Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Kişi əmrinə möhtac kişi düşməni

Kişi əmrinə möhtac kişi düşməni

15.05.2024 [10:50]

Avqust Strindberqin “Fröken Jüli” pyesi haqqında

Əvvəli ötən sayımızda...

Onlar birlikdə qaçış planı cızırlar. Söhbət əsnasında Jülinin dərdi açılır, kişilərə nifrət bəsləyən anasından danışır. Məlum olur ki, qızın anası kişiyə təslim olmağı, ailəni, fədakarlığı özünə əskiklik bilirmiş, Jülini də istəmədən dünyaya gətirib. Atası frökeni uşaqlıqdan oğlan kimi böyüdüb, bu səbəbdən Jüli nə qızlığından, nə də oğlanlığından yarıyıb. İndi qızın qadınlığı dilə gəlib, təbiəti üzünə durub, fəqət onun kişilərlə davranmaq təcrübəsi yoxdur, sevmək əlindən gəlmir, buna görə də ünsiyyətdə olduğu kişini alçaltmaqdan, onun qarşısında alçalmaqdan şeytani bir zövq alır.

Jüli kişi tayfasına nifrət bəslədiyini Janın qarşısında açıq-aşkar boynuna alır. Bununla belə bir-birinə qoşulub uzaq, əlçatmaz bir yerə qaçmağı, bir-birindən doyunca zövq alandan sonra birlikdə ölməyi də Jana təklif eləyir. Lakeyinsə bu təklif heç ürəyindən olmur, onu ölmək yox, yaşamaq, varlanmaq, oğul-uşaq yiysi olmaq, bu dünyadan köçməmiş övladlarının mənsəbini, ictimai rütbəsini artırmaq düşündürür. Hiyləgər Jan Jülinin fitvasına gedəcək qədər romantik deyil, daha doğrusu, onun xarakterində romantikadan əsər-əlamət yoxdur.

Fröken Jüli isə romantikdən daha çox infernal qadın, Dostoyevskinin Nastasya Filippovnası kimi cəhənnəm mələyidir. O, problemi çözməyə yox, daha da dolaşdırmağa can atır; o həddəcən dolaşdırmağa ki, onu çözmək bir daha mümkün olmasın, sonda güman tiyəsi itilənmiş bir bıçağa, ya da bir ülgücə çatsın.

***

Artıq gecədən çox keçib, qraf səfərdən qayıdandan sonra plan qurmağın mənası qalmayacaq. Başına gəlmiş müsibətin, rüsvayçılığın yükü altında Jüli atasının evində, nökər-qaravaşın arasında dolana bilməz. Lakey ona təkbaşına qaçmağı məsləhət görür, ancaq bu, mümkün deyil.

Fröken Jüli bir aristokrat qızı kimi oğurluğa, əyriliyə alışmayıb, üstəlik, müstəqil davranmaq, sərbəst qərar vermək gücündə də deyil. Bu səbəbdən Jandan xahiş eləyir ki, təşəbbüsü ələ alıb ona əmr versin, üstün varlıq kimi qabağa düşsün. Kişi düşməni kişilikdə haqqı olmayan ən aşağı məxluqun əmrinə, göstərişinə möhtac qalır. Lakey Jan əlinə verilmiş səlahiyyətdən var gücüylə yararlanır, qıza atasının saxlancından pul götürmək əmri verir. Jüli müticəsinə əmri yerinə yetirir.

Onlar çamadanlarını yığıb yola çıxmağa hazır olanda Kristina yuxudan durub mətbəxə gəlir. Adaxlısıyla xanımının davranışlarından qulluqçu işin nə yerə çatdığını anlayır. Kristina onları baş-başa buraxıb kilsəyə səhər ibadətinə gedir. Qulluqçunun ilahi möcüzəyə saf ürəkdən inanması fröken Jülini təəccübləndirir. Jülinin qəlbi belə inama açıq deyil. Onun üçün qəfəsdə saxladığı quşa tapınmaq Tanrıya tapınmaqdan qat-qat asandır.

