Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müharibənin 563-cü günü

Müharibənin 563-cü günü

09.09.2023 [11:15]

Nüvə mərhələsi”nə start verildi

Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Artıq iki qonşu ölkə arasında hərbi əməliyyatların başladığı tarixdən 563 gün ötür. Hər ötən gün isə tərəflərin texnika və canlı qüvvə sarıdan yeni itkiləri deməkdir. Verilən məlumatlara görə indiyədək Ukraynanın və Rusiyanın döyüşlərdə canlı qüvvə itkilərinin ümumi sayı 500 minə çatıb. Üfüqdə isə sülh görünmür. Əksinə, günlər ötdükcə müharibənin yeni təfərrüatları üzə çıxır. Tərəflər bir-birlərinə qarşı təzyiqi artırmaq və uğur qazanmaq üçün daha dəhşətli vasitələrə əl atmaqdan çəkinmirlər. Müşahidə olunan proseslər ona dəlalət edir ki, perspektivdə döyüşlərin arealı daha da genişlənəcək.

Müharibədə yeni səhifə

Artıq müharibədə yeni səhifə açıldığını deyə bilərik. Söhbət çoxdan ehtimal olunan “nüvə mərhələsi”nin açıq müstəviyə keçməsindən gedir. Xatırladaq ki, hələ cari ilin mart ayında Qərb dairələri Ukraynaya “Çellencer-2” tankları ilə birgə tərkibində zəiflədilmiş uran olan zirehdeşici mərmilər tədarük olunacağının anonsunu etmişdilər. Rusiyanın buna münasibəti kifayət qədər sərt oldu. Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, kollektiv Qərb artıq nüvə komponenti olan silah tətbiq etməyə başlayıb və bunun cavabı adekvat olacaq. Aprel ayında Polşanın baş naziri Mateuş Moravetski bəyan etdi ki, ölkə ərazisində “Abrams” tankları üçün servis mərkəzi yaradılacaq, habelə tərkibində zəiflədilmiş uran olan döyüş sursatlarının istehsalına başlanılacaq.

Əlbəttə, bu xüsusda yayılan xəbərlərin bir çoxu sırf nəbz yoxlamaq və beynəlxalq ictimaiyyəti psixoloji cəhətdən müharibənin yeni, daha təhlükəli mərhələsinə hazırlamaq məqsədi daşıyırdı. Budur, bir neçə ay davam edən “nəbz yoxlanılması” artıq real müstəviyə transfer edilir. Bu, ABŞ-ın Ukraynaya bəyan etdiyi yeni hərbi yardım paketindən bəlli olub.

ABŞ-dan Ukraynaya 44,4 milyard dollarlıq hərbi yardım

ABŞ müharibədə Ukraynanı dəstəkləyən kollektiv Qərb cəbhəsinin əsas fiquru sayılır. Müharibə başlayandan bəri bu ölkə Ukraynanın dəstəklənməsi ilə bağlı çoxsaylı təşəbbüslərlə çıxış edərək koalisiyanın genişlənməsinə nail olub. Bu günlərdə Pentaqon müharibənin əvvəlindən Ukraynaya göstərilən hərbi yardımın məbləğini açıqlayıb. Necə deyərlər, ABŞ-ın səxavətinə söz ola bilməz. Ukraynaya edilən hərbi yardımın ümumi məbləği 44,4 milyard dollar həcmindədir. ABŞ-ın Ukraynaya növbəti yardım paketi isə 600 milyon dollar həcmində olacaq. Bununla bağlı məlumatı  Pentaqonun mətbuat xidməti yayıb. Artıq bu həcmin ilk tranşı ayrılıb. Belə ki, Pentaqon yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 175 milyon dollar dəyərində döyüş sursatı göndəriləcəyi barədə qərar verildiyini bildirib. Vurğulanıb ki, bu, 2021-ci ilin avqustundan bəri ABŞ-dan Ukraynaya edilən sayca 46-cı hərbi yardım paketidir. Bu dəfə Kiyevə həmçinin tərkibində zəiflədilmiş uran olan mərmilər də tədarük ediləcək. 120 millimetrlik  mərmilər “Abrams” tankları üçün nəzərdə tutulub. Yeni hərbi yardım paketində həmçinin HIMARS reaktiv yaylım atəş sistemləri, eləcə də Javelin və AT-4 tankəleyhinə sistemlər üçün mərmilər, maneələri təmizləmək məqsədilə partlayıcı vasitələr, atıcı silahlar üçün 3 milyon güllə və s. daxildir. Yeni güclü döyüş sursatları ukraynalı hərbçilərə Rusiya tanklarını məhv etməyə kömək edəcək.

