Dünyada böyük türk ailəsi
09.09.2023 [10:00]
İlham Əliyev: Biz doğru yoldayıq!
Getdikcə möhkəmlənən Türk Dövlətləri Təşkilatının (TDT) müxtəlif tədbirlərinin Azərbaycanda keçirilməsi bir növ ənənə halını alıb. Tarixi-mənəvi bağlarla bir-birinə sıx bağlı olan dost, qardaş türk dövlətlərinin təmsilçiləri bu günlərdə yenidən paytaxtımıza təşrif gətiriblər. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib. Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı son vaxtlarda türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın möhkəmlənməsindən, TDT-nın inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan üçün xarici siyasətdə birinci dərəcəli vəzifə
Doğru deyiblər ki, XXI əsr türk əsridir. Zamanında imperialist güc mərkəzləri tərəfindən hazırlanan məkrli ssenarilər əsasında böyük türk coğrafiyası parçalandı. Lakin türkdilli xalqlar və ölkələr arasında tarixi-mənəvi bağlar o qədər güclüdür ki, onilliklər boyunca məqsədli şəkildə davam etdirilən sərt qadağalar, araya çəkilən tikanlı məftillər onların yaxınlaşmaq və birləmək istəyinin qarşısını ala bilmədi. Çünki milyonlarla türk insanının bu istəyi süni, qondarma deyildi, bu istək hər birimizin içində, qanında, gen yaddaşımızda idi, bu gün də var və zaman məhdudiyyəti tanımadan gələcəkdə də olacaq! Bu, el gücü, sel gücüdür! Türk təşnəsinin qarşısını heç bir yad qüvvə, heç bir imperialist güc mərkəzi kəsə bilməz və bilmədi də. Hazırda Türkdilli xalqlar və ölkələr ortaq dəyərlərə əsaslanmaqla bir çətir altında öz gələcəklərini qururlar. Bunu Türk Dövlətləri Təşkilatının inkişafının timsalında da izləyə bilərik. Qurum yarandığı vaxtda tərkibində cəmi dörd dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın bu ölkədə də ofisi fəaliyyət göstərir.
Görüşdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər. Bu prosesdə Azərbaycanın rolunu da xüsusi qeyd edə bilərik. Məsuliyyətli dövlət olan Azərbaycan üzv olduğu digər beynəlxalq qurumlar kimi, TDT-nın tərkibində də aktiv fəaliyyəti və konstruktiv mövqeyi ilə fərqlənir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub.
Keçilmiş yola nəzər saldıqda Azərbaycanın dövlət başçısının türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. Cari il martın 16-da qardaş Türkiyənin paytaxtı Ankarada TDT-nin “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib.
Bəhs olunan sammitdə iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.
Postmüharibə dövründə Azərbaycan Zəngəzur dəhlizinin açılmasına güclü siyasi iradə sərgiləyir və praktiki müstəvidə bir sıra önəmli layihələr reallaşdırır. Mərkəzi Asiyada yerləşən türkdilli ölkələr Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və oradan da Avropaya çıxış imkanı qazanacaqlar. Bu dəhlizin yaradılması Azərbaycanın tarixi türk coğrafiyasının tamlığının bərpasına çox böyük töhfəsi olacaq. Bütövlükdə, türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə Azərbaycanın böyük önəm verdiyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.
Hər zaman bir-birinin yanında
Türkdilli ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ən aktual qərarlar TDT-nın Zirvə toplantılarında qəbul olunur. Siyasi və iqtisadi məzmunlu belə qərarlar qurumda birləşən dövlətlər arasında uzlaşdırılmış fəaliyyət üçün bir növ yol xəritəsi qismində çıxış edir Xatırladaq ki, indiyədək TDT-nın Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Cari ilin martında baş tutan son Zirvə görüşündə Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol və digər sənədlər imzalanıb.
İki aydan sonra isə türk dövlətlərinin başçıları səviyyəsində növbəti Zirvə görüşü keçiriləcək. İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər aparılır. Prezident İlham Əliyev Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlamasını çox önəmli hadisə kimi dəyərləndirib. Bildirildiyi kimi, qarşılıqlı yardım haqqında sazişin hazırlanmasına böyük ehtiyac var. Bu, günümüzün reallıqları ilə əlaqədardır. Son vaxtlar regionda və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Əlbəttə, fövqəladə hallar yalnız təbiət hadisələri ilə bağlı olmur, bir sıra hallarda geosiyasi amillər də fövqəladə halların yaranmasına gətirib çıxardır. Bütün hallarda reallıq ondan ibarətdir ki, hazırda Yer üzündə çoxsaylı daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Cari ilin əvvəlində qardaş Türkiyə dəhşətli zəlzələ ilə silkələndi. Xatırladaq ki, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərdi. Respublikamızdan qardaş ölkəyə ehtiyac duyulan mallardan, texnikadan, həkim və xilasedici heyətlərdən ibarət yardım karvanları yola salındı. Azərbaycan zəlzələdən ziyan çəkmiş insanlara dəstəyini indi də davam etdirir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda inşaata başlanılacaq. Azərbaycanın fövqəladə halların idarə edilməsində böyük təcrübəyə malik olduğunu bildirən Prezident İlham Əliyev “Son illər ərzində maddi-texniki bazamızın möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir. Biz hər zaman bir-birimizin yanında olmalıyıq”, - deyə vurğulayıb.
Şimali Kiprin bayrağı dalğalandı
Görüşdəki çıxışında Prezident İlham Əliyev Türk dünyasını böyük bir ailəyə bənzədib. Bu ailənin genişlənməsi, TDT-nın güclənməsi məmnunluq doğurur. “Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır”, - deyə Prezident İlham Əliyev bildiririb.
TDT-nın son Zirvə toplantısında əlamətdar hadisə yaşandı. Belə ki, tədbirdə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçildi. Bu, Türk dünyasının birliyinin göstəricisidir. Bununla türk dövlətləri eyni zamanda öz iradələrini bütün dünyaya nümayiş etdirdilər. Görüşdə Şimali Kiprin təmsilçisinin də Bakıda keçirilən tədbirə qatılmasına xüsusi diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycanın dövlət başçısına təşəkkür edib. Bu barədə Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağı barədə bəyanatından məmnun oldum.
Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən arzumdur.
Cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, - deyə Ersin Tatar bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
10 Dekabr 12:45
Xəbər lenti
10 Dekabr 12:38
Sosial
10 Dekabr 12:28
Siyasət
10 Dekabr 12:28
YAP xəbərləri
10 Dekabr 12:13
Siyasət
10 Dekabr 12:11
Sosial
10 Dekabr 12:08
Mədəniyyət
10 Dekabr 11:59
İqtisadiyyat
10 Dekabr 11:45
Sosial
10 Dekabr 11:08
Siyasət
10 Dekabr 11:07
İqtisadiyyat
10 Dekabr 10:58
Sosial
10 Dekabr 10:38
İqtisadiyyat
10 Dekabr 10:19
Dünya
10 Dekabr 10:15
İqtisadiyyat
10 Dekabr 09:53
Mədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38