Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ölümsüzlüyün sirri: Bilqamış (Bilgəmiş) haqqında dastan

Ölümsüzlüyün sirri: Bilqamış (Bilgəmiş) haqqında dastan

10.05.2024 [11:00]

Qədim dünyanın ölümsüzlük haqqında ən məşhur eposu  Bilqamış (Bilgəmiş - bilən, bilgiyə ərmiş) haqqında dastandır. Bilqamış əfsanəsinin əsas hissələri  Mesopotamiya, İsrail, Suriya və Türkiyə ərazilərində tapılıb. Eposun digər variantına Türkiyənin Hattuşa bölgəsində, Het arxivlərində rast gəlinib. “Bilqamış” eposu Şumer sivilizasiyasının bəşəriyyətə bəxş etdiyi ən qiymətli ədəbi-mədəni abidədir.

“Bilqamış” mətnlərinin ilk versiyaları eramızdan əvvəl II minilliyin əvvəllərinə aiddir. Eposun ən dolğun variantı isə Ninevada Aşşurbanipalın (e.ə. 668-630) kitabxanasında saxlanıb. Eposun bu nüsxələri on iki gil lövhəyə yazılıb.

Yarıminsan, yarımtanrı hökmdar

Epos qəhrəmanının prototipi olan Bilqamışın özü əfsanələşmiş tarixi şəxsiyyət hesab olunur. Onun eramızdan əvvəl üçüncü minilliyin birinci yarısında Uruk şəhərinin hökmdarı olduğu güman edilir. Eramızdan əvvəl ikinci minilliyin əvvəllərində tərtib edilmiş Şumer kralları siyahısında Bilqamışın da adı çəkilir. Bilqamış Uruk dövlətinin Birinci Sülaləsinin beşinci kralı olmuş, rəvayətə görə, 126 il hökmranlıq etmşdir. Əlbəttə, bu rəqəm reallığı əks etdirə bilməz, elə buradan görünür ki, əsərin qəhrəmanı yarımifik insandır. Şumer mətnlərində Bilqamış fövqəltəbii varlıq kimi təsvir olunur.

Dastanın şumer versiyasında Bilqamışın əhvalatları  sonradan bir variantda birləşdirilən beş hissədən ibarətdir: Bilqamış və Ağqa, Bilqamışın ölümü, Bilqamış  və yeraltı dünya, Bilqamış və cənnət, Bilqamış və qaranlıq dünya - Humbaba. Dastanın, demək olar, bütün bölümləri Bilqamışın qəhrəmanlığından, yenilməz döyüşçü olmasından, həyatın və ölümün mənasını axtarmasından bəhs edir.

Epos kral Bilqamışın keşməkeşli həyatının sonlarına yaxın  tikdirdiyi Uruk şəhərinin təntənəsi ilə başlayır. Kral Luqalbandanın və ilahə Ninsunun oğlu, yəni yarımtanrı  Bilqamış ilk vaxtlarda şəhər əhalisini incidən bir tiran kimi göstərilir. Bilqamışın əlindən cana doyan insanlar ondan tanrılara şikayət edirlər. Tanrılar yenilməz gücə sahib Bilqamışın qarşısını almaq üçün vəhşi varlığı - Enkidunu yaradıb onun üstünə göndərirlər. Bilqamış öz düşmənini Şamhat adlı bir qadınla görüşdürür. Enkidu yeddi gün qadınla sevişir, bundan sonra vəhşilikdən çıxıb insana çevrilir. Dastanda deyilir ki, Enkidu sevginin, çörəyin və şərabın nə olduğunu biləndən sonra dəyişib insanlaşır.

Urukda Enkidu Bilqamışla qarşılaşır, uzun sürən döyüşdə heç biri digərinə qalib gələ bilmir. Nəhayət, onlar savaşı sonlandırıb dost olmağa qərar verirlər. Sonra iki dost vəhşi Humbabanın qoruduğu sidr meşəsinə gedir.

Bilqamış dastanı sirli-sehirli epos təhkiyəsiylə yazılıb: “Sidr meşəsini qorusun deyə Enlil insanları qorxutmağı  ona tapşırdı. Humbaba səsi ilə tufan qaldırdı, dənizi tərpədib, yeri titrətdi. Fırtınalı külək kimi savaş başlatdı. Dünyanı sel kimi titrətdi! Qəzəbi şiddətli döyüş kimidir: ağzını açır - göy titrəyir, dağlar əsir, daşlar silkələnir.  Bütün canlılar uçuruma yuvarlanır... Onun ağzı alovdandır, ölüm onun nəfəsidir!” 

Tanrıların qəzəbi

Dastanda Humbabanı öldürən Bilqamış və dostu Enkidu meşədəki sehirli sidr ağaclarını kəsib qalib kimi Uruk şəhərinə qayıdırlar. İlahə İnanna Bilqamışın Humbabaya qalib gəldiyini görüb ona aşiq olur. Bilqamış isə tanrıçanın aşiqlərinin faciəli talelərini xatırlayaraq, onun sevgisini  rədd edir. Bilqamışdan rədd cavabı alan ilahə qəzəblənir və cənnət buğasını onun Uruk şəhərini məhv etməyə göndərir. Bilqamış Enkidunun köməyilə nəhəng buğanı öldürərək şəhəri xilas edir.