BMT-nin narahatlığı

Xarici nəşrlərin yazdığına görə, tərkibində zəiflədilmiş uran olan mərmilər Ukraynaya yaxın günlərdə çatdırılacaq. Bəs bu mərmilər özlərində hansı xüsusiyyətləri ehtiva edir və onların təhlükəsi nədən ibarətdir? İnternetdəki açıq məlumatlara görə, 1991-ci ildə Britaniya hərbçilərinin ixtiyarına verilmiş L26A1 tank mərmisi iki kilometr məsafədən 443 mm-ə qədər homojen zirehləri deşməyə qadirdir. Bu cür mərmilərin hazırlanması üçün urandan istifadə olunur. Bu materialın sıxlığı digər ərintilər və metallardan 2,5 dəfə yüksəkdir. Buna görə də, mərmi daha yüksək sürətə (1575 m / s-ə qədər) hədəfə çatır. Bunun sayəsində də zirehə daha dərindən nüfuz edərək onu deşir.

Narahatlıq yaradan əsas məqam isə belə mərmilərin ekoloji fəlakət mənbəyi olmaları ilə bağlıdır. Ondan istifadə edənlərin həyatı üçün təhlükə qaçılmazdır. Mütəxəssislər bu təhlükəni mərmilərdən istifadə zamanı ətrafa incə dənəli aerozolun yayılması ilə əlaqələndirirlər. Uran toz hissəcikləri həzm və tənəffüs orqanlarına nüfuz edir ki, bu da sonradan onkoloji xəstəliklərin inkişafına və ağır zəhərlənmələrə yol açır. Eyni zamanda, hədəflərin vurulduğu ərazilər də nüvə çirklənmələrinə məruz qalır. Bu çirklənmələr həm də onunla təhlükəlidir ki, onlar uzun müddət qalıcı səciyyə daşıyırlar. Yəni döyüş əməliyyatları başa çatandan sonra da heyvan və quşların, mülki insanların  fəsadlara məruz qalmaları ehtimalı kifayət qədər yüksəkdir. Yeri gəlmişkən, 1999-cu ildə NATO qoşunları Yuqoslaviyaya qarşı bu qəbildən olan mərmilərdən istifadə ediblər. Faktlarla təsdiqlənib ki, həmin olaylardan sonra mülki əhali, eləcə də əməliyyatlara qatılan NATO-ya üzv ölkələrin hərbi qulluqçuları arasında onkoloji xəstəliklər artıb.

Keçmişin acı təcrübəsini nəzərə alan BMT Pentaqonun Ukraynaya tərkibində zəiflədilmiş uran olan mərmilərin göndərilməsi qərarından narahatlığını bildirib. BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Hak Pentaqonun qərarına münasibət bildirərək deyib: “Bizim tərkibində zəiflədilmiş uran olan mərmilərin istifadə edilməsi ilə bağlı narahatlığımız həmişə olub və bu narahatlıq indi də qalmaqdadır”.ABŞ isə hələlik BMT-nin narahatlığının müqabilində təmkinini pozmur. Ağ evin qurumun narahatlığına cavabı isə “tərkibində zəiflədilmiş uran olan mərmilərin radioaktiv təhlükəsi yoxdur” məzmununda olub.

Rusiyanın gecikməyən sərt reaksiyası

Verilən məlumatlarda bəhs olunan mərmilərin Rusiyanın T-72B, T-72B3M, T-80BV tankları üçün ciddi təhlükə yaradacağı bildirilir. Rusiyalı mütəxəssislər isə T-80BVM, T-90A və T-90M  tanklarının bəhs olunan mərmilərin zərbələrinə tab gətirmək iqtidarında olduqlarını deyirlər.

Pentaqonun Ukraynaya nüvə mərmilərinin göndərilməsi ilə bağlı qərarına Rusiyadan sərt reaksiya özünü çox gözlətməyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dimitri Polyanski ölkəsinin Təhlükəsizlik Şurasının Kiyevə xarici silahların tədarükünün müzakirəsi ilə bağlı iclasının çağırılmasını istədiyi haqqında məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova zəiflədilmiş uranın insan orqanizmi və ətraf mühit üçün ciddi təhlükələr yaratdığına diqqət çəkib. “Xatırladaq ki, belə mərmilərin istifadə olunduğu yerlərdə onkoloji xəstəliklərin dinamikası çox yüksəkdir. Bunlar NATO təcrübəsində təsdiq olunmuş faktlardır”, - deyə Mariya Zaxarova vurğulayıb. O, uran mərmilərindən istifadə qərarını “əhaliyə qarşı soyqırım?” adlandırıb.

Rusiyanın Dövlət Dumasından da Pentaqonun qərarına sərt münasibət bildirilib. Dumada baş tutan gərgin müzakirələrdə deputat Leonid Babaşov bəyan edib ki, Rusiya Kiyevin tərkibində zəiflədilmiş uran olan mərmilərdən istifadə etməsinə cavab olaraq simmetrik tədbirlər görəcək. ABŞ-ın ünvanına sərt tənqidlərini dilə gətirən deputat ölkəsinin arsenalında müxtəlif tipli dağıdıcı silahların çox olduğunu vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31