Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqillik dövrünün ən böyük əfv aktı

Müstəqillik dövrünün ən böyük əfv aktı

09.05.2023 [10:00]

Humanizmə söykənən dövlət siyasəti...

Vətəndaş-dövlət münasibətləri qarşılıqlı etimada və güvənə əsaslanır

Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasəti hər zaman humanizm və bu kimi yüksək ali dəyərlərə söykənib. Bunun nəticəsidir ki, cəmi 30 illik müstəqillik tarixində yüksək hüquqi dövlət quruculuğu prosesi keçmiş ölkəmizdə insan hüquq və azadlıqlarına hörmət, bağışlanma kimi yüksək dəyərlərə istinad hər zaman aktuallığını qoruyub. Bir sözlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib.

2020-ci ildə Vətən müharibəsində qazanılan böyük zəfər Heydər Əliyev ideallarının təcəssümü olmaqla dövlətimizin milli inkişafın yeni mərhələsinə keçidini şərtləndirib. Ulu Öndərin anadan olmasının 100 illik yubileyi məhz belə vaxta - müstəqil Azərbaycanın qalib dövlət kimi öz nüfuzunu daha da yüksəltdiyi, gücünü, qüdrətini daim artırdığı bir zamana təsadüf edir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, Ulu Öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Yeni Əfv Sərəncamı 801 şəxsə şamil olunacaq...

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi həm də humanizm ideyalarının təcəssümünün davamlı olmasının təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğu vurğulanır. Qeyd edilir ki, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq müvafiq sərəncam imzalanmışdır. Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Humanizm Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissə kimi

Qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətlilik, humanizm və insanpərvərlik hər zaman Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələri kimi çıxış edib. Bu dəyərlər hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş ittifaqın rəhbərliyində təmsil olunarkən Ulu Öndərin siyasi və idarəçilik fəaliyyətində önəmli yer tutub, müstəqillik illərində isə milli dövlət quruculuğunun aparıcı istiqamətlərində öz ifadəsini tapıb.  Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Dövlətçilik fəaliyyətində daim qanunun aliliyi prinsipinə əsaslanan müdrik siyasətçi ədaləti ədalətsizliklə bərpa etməyin mümkünsüzlüyünü bildirirdi. İyirmi beş il əvvəl ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlandığı tarixi müraciətdə müdrik və uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu qeyd edərək, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirir, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini vurğulayırdı.

Prezident İlham Əliyevin siyasəti mərkəzində Azərbaycan vətəndaşı dayanır

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev bu gün də əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Sonuncu Sərəncamla birgə cənab İlham Əliyev dövlət başçısı kimi 37 əfv Sərəncamı imzalayıb. Bütövlükdə, indiyə qədər əfv barədə imzalanmış 69 fərman və sərəncam 9788 nəfərə şamil edilib.

Göründüyü kimi, demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşılır. Qeyd olunan sahəyə böyük diqqət və yüksək sayğı göstərilir ki, bu da cəmiyyətimizdə humanizm ənənələrinin hərtərəfli təşəkkül tapmasına və daha da möhkəmlənməsinə rəvac verir. Fərəhləndirici və qürurverici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir istiqamətdə, o cümlədən sözügedən sahədə ardıcıl uğurlar əldə olunur ki, bütün bunlar da Azərbaycanın və xalqımızın parlaq, daha da möhkəmlənən milli birliyinin təmin edildiyi  gələcəyini şərtləndirir.

Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri...

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə isə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30