Əslində, o quş elə gənc xanımın bəzəkli qəfəsdə çırpınan ruhudur. Jüli quşu da özüylə aparmaq istəyir, ancaq onu tuta bilmir. Xanımın inadkarlığı lakeyi qəzəbləndirir, Jan quşu tutub qəfəsdən çıxarandan sonra mətbəx bıçağıyla boynunu vurur. Bununla da faktiki olaraq fröken Jülinin edamına fərman verir, ona ta uşaqlığından acılar çəkdirmiş, zədələr vurdurmuş bir sülaləyə son qoyur, onun əlini çörəyə çatdırmış ağasının nəslini kəsir. Bundan sonra Jülinin intiharı quşun qətlinə illüstrasiya kimi görünür (tərsinə də söyləmək olar).

***

Ancaq xanım sonuncu addımını atmaqda da sərbəst deyil. Artıq qraf səfərdən qayıdıb, yuxarıdan aşağı zəng vurub çəkmələrini istəyir. Tezliklə o, xəzinəsinin yarıldığından xəbər tutacaq.

Son bir neçə saatda fröken Jülinin üzərində ağalıq təcrübəsi keçmiş lakey ağasının səsini eşidəndə vur-tut nökər olduğunu, heçkim olduğunu bir daha xatırlayır. Ancaq bu nökər daha əvvəlki nökərə bənzəməz, bu nökər ən yaxın dəqiqələrdə ağasının soy ağacını bir baltayla yıxacaq. Fröken Jüli yenə ondan əmr istəyir - özünü öldürmək əmri. Xanım lakeyin uzatdığı ülgücü ondan alıb əmrə müntəzir içəridən çıxır...

Gerisini təsəvvürə gətirmək çətin deyil. Əgər bolşevik inqilabı İsveçdə baş vermiş olsaydı, lakey Jan o qanlı çevrilişin liderləri sırasında yer tutacaqdı. Ancaq İsveç xalqına xoşbəxtlikdən belə bədbəxtlik üz vermədi.

Belə isə lakey Jana hansı yol qalır? Yəqin ki, o, tezliklə ağasını zəhərləyəcək. Bəs necə, axı artıq dişi qana batıb! Qrafın pullarının bir qismini mənimsəyib özünə gün-dirrik quracaq. Otel də tikdirəcək, restoran da açacaq, əkin də əkdirəcək, mal-qara da saxladacaq. Ağasının mülkünü olmayan varisindən satın alacaq. Sonra da o mülkün həyətində at oynadıb keçmiş nökər həmkarlarını ləzzətlə qamçılayacaq. O evdə, o sarayda sinirlərini yaralamış nə varsa, heç birindən qisas güllələrini, intiqam atəşini əsirgəməyəcək. İllər sonra biznes kralına çevriləcək, puldan silah kimi istifadə eləyəcək. Bəlkə bu gün dünyada dövr eləyən kapital damarlarında lakey Janın fröken Jülinin qanına bulaşıq pulları da fırlanır...

***

Henrik İbsendən fərqli olaraq Avqust Strindberq qadın emansipasiyası mövzusuna, yumşaq desək, o qədər də isti yanaşmırdı. Sadə xalqın, zəhmətkeş kəndlinin yüz illərin sınağından çıxmış ailə münasibətləri, həyat tərzi ondan ötrü əsl örnək idi. Əsrlər boyu qadın ev, kişi də çöl işləriylə məşğul olub, burada yeni nəsə uydurmağa, yerləri, vəzifələri qarışıq salmağa ehtiyac yoxdur. Təbiətə yanaşmaq, xalqın təbiətlə həmahəng vuran qəlbini dinşəmək gərəkdir. O zaman qadın da, kişi də öz dərsini yaxşıca mənimsəyib əzəli missiyasını dərk eləyəcək, vəzifəsini sevə-sevə yerinə yetirəcək, səlahiyyətini aşmağa cəhd göstərməyəcək.

