Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qafqazda balans dəyişir?

Qafqazda balans dəyişir?

18.03.2023 [10:55]

Ermənistan Rusiyanı ordudan da “çıxarır”...

Cənubi Qafqazda baş verən son proseslər maraqlı istiqamət almaqdadır. Avropa İttifaqının monitorinq missiyasının Ermənistana gəlişi, ABŞ-ın sülhyaratma prosesində aktiv iştirakı yeni bir mənzərə formalaşdırıb - bu fonda isə, Rusiya amili yavaş-yavaş zəifləməkdədir. Vurğulamaq lazımdır ki, hər zaman Rusiyanı özünün “müttəfiqi” adlandıran Ermənistanın Qərb yolu seçməsi Kreml üçün də ürəkaçan deyil. Paşinyanın xəyanət edəcəyini sanki əvvəlcədən hiss edən Rusiya ötən il Ermənistanın daxilindəki özünəyaxın qüvvələrin müqavimətini təşkil etməyə çalışmışdı. Amma bu alınmamışdı - təbii ki, burada da subyektiv və obyektiv səbəblər mövcud idi. Subyektiv səbəb olaraq Rusiyaya sığınan “liderlərin” illər ərzində korlanmış reputasiyası idisə, obyektiv səbəblər sırasında daha çox ştrixlər yer alır:

- müharibədən, sosial çətinliklərdən, aclıqdan və səfalətdən bezən erməni xalqı Azərbaycana qarşı aparılan siyasətin illərlə əsas ruporları olan Sarkisyan və Koçaryan faktorundan qəti şəkildə imtina edirdi;

- Ermənistan miqrasiyaya görə dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilmişdi - bunun səbəbləri də çox idi və ən əsas səbəbi Azərbaycana qarşı apardığı terror siyasəti ucbatından regional layihələrdən kənarda qalması idi.

Və bu kimi səbəblər onlarladır. Beləliklə, postmüharibə dövründə “revanşist qanad” adlanan siyasi “tərəfin” uğursuzluğu Ermənistanda nizam-tərəzini Qərbin xeyrinə dəyişmək imkanı qazandırdı - təbii ki, burada Qərbin də öz maraqları mövcuddur.

Pırvanyan da “getdi”...

Amma bəzi siyasi ekspertlər Qərbin Ermənistanın “siyasi akvatoriyası”na yol tapmasını tam uğur kimi qiymətləndirmir. Bunun əsas səbəblərindən biri isə Ermənistan ordusuna rəhbərlik edən zabitlər arasında hələ də Sarkisyan-Koçaryan rejimlərinin “kadrları”nın olmasıdır. Bu ordu təmsilçiləri yeni qərbyönlülərin bəzi fikirləri ilə razılaşmadıqlarını açıq şəkildə bildirir. Amma Paşinyan hökuməti ordunu da “özününküləşdirməkdə” israrlı görünür. Yeri gəlmişkən, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Ermənistan-Rusiya birləşmiş qoşunlar qrupunun komandanı Tiqran Pırvanyanın tutduğu vəzifədən azad edilməsi bunun bariz misalıdır. Erməni mediasının yaydığı məlumata görə, qərar Ermənistanın baş nazirinin təklifi əsasında qəbul edilib. Xatırladaq ki, Pırvanyan bu vəzifəyə 2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə təyin edilmişdi. Ona qədər general-mayor Tiqran Pırvanyan Birinci Ordu Korpusunun komandiri vəzifəsində çalışıb.

Rusiyanın Ermənistandakı dayaqları sıradan çıxarılır

“Azad edilmiş” generalın dosesinə nəzər yetirdikdə yuxarıda qeyd edilən  məqamlar bir daha aydın şəkildə öz izahını tapır. Pirvanyan yalnız Sarkisyanın kadrı sayılmırdı, həm də Rusiyanın Ermənistan ordusundakı “ən möhkəm qala”larından biri sayılırdı. Bu addım ötən ilin sonunda 102-ci hərbi Bazaya edilən hücumun, Ermənistanın KTMT-dən çıxacağı ilə bağlı qətiləşdirdiyi mövqeyinin məntiqi davamıdır. Beləliklə, Rusiya artıq Ermənistan ordusundakı dayaqlarını da ard-arda itirir. Qeyd edək ki, postmüharibə dövründə  Paşinyan hökumətinin açdığı çoxsaylı “hərbi cinayət işlərinin” əsas hədəfləri də məhz həmin hərbçilər idi. Bu yolla onlar Ermənistan ordusu ilə bağlı faktların Sarkisyanın və ya Koçaryanın, dolayısı ilə Rusiyanın əlinə keçməsinin qarşısını almağa çalışırlar. Çünki Pirvanyanın tutduğu vəzifədən azad olunmasından az zaman öncə sabiq prezidenti Serj Sarkisyan yerli mətbuata açıqlamasında ordu ilə bağlı bəzi fikirlər bildirmişdi. O demişdi ki, metafora ilə desək, “avtomobil”i - Ermənistan ordusunu nəinki “sürücülük vəsiqəsi” olan, həm də maşını sürməyi bacarmayan adamlar idarə edir. Belə olan halda “avtomobil” qaçılmaz olaraq dərəyə yuvarlanacaq və əslində yuvarlanıb. “Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdəki kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə (builki xərclər 1,2 milyard ABŞ dolları nəzərdə tutulub) lovğalanır. Ümumiyyətlə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - sabiq dövlət başçısı bildirib. Görünən isə budur ki, Pirvanyanın “isti yerindən olmasında” Sarkisyanın bu fikirləri müəyyən rol oynayıb.

Artyunyan Azərbaycanın qəti mövqeyindən narahatdır...

Bu arada, Ermənistan mətbuatı qondarma rejimin başçısı Araik Arutyunyanın da gələn həftə istefa verə biləcəyini yazıb. “Hraparak” nəşrinin yazdığına görə, Bakının reinteqrasiya tələbi separatçıları çətin vəziyyətə salıb. Arutyunyanı narahat edən isə rəsmi Bakının qəti mövqeyidir. Nəşrin yazdığına görə, Arutyunyan Paşinyanla görüşdən sonra Bakının öz tələbini dəyişməyəcəyini, reinteqrasiyanın alternativinin olmadığını anlayıb. Bundan sonra isə Arutyunyan istefa vermək qərarına gəlib. Nəşrin mənbələrinə istinadən yaydığı məlumatda o da bildirilir ki, gələn həftə qondarma qurumun “konstitusiya” dəyişikliyi layihəsi müzakirə olunacaq və “düzəlişlər” qısa müddətdə həyata keçiriləcək. Əgər Bakı reinteqraiya tələbində israr edərsə və İrəvan bu məsələni sükutla izləyərsə, Arutyunyan istefa verəcək. Nəşr artıq Araiki əvəz edə biləcək mümkün şəxslərin də adlarını yayıb.

Qeyd edək ki, nəşr Artyunyanın da Ermənistanın Qərbə doğru yol almasının əleyhinə çıxdığını yazıb. Qeyd edilib ki, qondarma rejim üzvü öz ritorikasında “44 günlük müharibədə Avropa harda idi? Ümumiyyətlə, bizim gələcəyimizə qərar verən Avropa kimdir? Biz Rusiyanın tərəfində olmalıyıq. Yaxşı və ya pis” kimi fikirlərə tez-tez müraciət edilir. Amma görünən budur ki, bu amil də Artyunyanı xilas edə bilməyəcək...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 320 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31