Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni baxış, yeni inkişaf vektoru

Yeni baxış, yeni inkişaf vektoru

16.03.2023 [09:53]

Türkdilli ölkələrin sarsılmaz birliyi

Mübariz ABDULLAYEV

Xəzər-Qara dəniz hövzələri boyunca böyük coğrafiyada yerləşən Türk dövlətləri arasında inteqrasiya genişlənir. Türkdilli ölkələrin yüksəksəviyyəli rəsmiləri həm ikitərəfli platformalarda, həm də Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşləri və digər tədbirləri çərçivəsində tez-tez bir araya gələrək fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə aktual müzakirələr aparırlar. Belə görüşlərdə bir qayda olaraq keçilmiş yola nəzər salınır, yeni hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu gün Ankarada TDT-nın növbəti Zirvə Görüşü keçirilir. Təşkilatın saytında qeyd olunub ki, Zirvə Toplantısının mövzusu “Fəlakətlərin - Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” olacaq. TDT-nın Zirvə Görüşü üçün bu mövzunun seçilməsi də təsadüfi deyil. Bir qədər bundan əvvəl qurumun aparıcı dövləti olan qardaş Türkiyənin 10 bölgəsində 46 mindən çox insanın həyatına son qoyan dəhşətli zəlzələ baş verdi. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında TDT-da təmsil olunan bütün dövlətlər Türkiyənin yanında oldular və qardaş dəstəyi göstərdilər. Bu dəstək hazırda da davam edir.

Tarixi zərurətdən reallığa

Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Beləliklə, onlardan bir neçəsinə diqqət çəkək:

-Tarixi bağlılıq,

-Milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi,

-Humanitar sahə,

-Siyasi maraqların uzlaşması,

-Coğrafi bağlılıq,

-Din, etiqad vəhdəti.

Bu kimi fundamental amillərə əsaslanan cəmiyyətlər və dövlətlər yaxınlaşmaq niyyətlərini nümayiş etdiriblər və birlik baş tutub, hazırda da yeni bağlarla möhkəmlənməkdə davam edir. Deyilənlərdən də göründüyü kimi, Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənddə olmaqla Zirvə görüşləri uğurla baş tutub.

Təşkilatın katibliyi İstanbulda yerləşir. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Böyük coğrafiyada iqtisadi inteqrasiya perspektivləri

İqtisadi potensial Türkdilli ölkələrin birliyini mümkün və etibarlı edən ən mühüm amillərdən biridir. Hazırda dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Eyni zamanda, Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.2 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Vurğulamaq yerinə düşər ki, indiyədək TDT-da təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.

Azərbaycanın Türk birliyinin möhkəmlənməsində rolu

Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-n?n yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə Görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi. Zirvə Görüşündə yeni çağırışlar müzakirə olundu və bir sıra mühüm qərarlar qəbul olundu. Qlobal pandemiya dövründə beynəlxalq həmrəyliyə nail olunması ən mühüm çağırışlardan biri idi. İndiki mərhələdə Prezident İlham Əliyev TDT-nın missiyasının yalnız Türkdilli ölkələrlə məhdudlaşmadığı kimi aktual bir məsələni gündəmə gətirib. Ötən ilin noyabrında Səmərqənddə baş tutan IX Zirvə Görüşündə bununla bağlı fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Tarixi coğrafiyanın bərpası

Zamanında Türk coğrafiyası bir tamlıq təşkil edib. Ancaq sonradan məkrli qüvvələr istəklərinə çataraq tarixi Türk coğrafiyasının parçalanmasına nail olublar. Söhbət Qərbi Zəngəzurun Ermənistana verilməsindən gedir. Bir vaxtlar yüklər Mərkəzi Asiyadakı Türkdilli ölkələrdən Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qərbi Zəngəzurdan keçməklə Türkiyəyə çatdırılırdı. Türk dünyasına qısqanclıqla yanaşan imperialist güc mərkəzləri Qərbi Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla yalnız ümumtürk coğrafiyasını parçalamadılar, həm də Türkdilli ölkələrin dünyaya çıxış imkanlarını məhdudlaşdırdılar.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına nail olacaq. Hazırda respublikamızın ərazisində Zəngəzur dəhlizinin avtomobil və dəmir yolu seqmentləri üzrə işlər sürətlə davam etdirilir.  Zəngəzur dəhlizi Türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxardacaq. Qeyd edək ki, gələcəkdə Zəngəzur dəhlizinin respublikamızın ərazisində qolları inşa olunacaq. Beləliklə də, Şərq-Qərb, Şimal-Cənub, Orta və Zəngəzur dəhlizləri optimal marşrutlarla bir-biri ilə inteqrasiya olunacaq. Azərbaycanın böyük investisiya qoyuluşu hesabına yaratdığı yol-nəqliyyat-logistika infrastrukturu, o cümlədən müasir hava və dəniz donanmaları, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə inşa olunan dəniz limanının yükaşırma imkanlarının ildə 15 milyon tondan 25 milyon tonadək artırılması, Ələtdə Azad İqtisadi Zonanın yaradılması daşımaların intensivliyini və səmərəliliyini artıracaq. Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın və Türkdilli ölkələrin deyil, böyük iqtisadiyyata malik uzaq Çinin və Avropa dövlətlərinin də maraq dairəsindədir.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30