Tanrılar səmavi buğanın öldürülməsini narazılıqla qarşılayırlar. Onlar Bilqamışı cəzalandırmaq üçün onu ən zəif yerindən vurmaq qərarına gəlirlər. Tanrılar Enkiduya sirli bir xəstəlik göndərirlər. Əziz dostunun ölümünü çarəsizcə seyr etməkdən savayı Bilqamışın əlindən heç nə gəlmir. Enkidunun ölümü tarixdə dönüş nöqtəsi olur. Bilqamış başa düşür ki, özü də ölümlüdür, çünki o, dastanda deyildiyi kimi “üçdə iki tanrı, üçdə bir insan”dır, yəni, onun özü də ölümə məhkumdur. Bundan sonra Bilqamışın həyatında yeni dönəm başlayır. Onun yeni məqsədi ölümsüzlük axtarışı olur. O, tanrıların hədiyyəsi olaraq əbədi həyat qazanmış yeganə iki insanla - böyük daşqından sağ çıxa bilmiş Utnapiştim və onun xanımı ilə görüşməyə gedir (yeri gəlmişkən, Utnapiştim semit dinlərindəki Nuh obrazının qədim əcdadıdır).

Gerçək ölümsüzlük

Beləliklə, Bilqamış dünyanın sonundakı bir meyxanaya girir. Onun ölümsüzlük axtardığını bilən meyxana sahibi ilahə Siduri ona bunları söyləyir: “Bilqamış! Hara gedirsən? Axtardığın həyatı tapa bilməyəcəksən! Tanrılar insanı yaradanda ona ölüm də bəxş ediblər. Həyatımız onların  əllərindədir. Sən, Bilqamış, gecə-gündüz şadlan.  Hər gününü bayram elə, oyna, rəqs elə! Paltarın yüngül olsun, saçlarını müqəddəs su ilə yu! Bax, uşaqlar adamın əlindən necə tuturlar, sən də öz dostunu elə qucaqla, onu sevindir! İnsanın işi yalnız budur!”

Bu fikirlər olduqca ibrətamizdir. Bu parçadan çıxan nəticəyə görə, insan ?er üzünə xoşbəxt olmaq, yaxşı əməlləriylə özündən sonra iz qoymaq üçün gəlir. Həyatın mənası ölümsüzlükdə deyil, verilən ömrü mənalı, xoş yaşamaqdadır.

Sonrakı bölümlərdə Bilqamış Utnapiştimi tapır, bu müdrik insan ona dünya daşqını barəsində danışır. Məlum olur ki, canlılar arasında Utnapiştim və onun həyat yoldaşının ölümsüzlüyü istisnadır. Bilqamışın isə bu taleyi bölüşmək şansı yoxdur. Ancaq onun bir çıxış yolu var: Bilqamış qocalarkən yenidən cavanlığını qaytarmağa kömək edəcək sehirli çiçəyi tapmalıdır. Qəhrəman uzun axtarışlardan sonra gənclik çiçəyini tapır. Çiçəyi dərib öz yurduna, Uruka doğru yol alır. Yolda yorğunluğunu çıxarmaq üçün çayda çimmək fikrinə düşür. Bilqamış çayda çiməndə bir ilan həmin çiçəyi oğurlayaraq yeyir. Beləliklə, Bilqamış fiziki ölümsüzlüyə nail ola bilmir.

Dastan şeirlə başladığı kimi Bilqamışın tikdirdiyi Uruk şəhərinin hündür divarlarını tərənnüm edən bir nəğmə ilə də başa çatır. Əslində, Uruk şəhərini yenidən qurub-yaratması Bilqamışa mənəvi ölümsüzlük gətirir.

Qədim şumer-türk mədəniyyətinin şah əsərləri olan Bilqamış eposundan çıxan nəticə belədir: hökmdar nə qədər qüdrətli olur olsun, o, tanrı deyil, ölməz deyil. Sonucda kral da bir insandır, bütün insanlar kimi onun da ömrü sonludur. Məhz bu detal Şumer ilə Misir sivilizasiyası arasındakı mühüm fərqlərdən biridir. Bilqamışın qazana biləcəyi yeganə ölümsüzlük forması xalqın yaddaşıdır. Bu, əbədi yaddaşdır.

Eposda Bilqamış Uruk şəhərini düşmənlərdən qorumaq üçün möhkəm qala-divarlar tikdirir, ölkəsini ədalətlə idarə edir, insanların əbədi sevgisini qazanır. Şumer incisi olan “Bilqamış” dastanı bu gün də öz tərbiyəvi-əxlaqi dəyərini qoruyub saxlamaqdadır.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30