Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Erməni yalanları ifşa olunur

Erməni yalanları ifşa olunur

09.09.2023 [10:40]

Beynəlxalq vasitəçilər rəsmi İrəvanın “göz yaşlarına” inanmır

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan bununla da, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Amma Ermənistan havadarlarının təhriki ilə qeyri-konstruktiv mövqe nümayiş etdirir. Rəsmi İrəvan Laçın yolu və Qarabağda “humanitar böhran” mövzusunda beynəlxalq birliyi aldatmaqda davam edir. Lakin rəsmi Bakı bütün müstəvilərdə erməni tərəfinin yalan iddialarının ifşası istiqamətində addımlar atır.

Ceyhun Bayramov ABŞ rəsmisini erməni təxribatları barədə məlumatlandırıb  

Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığında da bu məsələ diqqət mərkəzində olub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

C.Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb. Bölgədə guya “çətin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbul- edilməz olduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil, siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib.

Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb.

Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub. C.Bayramov Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb. Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb. Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunmasının vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərdiyi bildirilib.

Xüsusilə, Ermənistan tərəfindən ölkəmizə qarşı siyasi və hərbi təxribatların artdığı bir şəraitdə bu kimi addımların beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyi vurğulanıb.

Əsassız iddialar...

Dünən  Almaniyanın xarici işlər naziri Annalena Beerbok ilə telefon danışığında nazir Ceyhun Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, Ermənistan tərəfindən yayılan “gərgin humanitar vəziyyət” və “blokada” iddialarının əsassız olduğunu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb. Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib. Telefon danışığı zamanı Ermənistanın davam edən hərbi təxribatları, mina təhdidləri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.

Ermənistan sülhdən imtina edirsə...

Göründüyü kimi, Ermənistanın yalan iddiaları ifşa olunur. Rəsmi İrəvan üçün qeyri-konstruktiv fəaliyyət göstərmək əvəzinə Azərbaycanın təklif etdiyi sülh variantını qəbul etməsi daha faydalıdır. Beş bənddən ibarət olan  sülh paketində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Əgər Ermənistan sülhdən imtina edirsə bu, ilk növbədə onun üçün ciddi problemlər yaradacaq.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31