Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uzaq məsafələr yaxın olacaq

Uzaq məsafələr yaxın olacaq

19.05.2023 [10:00]

Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşasının tamamlanmasının zəruriliyi yenidən gündəmə gəlib. Bu, regionda artan geosiyasi gərginliklər fonunda baş verir. Rusiya-Ukrayna müharibəsi bir növ tranzit daşımalarına yeni baxış formalaşdırıb. İndiki şəraitdə yükdaşıma şirkətləri üçün xərclərin optimallaşdırılması, yollarda zaman itkisinin azaldılması, tranzit marşrutları üzərində yerləşən ölkələrin fəaliyyətlərinin uzlaşdırılması, təhlükəsizlik kimi məsələlərin aktuallığı artıb. Eyni zamanda, bəlli səbəblərə görə Qara dəniz limanlarının, Rusiyadan keçən bəzi marşrutların funksionallığının məhdudlaşması şirkətləri alternativ dəhlizlərə üz tutmaq məcburiyyəti ilə üz-üzə qoyub. Bu kimi reallıqlar fonunda indiyədək qismən fəaliyyət göstərən Şimal-Cənub Dəhlizinə maraq artıb. Artan maraq isə İran ərazisində dəmir yolu xəttinin Rəşt-Astara hissəsinin tikintisinin tamamlanmasını diktə edir. Mayın 17-də İran və Rusiya prezidentlərinin iştirakı ilə Tehranda iki ölkə arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair sazişin imzalanması mərasimi keçirilib.

Şimal-Cənub Dəhlizi - ölkələr və şirkətlər üçün cəlbedici marşrut

Şimal-Cənub Dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.

Müqayisələr apardıqda bəlli olur ki, Şimal-Cənub Dəhlizinin daşıma şirkətləri üçün üstünlükləri kifayət qədər çoxdur. Şimal-Cənub Dəhlizi təhlükəsizlik, məsafənin qısalığı, zaman itkisinin az olması, marşrutda yer alan ölkələrin koordinasiyalı fəaliyyəti, bütün dəhliz boyunca eyni optimal tariflər kimi çoxsaylı aktual məsələlərin bir məkanda həlli anlamına gəlir. Bu dəhliz yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub Dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.

Ancaq zəruri infrastrukturun olmaması - İran ərazisində  170 kilometr məsafədə Rəşt-Astara dəmir yolu xəttinin inşasının gecikməsi artan tələbatı qarşılamağa və Şimal-Cənub Dəhlizinin funksionallığını yüksək səviyyədə təmin etməyə imkan vermir. Belə ki, Rusiyadan və Azərbaycandan dəmir yolu xətti ilə gələn yüklər İran ərazisində boşaldılaraq Rəşt-Astara (İran) arasındakı məsafədə TIR avtomobillərlə daşınır. Bu, həm daşıma xərclərini artırır, həm də zaman itkisinə səbəb olur.

İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa, bu kimi çətinliklər də aradan qalxacaq. Bəhs olunan infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən daşınacaq. Mütəxəssislərin qənaəti belədir ki, Rəşt-Astara dəmir yolunun inşası tamamlandıqdan sonra Şimal-Cənub Dəhlizi ilə yük aşırmalarının həcmi əhəmiyyətli dərəcədə artacaq.

Rusiya aktivliyini artırır

İran iqtisadiyyatındakı geriləmələr, həmçinin üzləşdiyi sərt sanksiyalar fonunda kəskin maliyyə çətinlikləri ilə üzləşdiyinə görə öz ərazisində uzunluğu elə də böyük olmayan dəmir yolu xəttinin inşasını həyata keçirmək iqtidarında deyil. Xatırladaq ki, İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisini 8 ilə güclə başa çatdırıb. Məhz İranın maliyyə sıxıntıları yaşadığına görədir ki, Rəşt-Astara dəmir yol xəttinin tikintisi illərdir ki, ləngiyir. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan reallıqlar şimal qonşumuzda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsinin sürətləndirilməsinə marağı artırıb. Digər marşrutlarla daşıma imkanları xeyli məhdudlaşan bu ölkə Şimal-Cənub Dəhlizinin İran ərazisindən keçən hissəsində dəmir yolu xəttinin inşasını öz üzərinə götürməyə hazır olduğunu hələ bundan əvvəl bəyan etmişdi. Məsələ burasındadır ki, sanksiyalarla üzləşən Rusiya Rəşt-Astara dəmir yolu xəttinin işə salınması ilə  ölkənin şimalından, Peterburqdan birbaşa Fars körfəzinə çıxış imkanı qazanacaq. İndiki şəraitdə bu, Rusiyaya, necə deyərlər, hava və su kimi lazımdır.

Mayın 17-də imzalanan sazişə əsasən, dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi, tikintiyə xidmət və malların təminatını iki ölkə birlikdə maliyyələşdirəcək. Sazişi İranın yol və şəhər inkişafı naziri Mehrdad Bazparş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev imzalayıb. Rusiya Prezidenti Vladimir Putin mərasimə videobağlantı ilə qatılıb. Rusiyanın baş nazirinin müavini Aleksandr Novak da Tehrandakı mərasimdə iştirak edib. Qeyd olunur ki, 170 km uzunluğunda dəmir yolu xəttinin Astaraya qədər olan hissəsini İran və Rusiya, İran Astarasından Azərbaycan Astarasına qədər olan hissəsini isə 3 ölkə birlikdə inşa edəcək.

