Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqil Azərbaycan Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir

Müstəqil Azərbaycan Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir

03.05.2023 [11:07]

Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan tarixinin ən parlaq simasıdır. O, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qorunub saxlanmasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar liderdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli liderin gərgin əməyi və müdrik siyasəti nəticəsində həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətli işlər görülmüşdür.

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Bu gün ən mühüm tarixi məqam budur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin son 20 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar müzəffər ordumuzun yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə itirilən torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Bu, həm də cənab Prezidentin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq ulu öndərimizin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm Zəfərin qazanılmasında mühüm amil oldu. Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük uğurlarından biridir. Bu gün isə ölkəmizin qarşısında başqa mühüm vəzifələr dayanır. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni nailiyyətlər qazanacaqdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Beləliklə,  Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Paylaş:
Baxılıb: 355 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30