Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqillik və suverenlik prinsipləri əsasında aparılan siyasət

Müstəqillik və suverenlik prinsipləri əsasında aparılan siyasət

03.02.2024 [09:30]

Milli maraqlarımızın qorunması son 20 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin ana xəttini təşkil edib. Dövlətimizin başçısı mötəbər beynəlxalq tribunalardan Azərbaycanın qətiyyətli mövqeyini həmişə Özünəxas olan diplomatik məharətlə və cəsarətlə ifadə edib. Yeni Azərbaycan Partiyasının (YAP) növbəti yeddi il üçün Azərbaycan Respublikasının Prezidentliyinə namizədi, partiyanın Sədri İlham Əliyevin cəmiyyətdə geniş müzakirələri aparılan seçki platformasından aydın olur ki, O, növbəti mərhələdə də ölkəmizin milli maraqlar əsasında qurulan siyasətini davam etdirmək əzmindədir.

Azərbaycan öz tərəfdaşlarını özü seçir

Müstəqillik və suverenlik kimi fundamental prinsiplər Azərbaycanın daxili və xarici siyasət kursundan qırmızı xətt kimi keçir. Bu məqamda iki ölkənin - Azərbaycanın və Ermənistanın əks qütblərdə dayanan fərqli nümunələrinə diqqət çəkmək istərdik. Ermənistanın dövlət siyasətinin, xüsusilə də xarici partnyorlarla münasibətlərinin ardıcıl qurulduğunu və vahid prinsiplər əsasında aparıldığını söyləmək mümkün deyil. Biz bu ölkənin bəyan etdiyi prinsiplərdən tez-tez geri çəkildiyinin şahidi oluruq. Ermənistanın lideri Nikol Paşinyan sözünün ağası olmayan birisi kimi məşhurlaşıb. N.Paşinyan və onun çiyindaşları Brüsseldə, digər Avropa məkanlarında vədlər verir, özlərini qərbpərəst kimi təqdim edir, Moskvada, Soçidə prezident V.Putinlə bir çətir altına sığınır, İrəvana qayıdanda bütün vədləri yaddan çıxarmış kimi danışırlar. Ancaq Ermənistan hakimiyyəti unudur ki, bir ayağı iki başmağa qoymaq sadəcə mümkün deyil, bu, xüsusilə də dövlət siyasətində çox təhlükəlidir.  Görünən də odur ki, bu ölkənin regionda antaqonist maraqlardan çıxış edən, fərqli geosiyasi qütblərdə dayanan Qərbə və Rusiyaya qucaq açmaq siyasəti iflasa düçar olub. Necə deyərlər, yalan, hiylə bataqlığında çabalayan, özünü fürsətcil dövlət kimi aparıb ağalarına tez-tez xəyanətlər edən Ermənistan uğursuzluq zolağından çıxa bilmir.

Azərbaycanın nümunəsi isə tamam fərqli baxış bucağından diqqət çəkir. Son 20 ildə respublikamız Prezident İlham Əliyevin effektiv siyasəti sayəsində özünün iqtisadi-maliyyə müstəqilliyini yüksək səviyyədə təmin edib. Bu gün Azərbaycan heç bir beynəlxalq təşkilatdan, o cümlədən də maliyyə qurumlarından asılı deyil. Ölkəmizin güclü iqtisadi dayaqları var.  Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin edib. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulub, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötüb. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyüyüb.

Azərbaycanın dövlət başçısı hələ 2003-cü ildə ilk dəfə Prezident seçiləndə bildirirdi ki, ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyi ilə bilavasitə bağlıdır. İqtisadi baxımdan müstəqil olmayan dövlət özünün siyasi müstəqilliyini də təmin edə bilməz. Belə dövlətlər həmişə təzyiq və diqtə altında yaşamağa məhkumdurlar. Yuxarıda təsvir etdiyimiz mənzərədən də göründüyü kimi, məğlub Ermənistan məhz belə dövlətdir. Azərbaycan  isə son 20 ildə özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilib, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatıb. Dövlət büdcəsi 29 dəfədən çox artaraq sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində aktiv rol oynayıb, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard ABŞ dollarına yaxın investisiya cəlb edilib.

