə üç il qabaq qonşu xutordan gəlin gəlib, bir cüt uşaq doğsa da, uşaqların hər ikisi körpəykən ölüb. Toyundan bir il əvvəl əlli yaşlı atası başıbəlalı Aksinyanı işləməyə getdikləri çöldə zorlayıb, anasıyla qardaşı bundan xəbər tutanda atanı döyə-döyə öldürüblər. Odur ki, gəlin bakirəliyini toyuna qədər qoruyub saxlamadığına görə ərinin yanında gözükölgəlidir (üstəlik, başına gələni açıb-ağarda da bilmir), qəddar Stepanın yumruğu onun bəlalı başından gecə-gündüz əskik olmur.

Stepan hərbi təlim düşərgəsinə yollanandan sonra Qriqori ilə Aksinya arasında eşq macərası yaşanır. Yazıçı onların münasibətini əsərin sonlarına qədər izləyir; bu münasibət iki gəncin erotik əyləncəsindən, fizioloji bağlılıqdan mənəvi birgəliyə, könül, tale birliyinə qədər uzun, məşəqqətli təkamül yolu keçir. Romandakı Qriqori-Aksinya xətti antik

dövrdən üzübəri dünya ədəbiyyatının gördüyü ən parlaq, ən faciəvi sevgi münasibətlərindən biridir.

Belə deyirlər ki, Aksinyanın prototipi yazıçının doğmaca anasıdır, çünki o da zorla verildiyi yaşlı bir tacirin əlindən qaçıb Aleksandr Şoloxovla ailə qurmuşdu, ancaq onlar o zamankı qanunların əngəl törətməsi ucbatından bu münasibəti tacir ölməyincə rəsmiləşdirə bilməmişdilər. Hətta gələcək yazıçı on iki yaşına qədər tacirin soyadını daşımağa məcbur olmuşdu, öz gerçək soyadına yalnız o yaşdan sonra yiyələnə bilmişdi. Fəqət məşhur sovet rejissoru Sergey Gerasimovun 1957-ci ildə çəkdiyi “Sakit Don” filmində Aksinya rolunu oynamış mərhum aktrisa Elina Bıstritskayanın bir müsahibədə dediyinə görə, çəkiliş qrupu Don sahillərində iş başında olduğu zaman Şoloxov ona Aksinyanın qocalıb-qarımış prototipini şəxsən göstəribmiş...

***

Sovet hakimiyyətinin kəshakəs vaxtında qələmə alınmış bu romanın bir qəribəliyi də budur ki, qondarma sosializm realizmi cərəyanının kanonlarına əsla tabe olmur, yuxarıdan verilən ədəbi direktivlərin böyründən keçir. Burada ənənəvi mənada müsbət (elə mənfi də), kommunist ideallarına illüstrasiya sayılacaq nümunəvi qəhrəman yoxdur, obrazlar hərtərəfli, hərüzünə təsvir olunub. Bu fikri baş qəhrəman haqqında da deyə bilərik. Qriqori Melexov yaraşıqlı, mərd, qoçaq, igid oğlandır, müharibə vaxtı kazakların bir polyak qızını kütləvi şəkildə zorladığını görəndə zavallı qadını onların əlindən almağa çalışır, ancaq bir sürü gözü qızmış yırtıcıya gücü çatmır, kazaklar onu yerə yıxıb əl-ayağını bağlayırlar. Ölümcül yaralanmış bir zabiti ən ağır şəraitdə çox böyük çətinliklə, həyatını riskə atmaq bahasına xilas eləyir, buna görə Georgi xaçı alır. Şərqi Prussiyada yaralı Stepan Astaxovu - onu öldürməyə and içmiş rəqibini düşmənin mühasirəsindən çıxarır.

Fəqət müəllif öz qəhrəmanını nə qədər sevsə də, onu idealizə eləmir, gənc Melexovun zalımlığını, impulsiv hərəkətlərini, başqa mənfi cəhətlərini də göstərir. Məsələn, Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan imperiyasının sərhədlərində döyüşən Qriqori silahsız düşmən əsgərini qılıncıyla çapır, hərçənd dərhal peşman olub atdan düşür, uzun-uzadı öz qurbanının tamaşasına durur, həftələrlə yuxusunu qarışdırır, rahat yata bilmir. Çəkdiyi mənəvi əzabları sonralar qardaşıyla da bölüşür. Yaxud gələcək yeznəsi bolşevik Mixail Koşevoyun vətəndaş müharibəsinin gedişində qardaşı Petronu güllələdiyini biləndə atını minib ley kimi qırmızı əsirlərin saxlandığı yerə sürür, bolşeviklər tərəfdən döyüşmüş matrosları qılıncdan keçirir, sonra da üzüqoylu torpağa döşənib hönkür-hönkür ağlayır.

Arvadının ona xəyanət elədiyini hələ təlimdəykən eşidən Stepan evə qayıdanda Aksinyanı vəhşicəsinə döyür, qadın ərinin əlindən birtəhər qurtulub yaralı, əzik canını çölə atır, səsə Qriqori özünü yetirib Stepanın üstünə atılır, ardınca Petro da qardaşına köməyə gəlir. Ancaq Panteley Prokofyeviç oğlunu Aksinyadan soyutmaq üçün onu evləndirmək qərarını verəndə Qriqori atasının iradəsinə asanlıqla təslim olur, Aksinya ilə görüşüb artıq münasibətə son qoymaq vaxtı gəldiyini bildirir, necə deyərlər, həvəsdi, bəsdi. Aksinya bədənindəki qançırları ona göstərib deyir ki, əri onu hər gün qəddarcasına döyür, Qriqori isə bundan çox da təsirlənmir, onun üzündən başı bəlalar çəkən qadını zalım fələyin ümidinə buraxıb getmək onun qəlbini sızlatmır.

Gənc Melexovu imkanlı Korşunov ailəsinin qızı Natalya ilə evləndirirlər. Əslində, Korşunovlar Melexovlara qız verməzdilər, bu ailəni özlərinə tay tutmazdılar, intəhası, Natalya özü Qriqorini seçir, ona ərə getməkdə təkid göstərir. Toydan az sonra Qriqori sevgisiz evlənməklə yanıldığını, odlu-alovlu Aksinyaya nisbətdə arvadının nə qədər sönük olduğunu anlayır, Natalyanın soyuqluğunu, onun kişi duyğularını tərpətmədiyini, arvadını sevmədiyini qəddarcasına zavallı gəlinin birbaşa üzünə söyləyir. Qüruru sındırılmış gəlin - abırlı-həyalı, vəfalı, etibarlı, ailəcanlı Natalya bundan sonra özünə qəsd eləməyə çalışır, kərəntiylə boğazını ağır yaralasa da, ölmür.

Sağalanda Natalya öz doğma yuvasına - atası evinə qayıtmağa can atır, fəqət əsəbi, çılğın Panteley Prokofyeviç buna yol vermir, gəlinini yanında saxlayıb oğlunu qovur. Qriqori Aksinyaya xəbər göndərir, Aksinya ərini yanıldıb gecəylə evdən qaçır, Qriqoriyə qoşulub yaxınlıqdakı mülkədarın yanında qulluğa girir - Qriqori muzdurluq, Aksinya qaravaşlıq eləyir. Burada onların qızı doğulur. Sonra Qriqorini əsgər aparırlar.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30