Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan: “geosiyasi tənhalığın” acı gerçəkləri

Ermənistan: “geosiyasi tənhalığın” acı gerçəkləri

04.10.2014 [10:36]

Son zamanlar Ermənistan rəhbərliyinin reallıqdan uzaq olan iddialar irəli sürməsi diqqətdən yayınmır. S.Sarkisyanın BMT-dəki çıxışı məntiqsizliyin son nümunəsi təsirini bağışladı. Erməni lider Türkiyə və Azərbaycana qarşı böhtan atmaqdan çəkinmədi. Lakin yaranmış bu vəziyyətə geniş aspektdə yanaşdıqda, daha dərində yerləşən geosiyasi məqamları görmək olur. Ermənistan yeritdiyi cəfəng xarici siyasətin əsirinə çevrilib. O, geosiyasi baxımdan sözün tam mənasında aciz hala düşüb. Regionda faktiki olaraq İrəvanın həqiqi tərəfdaşı yoxdur. Böyük dövlətlər ondan öz məqsədləri üçün istifadə edirlər. Ermənistanın suverenliyinə gəldikdə isə, ümumiyyətlə, forpostun geosiyasi marağı olurmu?
Yüksək tribunadan aciz və məntiqsiz çıxış
Ermənistan regional layihələrdən təcrid olunmasının səbəblərini ört-basdır etməyə çalışır. İrəvanın geosiyasi proseslərə heç bir təsir göstərə bilməməsi və ağır daxili sosial-iqtisadi vəziyyətə düşməsi cəmiyyətdə gərginliyi yüksəldir. Bunların məntiqi izahını verə bilməyən erməni iqtidarının perspektivsizliyi özünü getdikcə daha aydın surətdə göstərir.
İndi rəsmi İrəvan beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyəyə qarşı böhtançılığa yeni dinamika verməyə çalışır. S.Sarkisyan BMT Baş Məclisinin son toplantısındakı çıxışını faktiki olaraq bu məsələyə həsr edib (bax: Serj Sarkisən obehal otpravitğ arməno-tureükie protokolı “k çertu” / Lragir.am, 25 sentyabr 2014). Onun bir məntiqi var - beynəlxalq birlik Azərbaycan və Türkiyənin dövlət kimi yox olmasına çalışmalı, bunun fonunda Ermənistanı regionun ən əhəmiyyətli dövlətinə çevirməlidir. Nə qədər primitiv olsa da, erməni liderin söylədiklərinin məzmunundan bu nəticə çıxır.
S.Sarkisyan Türkiyə ilə imzalanan protokollardan da danışır. Səbəbi rəsmi Ankaranın Dağlıq Qarabağ problemi həll edilmədən İrəvanla hər hansı əlaqədən danışmağın mümkünsüz olduğunu bildirməsidir. Maraqlıdır ki, hətta özünün bu tezisini belə sağlam düşüncə çərçivəsində əsaslandırmaq üçün o, tutarlı bir arqument tapa bilmir. Gah Azərbaycan ordusunun güclənməsindən şikayət edir, gah Prezident İlham Əliyevin qətiyyətli siyasətindən sıxıldığını büruzə verir, gah da Moskvanı Bakı ilə əməkdaşlıqda ittiham edir (bax: əvvəlki mənbəyə).
Bunlar rəsmi İrəvanın xarici siyasətinin acizliyinin təsdiqidir. Bunu bir sıra erməni ekspert vurğulayır. Məsələn, O.Mandakuni yazır ki, erməni-türk protokollarının parlamentdən geri çağırılmasından danışmaqla “Sarkisyan faktiki olaraq uğursuzluğu etiraf edir” (bax: Ovannes Mandakuni. Serj Sarqsən priznaet proval / 1in.am, 25 sentyabr 2014). Maraqlıdır ki, erməni ekspert Ermənistan prezidentinin, hətta Kilikiya katolikosu I Aramdan da cəsarətsiz olduğunu deyir.
