Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbin dili qısalır…

Qərbin dili qısalır…

18.02.2024 [21:06]

Qolu isə uzanır - bükə bilmədiyi əli sıxmaq üçün…

Yeni nizam və yeni mizan bəzən gec də olsa bütün "daşları" yerinə otuzdurur – haqlıya haqqı çatanı, haqsıza isə layiq olduğunu verir. Dünyanın müasir siyasi münasibətlər sisteminin son mənzərəsi bu "keçid" prosesinin ən real tablosudur. Ötən əsrin son onilliyində "köhnə qitə"dən üzü Şərqə boylananlar özlərində başqalarının daxili işlərinə, ikitərəfli mübahisələrə belə dil uzatmaq haqqı tapırdı. Sanırdılar ki, hər kəs onların ağzından çıxacaq kəlməyə, sözə müntəzir olmalıdır  - çünki bunlar "demokratik dünya" imişlər.

Təəssüf ki, bəzi hallarda belə də olurdu. "Köhnə qitə"dən üzü Şərqə tərəf yol alanda rastımıza çıxan kataklizmlərin əksəriyyətinin praqmatik və tezkən  həllini tapmamasının əsasında elə Qərbin "haça dili"nin "demokratik zəhəri" dayanırdı. Birinə AŞPA, bir digərinə Avropa Parlamenti, lap o birisinə isə Təhlükəsizlik Şurası dili ilə hədə-qorxu gələnlər öz maraqları üçün odun üstünə su tökülməsinə imkan vermirdilər. Tam əksinə, hər yerdə müharibənin, od-alovun, xaosun sürməsini arzulayır, buna şərait yaradırdılar – yüksək tribunalardan çıxış edən qərbli "diplomatlar" isə "demokratik konyukturanın" sərhədlərini özləri cızır, "tətiyi çəkən" barmağın da onların nəzarətində olmasını istəyirdilər. Müharibə də, sülh də məhz Qərbin dili ilə yaranmalı və ya pozulmalı idi…

Zaman o zaman gəlib çatdı ki, 2020-ci ilin Vətən müharibəsi başladı. Hərb meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgəri Ali Baş Komandanın əmrləri əsasında olmazın şücaətlər göstərir, Vətənin bütövlüyü uğrunda canını ortaya qoyurdu. Bizim üçün bir amal, bir məqsəd vardı – bir Komandan, bir rəhbər vardı. Azərbaycan Ordusu, Azərbaycan xalqı, Azərbaycan siyasi palitrası bir Liderin ətrafında sıx birləşmişdi. Milyonlarla insanımız müsəllah əsgər kimi şərə qarşı döyüşə atılmışdı.

Siyasət meydanında da gərgin bir mübarizə gedirdi. Haqqında söz etdiyimiz "haça dilli" Qərb bu dəfə KİV qiyafəsinə bürünərək Azərbaycanı haqq savaşından yayındırmağa səy göstərirdi. Cənab Prezident bu meydanda tək döyüşdü – xalqının, dövlətinin maraqlarını tək qorudu. Və açıq üstünlüklə QALİB GƏLDİ!!!

Müharibə bitdi və bəlkə də son 100 ildə ilk dəfə idi ki, Qərb özünün müəllifi olmadığı geosiyasi reallıqlarla üz-üzə qalmalı oldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdi, Ermənistan darmadağın edilmişdi, 30 il ərzində işğal altında qalmış torpaqlarımız azadlığına qovuşmuşdu. Qərb isə bu baş verənlərin heç bir yerində yox idi – bu qələbənin müəllifi Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan əsgəri idi. İllərlə öz siyasətini "qlobal pərdələmə" və "malalama" üzərində quranların isə nə pafosu, nə yalanları, nə "hədələri", nə də "təhdidləri" artıq işə yaramırdı. Azərbaycanın yaratdığı reallıqlar yeni geosiyasi həqiqətləri ortaya çıxarmışdı – müstəqil dövlətlər öz milli maraqlarını qorumaq üçün səfərbər olduğu zaman heç bir qüvvə ona mane ola bilməz – təki xalq ilə dövlət arasında vəhdət olsun. Azərbaycan bu vəhdəti yaradaraq geosiyasi reallıqları hər kəsə qəbul etdirdi – ötən ilin aprelində Laçın dövlət sərhəd buraxılış məntəqəsindən başlanan "Zəfər yolu", oktyabrın 15-də Xankəndidə ucalan bayrağa tərəf şərəfli  addımları müşayət etdi… 

Və beləliklə… Fevralın 7-də keçirilən seçkilərdə xalqının mütləq səsi ilə yenidən Prezident seçilmiş cənab İlham Əliyev fevralın 14-də keçirilmiş andiçmə mərasimində bütün dünyaya bir mesaj verdi – "Qarabağ" adlı hər hansı bir münaqişə, separatizm yuvası və ya problem artıq mövcud deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bundan sonrası -  aparılacaq müzakirələr Ermənistan ilə Azərbaycan arasında ikitərəfli xarakter daşıyır. Bu mesaj həm dosta, həm də separatizmi körükləyənlərə, həm qardaşa, həm də Ermənistanı silahlandıranlara, ən əsası isə 30 ilə yaxın işğal faktını manipulyasiya edərək "vasitəçi rolu"nu, bəli məhz "ROLUNU" oynayanlara ünvanlanmışdı.  

Andiçmədən sonra, fevral ayının 16-dan start götürmüş Münxen Təhlükəsizlik Konfransı isə çox maraqlı inkişaf tempi ilə müşaiyət olundu: dünyanın bir sıra dövlətlərinin rəhbərləri və rəsmi şəxsləri, qlobal mühitin əsas iqtisadi-ticari aktorlarının təmsilçiləri Prezident İlham Əliyevin əlini sıxmaq, təbrik etmək, bir sözlə mövqeyini bildirmək üçün müraciətlər edirdilər. Bu müraciət edənlərin sırası isə "siyasi rəngarəngliyə" bürünmüşdü. Onların sırasında köhnə dostlar, qardaşlar da vardı, "bükə bilmədiyi əli sıxmaq" üçün tələsənlər də vardı. Bəli, artıq Qərbin haça dili qısalmışdı – müstəqil siyasəti ilə xalqının maraqlarını qorumağa səfərbər olan LİDERİN əlini sıxmaq üçün qolunu uzatmışdı…

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30