Bütün bunlar Azərbaycanın daxili və xarici siyasət kursunu müstəqillik və suverenlik prinsipləri əsasında qurmasını və qətiyyətlə irəli aparmasını şərtləndirən mühüm amillərdir. Xatırladaq ki, qlobal pandemiyanın pik mərhələsində təxminən 150 ölkə üzləşdiyi çətinlikləri aradan qaldırmaqdan ötrü beynəlxalq maliyyə qurumlarından kömək istədi. Azərbaycan isə bu siyahıda yer almadı. Həmin dönəmdə əhalisini və iqtisadiyyatını qorumaq üçün genişmiqyaslı tədbirlər görən Azərbaycan, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına, ayrı-ayrı dövlətlərə böyük həcmlərdə vəsaitlər ayırdı və digər dəstək tədbirləri gördü.

İqtisadi cəhətdən heç kimdən asılı olmayan Azərbaycan özünün güclü potensialına əsaslanmaqla siyasi müstəqilliyini  də qorumağı bacarır. Respublikamız xarici əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Beynəlxalq birliyin ləyaqətli üzvü

Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən də mütləq şəkildə qəbul olunur. İrəli sürdüyü təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Ardıcıllıqla reallaşdırılan multiregional xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir.

Bütövlükdə, ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilib, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, heç bir dövlət qonşularla yaxşı münasibətlər qurmadan uğurlu inkişafa nail ola bilməz. Azərbaycanın qonşuluq siyasəti xoş mərama əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır.

Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib.

Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin strateji hədəflərə yönələn məqsədyönlü siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Ölkəmizin fəallığı Hərəkatda təmsil olunan dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə birməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini də böyük uğurla yekunlaşdırıb.

Yenə də Prezident İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzunun nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransına- COP29-a cari ildə ev sahibliyi etmək hüququ respublikamıza verilib. Bu, BMT-nin ən mötəbər qlobal tədbirlərindən biridir. Xatırladaq ki, sonuncu COP28 ötən il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Respublikamızın dünyanın belə ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir.

Qarabağ Azərbaycandır!

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyası və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizi dəstəkləyən sənədlərin qəbul edilməsi Azərbaycanın mövqeyini daha da gücləndirib və legitim addımlar atması üçün daha əlverişli imkanlar yaradıb.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın şəkildə göstərdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan özü təmin etdi. Xatırlatmaq yerinə düşər ki, müharibə günlərində Prezident İlham Əliyevə ayrı-ayrı beynəlxalq təşkilatlardan və dövlətlərdən tez-tez zənglər gəlirdi və müharibənin dayandırlması istənilirdi. Dövlətmizin başçısı isə bu zənglərin hansı mərkəzlərdən gəlməsindən asılı olmayaraq heç bir  halda geri çəkilmədi. İlham Əliyev qətiyyətlə bildirirdi ki, döyüşlər Ermənistanın Azərbaycan ərazilərindən çıxmasına aid cədvəl verdiyi təqdirdə dayandırıla bilər. Bu şərt üçtərəfli Bəyanatda əks olundu və ölkəmiz ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Ötən il sentyabr ayında baş tutan 23 saatlıq uğurlu antiterror tədbirləri Azərbaycanın dövlət və milli maraqlarının qorunmasında qətiyyətli olduğunu bir daha təsdiqlədi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da suverenliyimizi təmin etdik. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməyib. Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri Ermənistana və bu ölkəni dəstəkləyən qüvvələrə bir dərsdir. Biz dünyaya bir daha göstərdik ki, heç bir qüvvə respublikamızı haqq və ədalətə əsaslanan prinsipial mövqeyindən geri çəkindirə bilməz.  “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev ötən il uğurla baş tutan antiterror tədbirləri ilə əlaqədar sentyabrın 20-də xalqa etdiyi müraciətində vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 306 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30