Həmin keşiş Ermənistan-Diaspor Forumunda söyləyib ki, Türkiyədən Kilikiya katolikosluğu alınmalıdır. Bunun üçün o, hətta Avropa məhkəməsinə müraciət edə bilər (bax: əvvəlki mənbəyə). Özlüyündə absurd olan bu iddia ermənilərin xoşuna gəlib. Onlar bir qədər də irəli gedərək, beynəlxalq aləm qarşısında Türkiyə və Azərbaycan ərazilərinin bir hissəsinin ermənilərə verilməsi məsələsini qaldırmaq tələbini qoymaqdan danışırlar.
Eyni zamanda, ermənilər S.Sarkisyanın I Aramdan nümunə götürməsini istəyirlər. Ermənistan siyasi rəhbərliyinin bu cür əsassız fikirlərdən istifadə etməyə çalışması, onun sözün həqiqi mənasında geosiyasi çaşqınlıq içində olduğunu göstərir. Dünya indi terrorizmə qarşı mübarizədən, inteqrasiyadan, müxtəlif siyasi mövqelərin bir-birinə yaxınlaşdırılmasından bəhs edir, rəsmi İrəvan isə müxtəlif bəhanələrlə qonşu dövlətlərin ərazisinə iddiasını ortaya qoyur.
Havadar axtarışı siyasətinin çöküşü
Bunlar müasir geosiyasətin ruhuna və məzmununa zidd olan əməllərdir. Məhz həmin səbəblər ucbatından Ermənistan regionda gedən əməkdaşlıq və inteqrasiya prosesindən kənarda qalıb. Bu, reallıqdır və rəsmi İrəvan bunları görə bilmirsə, onun öz günahıdır.
Görünür, Rusiya-Azərbaycan əlaqələrinin inkişafından keçirilən narahatlıq da buradan qaynaqlanır. Bakı bərabərhüquqlu və müstəqil tərəfdaş kimi Moskva ilə bütün sahələrdə əməkdaşlığı genişləndirir. O cümlədən, hərbi sferada iki ölkə arasında vacib sənədlər imzalanır. Ancaq bu, Rusiyanın Cənubi Qafqazdakı forpostuna qarşı necə yönələ bilər? Məsələ burasındadır ki, erməni KİV-i Kremli Türkiyə və Azərbaycanla əlbir olub, Ermənistana qarşı addımlar atmaqda günahlandırır. Bir cırtdan ölkənin əleyhinə üç böyük dövlət birləşibmiş! Doğrudan cəfəng iddiadır. Lakin təsəvvür edin ki, bu, İrəvanın xarici siyasətində müəyyən yer tutur.
Bunların fonunda Ermənistanın Gürcüstanla münasibətlərinin taleyi maraq doğurur. Müdafiə naziri İrakli Alasaniyanın İrəvana son səfəri həmin kontekstdə xüsusi pafosla təqdim olunur. Guya bu, Ermənistan ordusunun çox güclü olması ilə əlaqəlidir və regionda yeni əməkdaşlıq modelinin yaranmasına təkan verə bilər. Konkret olaraq, Tbilisi İrəvana “İraq və Şam İslam Dövləti” terrorçu qruplaşması ilə mübarizədə birgə çalışmağı təklif edə bilər (bax: Naira Ayrumən. Skandal v Qruzii i vizit Alasanii v Armeniö / Lragir.am, 25 sentyabr 2014). Hətta iki dövlət Cənubi Qafqazda təhlükəsizlik sisteminin əsasını da qoya bilərlər.
Reallıqda isə erməni separatizminin baş qaldırması rəsmi Tbilisini narahat edir. Son dövrlərdə qlobal miqyasda baş verən geosiyasi proseslər göstərir ki, Cənubi Qafqazda da sabitliyi pozmağa cəhdlər edilə bilər. Burada kənar qüvvələr əsas olaraq erməni terrorundan yararlana bilərlər. Gürcüstan Cavaxetiyada fəaliyyət göstərən erməni təşkilatlarından ehtiyat edir. Məlumdur ki, indi Tbilisinin də iştirak etdiyi yeni iri enerji layihələri həyata keçirilməkdədir. O cümlədən, “Cənub” qaz dəhlizinin təməli qoyulub.
