Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rifah və inkişaf naminə!

Rifah və inkişaf naminə!

03.02.2024 [10:20]

Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır

Günel ABBASOVA

Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi zəfərdən sonra həm bölgədə qalıcı sülh və əməkdaşlığın yol xəritəsini cızdı, həm də 30 ilə yaxın mövcud olmuş Qarabağ məsələsini öz milli gücü ilə həll etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.

Əhəmiyyətli məqamlardan biri də Azərbaycanın tarixi Zəfər əldə etməklə yaratdığı mühüm geostrateji reallıqlardır. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.

Milli Məclisin üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi: “Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar”.

Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı: “2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Və bu zaman qeyd etdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılıb. Bu mənada Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu”.

A.İsgəndərov bildirib ki, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı: “Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini qələbəyə aparan əsas amillər kimi xarakterizə edən Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərib.

Nəhayət, 2023-cü il dekabrın 21-də daha bir tarixi hadisə zamanı, Xankəndi şəhər stadionunda keçirilən futbol oyunundan əvvəl çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycan Cənubi Qafqazda sülhün banisi olmaqla tarixi hadisələrə imza atmağa davam edir. Biz əminik ki, rifah və inkişaf naminə çıxılan bu şərəfli yolda hər addımımız qalibiyyətlə nəticələnəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 311 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30