Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sanksiyalar dalğası davam edir...

Sanksiyalar dalğası davam edir...

19.05.2023 [20:59]

Nicat

Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin sayı və həcmi genişlənməkdə davam edir. Bu günə qədər ən müxtəlif istiqamətlər üzrə qadağalarla üzləşən Rusiya indi də nəqliyyat sahəsi, müdafiə müəssisəsi, metal istehsalı sahələri üzrə məhdudiyyətlərə məruz qalıb. Daha dəqiq desək, Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar siyahısına Rusiyadan olan 86 fiziki şəxs və şirkət daxil edilib.Bu barədə krallığın hakim dairələrindən məlumat verilib.

Sanksiyalar xüsusilə “Rus mis şirkəti”nin direktorlar şurasının sədri İqor Altuşkinə və Zaporojye atom elektrik stansiyasının istismarı ilə məşğul olan təşkilatın rəhbəri Oleq Romanenkoya qarşı tətbiq edilib. Bundan başqa, Britaniya nəqliyyat sahəsində fəaliyyət göstərən 24 Rusiya vətəndaşı və təşkilatına, “Qazprom-neft”in direktorlar şurasının 13 üzvünə və “Transneft”in direktorlar şurasının beş üzvünə qarşı məhdudiyyətlər tətbiq edib. Sanksiyalara həmçinin “Kalaşnikov” konserni də daxil olmaqla Rusiya Federasiyasının 20 müdafiə müəssisəsi və şirkətinin rəhbərləri də məruz qalıblar.

Böyük Britaniya “Rosatom”la əlaqəli doqquz təşkilatı, Rusiya Federasiyasının metal istehsalı ilə məşğul olan səkkiz şirkətini, Rusiya ilə əlaqəli olduğu deyilən altı böyük nəqliyyat şirkətini, o cümlədən “Sun Ship Management” gəmiçilik şirkətini də sanksiyalar siyahısına daxil edib. 

Britaniya, eyni zamanda, “DOM.RF” mənzil tikintisinin inkişafı institutu və Metallurgiya İnvestisiya Bankına qarşı da sanksiyalar tətbiq edib.

Görünən odur ki, şimal qonşumuza qarşı tətbiq edilən qadağaların səngiməsi və ya ümumiyyətlə aradan qaldırılması yaxın gələcəkdə mümkün olmayacaq. Bir neçə gün öncə ABŞ rəsmilərinin açıqlaması da deyilənləri növbəti dəfə təsdiq edir. Məlumata görə, ABŞ və digər “Böyük Yeddilik” ölkələri (G7) Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti elan edəcək. Vurğulanıb ki, G7-nin son səyləri Rusiyanı müharibə aparmaq üçün lazım olan materialları əldə etmək imkanından məhrum etmək, sanksiyalardan yayınmaq üçün istifadə olunan boşluqları aradan qaldırmaq, Rusiya enerjisindən beynəlxalq asılılığı daha da azaltmaq və Moskvanın beynəlxalq enerji resurslarına çıxışını daraltmaq məqsədi daşıyır.

Ehtimala görə, yeni sanksiyalar siyahısı G7 liderlərinin Xirosima görüşündən sonra açıqlanacaq.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31