Bir sıra ekspertlər bu layihələrə qarşı təxribatların ola biləcəyini proqnozlaşdırırlar. Burada ən zəif məkan Gürcüstandır. Təbiidir ki, Tbilisi müəyyən addımlar atmalıdır. Hər şeydən əvvəl, erməni təxribatlarının qarşısı kəsilməlidir. İŞİD məsələsi isə beynəlxalq səviyyədə həllini tələb edən faktordur. Burada Gürcüstan və ya Ermənistanın hansısa bir rol oynaya biləcəyi ehtimalı azdır.
Məsələnin digər tərəfi qlobal geosiyasi proseslərin Ermənistanın əleyhinə olan bir vəziyyəti formalaşdıra biləcəyi ilə bağlıdır. Rəsmi İrəvan hiss edir ki, gec və ya tez işğal etdiyi ərazilərdən çəkilməlidir. Cənubi Qafqazda münaqişə ocaqlarının qalması sabitliyə böyük təhlükədir. İndi ermənilər bu reallığı ört-basdır etməyə çalışırlar. Onlar hesab edirlər ki, havadarları bu işdə yardımçı olmalıdırlar. Lakin bu zaman vacib bir məqam unudulur. Məsələ burasındadır ki, dünyanın böyük dövlətləri keçmişi qaytarmaq fikrində deyillər. Onlar ölkələr arasında daha sıx və çevik əlaqələrə şərait yaradan model axtarışındadırlar. Rəsmi İrəvanın bütün iddiaları keçmişlə bağlıdır. “Soyqırımı” nağılını şişirdib, Türkiyədən kompensasiyalar almaq, Dağlıq Qarabağın işğalını “qanuniləşdirmək” və hətta yeni ərazi iddialarını “tarixi-hüquqi cəhətdən əsaslandırmaq” kimi intriqayaradıcı, beynəlxalq hüquq normalarına zidd olan əməllərlə məşğuldurlar.
Bunlar birbaşa Ermənistanın xarici siyasətinin ziddiyyətləridir. Qeyd etmək lazımdır ki, İrəvan son vaxtlar ənənəvi müttəfiqi olan İranla da münasibətlərində irəliləyiş edə bilmir. Maraqlıdır ki, bəzi təhlilçilər, hətta Tehranı Ermənistanın düşməni kimi təqdim etməyə başlayıblar. Bu kontekstdə rusiyalı ekspert Modest Kolerovun fikirlərini vurğulamaq olar. Ermənipərəstliyi ilə seçilən bu adam yazır: “Artıq nümunəvi demokratiyaya sahib Gürcüstanı öz aralarında bölüşdürmüş İran, Türkiyə və Azərbaycanın Ermənistanın suverenliyini əlindən almağa çalışmalarının heç bir sivil obrazı yoxdur” (bax: Modest Kolerov. Evraziyskaə gkonomiçeskaə inteqraüiə ili voennıy qosudarstvennıy perevorot / “Regnum”, 24 sentyabr2014). Rusiyalı ekspert hesab edir ki, İrəvanı yalnız Moskva xilas edə bilər.
Qəribədir ki, nə Ermənistan rəhbərliyi, nə də erməni ekspertlər ölkənin düşmənlərinin kimlər olduğunu müəyyənləşdirə bilməyiblər. Bu keyfiyyətdə gah Qərb, gah Rusiya, gah da Türkiyə, İran və Azərbaycan təqdim edilir. Reallıqda isə erməni dövlətçiliyinin əsas düşməni Sarkisyan rejiminin özüdür. Onun xarici siyasəti kənardan diktə üzərində qurulur. Bu səbəbdən dünyanın istənilən regionunda özünə düşmən “tapa bilər”.
Rəsmi İrəvanın addımlarında müşahidə edilən ziddiyyətli məqamların isə konkret səbəbi vardır. Ermənistan geosiyasi sıxıntı keçirir. O, hansı qüvvə ilə əməkdaşlıq etməli olduğunu müəyyənləşdirə bilmir. Eyni zamanda, Qərbin və Rusiyanın himayəsini arzulayır. Bunun fonunda müsəlman İranı qəbul etməmək də olar. Lakin bütün bunlar Ermənistanı dövlət və cəmiyyət kimi uçuruma aparır. Real geosiyasi prinsiplərə əsaslanmayan siyasətin sonu yoxdur.
Newtimes.az

Paylaş:
Baxılıb: 1015 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30