Layihənin icrası üçün zəruri olan investisiyanın böyük hissəsini Rusiya yönəldəcək. A.Novak mərasimdən sonra jurnalistlərə bildirib ki, dəmir yolu xəttinin tikintisi üçün Rusiya İrana dövlətlərarası razılaşma əsasında 1,3 milyard avro kredit ayırıb. Onun sözlərinə görə, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Beləliklə, layihədə Rusiyanın payı 85 faizə bərabərdir.

Rusiya hökumətinin təmsilçisi onu da bildirib ki, hər iki ölkə 2030-cu ilədək dəmir yolu ilə daşımaların həcmini ildə 15 milyon tona çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, ötən il İran və Rusiya arasında yükdaşımaların həcmi avtomobil və digər nəqliyyat növlərini nəzərə almaqla 5 milyon tona çatıb: “Biz razılaşmışıq ki, ölkələr arasında dəmir yolu ilə daşımaların həcmi ildə minimum 15 milyon ton təşkil edəcək. Özü də bu, yalnız tranzit yüklərə aiddir. Gələcəkdə biz bu gücləri daha genişləndirəcəyik. Bu layihə Süveyş kanalının alternativi olmaq potensialına malikdir”.

Bundan əvvəl isə İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə İRNA agentliyinə bildirib ki, İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün 16 maddədən ibarət memorandumunu təqdim edib. Əfəndizadənin sözlərinə görə, İran və Rusiya arasında keçirilən 13-cü birgə iclasda 10 milyon ton malın transferi ilə bağlı anlaşma əldə olunub. İran rəsmisi həmçinin bildirib ki, Rəşt-Astara dəmir yolu xəttinin tikinti işlərini tamamilə yerli şirkətlər icra edəcək və proses 3 ilə yekunlaşacaq. Lakin Rusiya mətbuatı tikintinin Rusiya şirkətləri tərəfindən və Rusiya texnologiyalarının tətbiqi ilə həyata keçiriləcəyini bildirirlər.

Layihədə Azərbaycanın marağı və iştirakı

Azərbaycan Şərq-Qərb, Orta Dəhliz marşrutlarında olduğu kimi, Şimal-Cənub Dəhlizində də açar ölkələrdən biri qismində çıxış edir. Bunu ölkəmizin əlverişli coğrafi mövqeyi, sabitlik və təhlükəsizlik mühiti, ötən illər ərzində qurulan müasir infrastruktur və digər mühüm amillər şərtlənir.  Diqqəti çəkən ən mühüm məqamlardan biri isə Azərbaycan ərazisində Şimal-Cənub Dəhlizindən digər beynəlxalq marşrutlara, o cümlədən Şərq-Qərb və Orta Dəhlizə çıxış imkanlarının olması ilə bağlıdır. Perspektivdə bu imkanlar daha da genişlənəcək. Azərbaycan ölkənin əsas hissəsi ilə Nax?ıvana, oradan da Avropayadək uzanacaq Zəngəzur Dəhlizinin yaradılmasında israrlı yanaşma sərgiləyir. Ölkəmizin ərazisində Zəngəzur Dəhlizi ilə bağlı layihələr intensiv şəkildə reallaşdırılır. O cümlədən Şimal-Cənub Dəhlizinin Zəngəzur marşrutuna inteqrasiyası da nəzərdə tutulub.

Bütövlükdə, özünün yol-nəqliyyat infrastrukturunu yüksək səviyyəyə qaldırmağı və Avrasiyada önəmli nəqliyyat habına çevrilməyi hədəfləyən Azərbaycan indiyədək Şimal-Cənub Dəhlizinin formalaşmasında fəal iştirak edib. Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixində ayrıca Sərəncam imzalayıb. İndiyədək bəhs olunan Sərəncamın icrası çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin birləşdirilməsi məqsədilə ölkəmizin ərazisində Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni xətt çəkilib. Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub, Astaraçay üzərində dəmir yolu körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km uzunluğunda yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisini və yüklərin boşaldılması üçün terminalların inşasını öz üzərinə götürüb. Eyni zamanda, 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək. Ehtiyac yaranacağı təqdirdə, mövcud infrastrukturun genişləndirilməsi imkanları da mövcuddur.

Hazırda Azərbaycan ərazisində dəhlizin dəmir yolu seqmenti tam işlək vəziyyətdədir. Rusiyadan daxil olan və əks istiqamətə daşınan yükləri dəmir yolu vasitəsilə qəbul edib yola salmaq üçün bütün şərtlər təmin olunub. Eyni zamanda, Azərbaycan perspektivdə tranzit yüklərinin həcminin artması ehtimalını nəzərə almaqla avtomobil yolu seqmenti üzrə də yeni layihələrin icrasını sürətləndirib.

Yuxarıda deyilənlər Azərbaycanın nəqliyyat marşrutlarının şaxələndirilməsində, o cümlədən də Şimal-Cənub Dəhlizinin inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Ancaq qonşu İranın son vaxtlarda ölkəmizə münasibətdə sərgilədiyi qeyri-səmimi davranışlar partnyorluq və qonşuluq münasibətlərinin ruhuna ziddir. İran belə siyasətindən əl çəkməlidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30