Əgər fröken Jüli kişi düşmənliyini özünə prinsip seçib kişi kimi davranmağa çalışmasaydı, sevdiyi kişini (əlbəttə, söhbət Jandan getmir) alçaltmaqdan yox, ucaltmaqdan zövq alsaydı, canındakı coşqun qadınlıq enerjisindən təyinatı üzrə istifadə eləməyi bacarsaydı, kindən, nifrətdən don geyinmiş xain lakeyin girovuna da çevrilməzdi. Jan nə qədər qəddar, zalım olsa da, dediklərində həqiqət payı var: sadə el qızları adətən aristokrat Jüli kimi davranmırlar, onlar saf könüldən sevməyi də, sevdiyinə bir rahibə itaətiylə təslim olmağı da, sevdiklərinin üstündə əsməyi də bacarırlar.

Qulluqçu Kristina da o qızlardan biridir. Xanımının davranışları onda ikrah doğurur, qadın qrafın evindən getməyə hazırlaşır. Onun lakey Janla izdivacı, çox güman, uğurlu, həm də təbii olardı, onda Janın qəlbini kin-küdurət hisi-pası bu qədər qaraltmazdı, mömin Kristina onu harama, cinayət yoluna itələməzdi.

Fəqət fröken Jülinin yanlış sevgi siyasəti üç ömrü birdən tarmar elədi, üç həyatı bir həmlədə xaraba qoydu. Bundan sonra lakey Janla qulluqçu Kristinanın xoşbəxt ailə qurmağı, halal zəhmətlə, sakit vicdanla, dinc ürəklə yaşamağı mümkün deyil. Kristina ya Janın yelinə uçub onun cinayətlərinə şərik olacaq, ya da monastıra gedib gözüylə gördüklərinin günahını vicdanından silməyə çalışacaq...

Göründüyü kimi, qadın emansipasiyası, feminizm heç də hər kişi mütəfəkkirin alqışladığı, rəğbət bəslədiyi məsələ deyil. Kimi qadının xoşbəxtliyini onun cəmiyyətdəki statusunun artırılmasında, kimi də onun təbiətdəki ənənəvi yerinə qaytarılmasında görür. Henrik İbsen birincilərdən, Avqust Strindberq ikincilərdəndir. Onlar üzdə bir-birinə rəqib görünsələr də, bir-birini tamamlayırlar: İbsenin Norası toplumun tam səlahiyyətli üzvünə çevriləndə əzəli təbii missiyasına qayıdacaq; Strindberqin Jülisi isə əzəli təbii missiyasına qayıtmaqla mənəvi aristokratiyanın tam səlahiyyətli üzvünə çevriləcək.

***

Avqust Strindberq həm nasir, həm dramaturq kimi təkcə İsveç, Avropa yox, bütün dünya ədəbiyyatına təsir göstərmiş yazıçıdır. İsveç xalqı bir sıra fikir, sənət yeniliklərinə Avropanın aparıcı xalqlarından bir qədər gec qapı açmış olsa da, belə azman mütəfəkkirlərin, sənətkarların sayəsində böyük qonşularına yetişib onlarla ayaqlaşa bildi.

Strindberqin pyesləri bu gün də dünya səhnəsindən düşmür, romanları bütün qitələrdə çap olunur. Onun yaradıcılığının dalğaları öz ölkəsində dünyaya gəlmiş Per Lagerkvistdən üzü bu yana ta uzaq Yaponiyada yazıb-yaratmış Akutaqava Rünoskeyə qədər hər yeri vurub. Dünya ədəbiyyat ordusunun avanqardında yer almaq hər xalqa, hər dilə nəsib olmur. İstər xalqı, istərsə də dili yaşadan ən vacib amillərdən biri budur.

Sonda bizi kiçik xalq sayanların, dilimizə, ədəbiyyatımıza xor baxanların nəzərinə bunu da çatdırmaq istərdim ki, ərazisi böyük olsa da, İsveçin əhalisi elə Azərbaycan əhalisinin sayı qədərdir - on milyondan bir az artıq. Demək, bu qədər insanın danışdığı dillə də dünya ədəbiyyat bazarını zəbt eləmək olarmış...

F. Uğurlu

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31