Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xoş ənənə davam edir: İlk səfər qardaş Türkiyəyə..

Xoş ənənə davam edir: İlk səfər qardaş Türkiyəyə..

20.02.2024 [10:00]

Yüksək dinamikaya malik münasibətlərimiz strateji mahiyyət daşıyır

Çox doğru olaraq Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir.  Möhkəm tarixi zəminə əsaslanmaqla iki ölkənin dövlət başçılarının və digər yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə bir araya gələrək regional və qlobal gündəliyin aktual məsələləri ilə bağlı müzakirələr aparmaları intensiv hal alıb. Elə bugünlərdə Prezident İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Münxendə qarşı tərəfin müraciəti əsasında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Fevralın 18-də isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə rəsmi səfərə gəlib. Əlaqələrin belə intensivləşməsi iki ölkənin münasibətlərinin strateji mahiyyət daşıdığını və yüksək dinamikaya malik olduğunu bir daha təsdiqləyir.

Bir yumruq”, “can Azərbaycan”

Azərbaycan və Türkiyənin tarixdən gələn dostluğu hazırda yeni bağlarla daha da zənginləşir. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev ötən ilin aprelində İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib.

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla bağlı səmimi fikirlər söyləyib. Rəcəb Tayyib Ərdoğan 28 may 2022-ci il tarixində - Azərbaycanın Müstəqillik Günündə növbəti dəfə Bakıda səfərdə idi. Həmin səfər çərçivəsində Türkiyə Liderinin ifadə etdiyi “Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram” fikri hər zaman böyük məmnunluqla xatırlanır. Bu ifadə onun qəlbinin dərinliklərindən gəlirdi və bütün Türkiyə xalqının ölkəmizə münasibətini ifadə edirdi.

Çətinliklərdə sınanan dostluq

Azərbaycan və Türkiyə xoş günlərin, zəfərlərin sevincini həmişə birlikdə bölüşürlər. İki ölkənin və xalqın dostluğu, qardaşlığı həmçinin çətin günlərin sınağından keçərək möhkəmlənib. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi və özünə inam hissini artırdı. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident

İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Respublikamızdan Türkiyənin zəlzələ bölgələrinə dəfələrlə humanitar yardımlar göndərilib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib.

Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın saldığı şəhərciyin təməlini qoyublar. Qeyd edək ki, Kahramanmaraşda Azərbaycan şəhərciyi min evdən ibarət olacaq. Burada həmçinin zəruri infrastruktur qurulacaq və abadlıq işləri görüləcək.

Liderlərin xoş ənənəsi

Qardaş ölkələrin münasibətlərində yaranan yeni xoş ənənələrdən biri liderlərdən gəlib. Söhbət keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan liderlərin xarici ölkələrə ilk səfərlərini Türkiyəyə və yaxud Azərbaycana etmələrindən gedir. Bu o anlama gəlir ki, yeni seçilən Azərbaycan Prezidenti Türkiyə xalqına, Türkiyə Prezidenti isə Azərbaycan xalqına hesabat verir və öz sevinc hisslərini bölüşür. Bu, dostluğun, qardaşlığın yüksək ruhunu və səviyyəsini təzahür etdirir. Heç kəsə sirr deyil ki, Azərbaycan cəmiyyətində Türkiyə Liderinə, Türkiyə cəmiyyətində isə Azərbaycan Liderinə böyük rəğbət bəslənilir. Ötən il iyunun 12-13-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıda səfərdə oldu. Qardaş ölkədə keçirilən prezident seçkilərindən sonra Azərbaycanın 15 İyun - Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər böyük rəmzi məna daşıyırdı. Eyni yüksək və səmimi münasibəti Türkiyə dövləti və xalqı Prezident İlham Əliyevə münasibətdə sərgiləyir. Prezident İlham Əliyev yaranan xoş ənənəni pozmayaraq 7 fevral seçkilərindən sonra xarici ölkələrə ilk səfərini məhz qardaş Türkiyəyə etdi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 269 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30