Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixi Qələbədən Zəfər seçkilərinədək...

Tarixi Qələbədən Zəfər seçkilərinədək...

03.02.2024 [09:25]

Xalqımız keşməkeşli tariximizdə misli-bərabəri olmayan əlamətdar hadisələrə şahidlik edir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə tarixi Qələbəyə imza ataraq üç onillik ərzində davam edən işğala son qoyduq, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qarşıdan isə saylı günlər qalan Zəfər seçkiləri gəlir. Tarixi Qələbədən Zəfər seçkilərinədək bizi cəmi üç illik zaman məsafəsi ayırır. Ancaq ötən üç ildə də Azərbaycan dayanmadı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda suverenliyimizin tam təmin olunması məqsədilə inamlı və qətiyyətli addımlar ataraq özünün müqəddəs, ali istəyinə çatdı. Son üç ildə baş verən möhtəşəm hadisələr tariximizin qızıl səhifələridir.

Azərbaycan ərazi bütövlüyünün bərpasına öz gücü ilə nail oldu

İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal altına almışdı.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı. Müzəffər Ordumuz Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixində Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanat respublikamızın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını ölkəmizə döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

10 noyabrdan 23 aprelədək

Öz siyasətində daim humanizm prinsiplərindən çıxış edən Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq 44 günlük müharibədən sonra Ermənistanla Xankəndi arasında kommunikasiya əlaqəsinin, erməni əsilli əhalinin gediş-gəlişinin təmin olunmasına etiraz etmədi.  Məğlub Ermənistan isə üçtərəfli Bəyanatdakı digər şərtlər  kimi, Laçın yolu ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. Ermənistanın davranışları üçtərəfli Bəyanata və Azərbaycanın humanizm prinsiplərinə əsaslanan siyasətinə adekvat deyildi. Bu ölkə Laçın yolundan istifadə etməklə Qarabağdakı təbii ehtiyatlar yataqlarının qeyri-qanuni istismarını həyata keçirir, sərvətlərimizi talayır, eyni zamanda, ərazilərimizə minalar və digər silah-sursat daşıyırdı. Bütün bunlarla bağlı Ermənistana edilən xəbərdarlıqlar nəticəsiz qalırdı.  

2023-cü il aprelin 23-də dünya Azərbaycanın gücünə və əzminə bir daha şahidlik etdi. Həmin tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırıldı. Xatırladaq ki, qeyd olunan ünvanda nəzarət-buraxılış məntəqəsinin qurulmasının zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev müxtəlif auditoriyalarda hələ əvvəlcədən səsləndirmişdi. Nəhayət, dövlət başçımızın gündəmə gətirdiyi məsələ reallığa çevrildi. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurması ölkəmizin müstəsna hüququ idi. Beləliklə, respublikamız Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu.

Laçında dalğalanan Zəfər bayrağı

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzkar Ermənistanın əsas məqsədlərindən biri Dağlıq Qarabağla coğrafi bağlantı yaratmaq idi. AXC-“Müsavat” cütlüyünün xəyanətkar əməlləri düşmənə bu fürsəti verdi. İşğalçı Ermənistan Kəlbəcər və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü. Bununla da düşmən öz istəyinə çatmışdı. Belə ki, sözügedən rayonların, həmçinin Qubadlının işğal altına düşməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər.

Ancaq ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı.

Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası

Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 minədək kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə, polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Ermənistan ordusunun qalıqları çətin keçilən coğrafi ərazilərdə istehkamlar qurmuşdular və ayrı-ayrı yüksəkliklərdə möhkəmlənmişdilər. Bütün bunlara baxmayaraq,  hərbiçilərimiz  böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşı tərəfin müqavimətini qırmağa nail oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin  böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycanın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular və tam şəkildə tərk-silah olundular. 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz  tam bərpa edilib. Bu, Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük qələbəsidir.

Xankəndidə bayrağımızın ucaldılması

Tarixi Qələbəmizlə Zəfər seçkiləri arasında olan üçillik dövrdə baş verən ən möhtəşəm hadisələrdən biri isə 2023-cü il 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması oldu. Tarixi Azərbaycan şəhəri olan Xankəndi onilliklər ərzində separatizmin yuvasına çevrilmişdi. Bir vaxtlar biz burada Azərbaycan gerbinin asılmasını, bayrağımızın dalğalanmasını ancaq xəyal edə bilərdik. Xəyal saydığımızı Müzəffər Lider olan İlham Əliyev gerçəyə çevirdi. Özü də Azərbaycan xalqına bu sevinci Onun üçün əlamətdar olan bir tarixdə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında yaşatdı.

Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibdə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Şanlı bayrağımızın Xankəndidə məhz “Heydər Əliyev İli”ndə ucaldılması da böyük rəmzi məna daşıyır.

Ölkənin bütün ərazisində keçiriləcək ilk Prezident seçkiləri

Prezident İlham Əliyev ötən üç ildə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını epoxal hadisələr kimi səciyyələndirib. Həqiqətən də son 200 illik tariximizdə belə qələbələrimiz heç vaxt olmayıb. Əksinə zaman-zaman torpaq itkilərinə məruz qalmışıq, sərhədlərimiz daralıb, tarixi ərazilərimizdə indiki Ermənistan dövləti yaradılıb. Düşmən və onun havadarları İrəvandan, Qərbi Zəngəzurdan sonra Qarabağı da Azərbaycandan qoparmaq niyyəti güdürdü. Məhz Müzəffər Liderimiz İlham Əliyev bu planın qarşısını aldı. Ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunmasının baş memarı məhz İlham Əliyevdir.

Müstəqil Azərbaycan 7 fevral Zəfər seçkilərinə yeni reallıqlar şəraitində gedir. İlk dəfədir ki, Prezident seçkiləri müstəqil Azərbaycanın bütün ərazisində baş tutacaq. Bu, ölkəmiz və xalqımız üçün növbəti bir məsuliyyətli mərhələnin başlanğıcıdır. Yeni Azərbaycan Partiyası (YAP) ölkə Prezidentliyinə namizədi qismində partiyanın Sədri İlham Əliyevi müəyyənləşdirib. Bu, yalnız YAP-ın seçimi deyil, həm də bütün Azərbaycan cəmiyyətinin  yekdil istəyidir. Üç onilliyi əhatə edən işğal dövründə cəmiyyətimizdə belə bir qənaət formalaşmışdı ki, torpaqlarımızı işğaldan hansı lider azad edəcəksə, Azərbaycan dövlətinin başında dayanmağa da həmin liderin haqqı çatır. Beləliklə, tam əminliklə deyə bilərik ki, Zəfər seçkilərinin qalibi də məhz son üç ildə bizlərə tarixi qələbələrin böyük sevincini və qürurunu yaşadan İlham Əliyev olacaq!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30