Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran yeni nizamda yer “axtarır”...

İran yeni nizamda yer “axtarır”...

11.03.2023 [11:00]

Tehranın son addımları özünütəcridi sərtləşdirir...

Abdullahianın Türkiyə səfərinin qaranlıq məqamları...

Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin formalaşması mühüm yeniliklər və çağırışlar formalaşdırır. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir. Məsələn, Türkiyənin timsalında bəzi dövlətlər bu təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün çalışır, İranın timsalında isə bəziləri bölgədə terrorun inkişafına açıq dəstək verir, sülhün formalaşmasına, yeni iqtisadi layihələrin reallaşmasına mane olmağa cəhdlər göstərir. Bu isə prosesin daha da uzanmasına yol açır.

İndiki halda İran Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti ilə özünü də çətin bir çəmbərə salmış kimi görünür - Cənubi Qafqazın iqtisadi, siyasi, hərbi lideri Azərbaycana qarşı olan mövqeyi İranın beynəlxalq dünya ilə onsuz da zəif olan əlaqələrini daha da qıracaq kimi görünür. Dünənə qədər Azərbaycanın təşəbbüsü ilə formalaşan regional laiyhələrdə iştirakçı qismində çıxış edən rəsmi Tehran ümidini Ermənistanla bağlı “iqtisadi xülyalara” bağlaya-bağlaya özünün təcridini daha da sərtləşdirir.

İran narahatdır-Orta Şərqin yeni nizamında Tehranın yeri haradadır?

Bir neçə gün öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın  Türkiyəyə səfəri bir neçə aspektdən diqqəti cəlb edir. Bir sıra siyasi ekspertlər bu səfəri “növbətçi səfər” kimi dəyərləndirsələr də, verilən açıqlamalar, səsləndirilən fikirlər bəzi nüansları aktuallaşdırır - İran rəsmisinin Türkiyəyə səfəri son regional proseslərlə bağlılıq təşkil edir. Məsələn, İranın Türkiyə-Rusiya-Suriya formatlı danışıqlarda iştiraka can atmasının səbəbləri maraqlıdır. Qeyd edək ki, bununla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat

konfransı zamanı bildirib. Nazir vurğulayıb ki, Türkiyə İranın Türkiyə-Rusiya-Suriya formatında görüşlərə qatılmasına etiraz etmir. O vurğulayıb ki, bu format çərçivəsində yaxın zamanda XİN rəhbərlərinin görüşü olacaq və görüşdə İran tərəfi də iştirak edəcək. Nazirin sözlərinə görə, görüşə hazırlıqla əlaqədar Moskvada texniki heyətlər də bir araya gələcək.

Əslində İranın bu formata “daxil olmaq” cəhdi boşuna deyil. Xatırladaq ki, ötən ilin dekabrın sonunda Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilmişdi. Türkiyə və Suriya müdafiə nazirlərinin 11 ildən sonra ilk rəsmi təması kimi yadda qalan görüşdə regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi müzakirə edilmişdi. Müzakirənin əsas predmetlərini isə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri təşkil etmişdi. Bu format, danışıqların fərqli formatlarda davam etdirilməsi isə yaxın zamanda Orta Şərq regionu üçün də yeni nizamın formalaşdırılacağından xəbər verir. İran isə ciddi-cəhdlə bu yeni nizamın formalaşması prosesində iştirak etmək istəyir - səbəb bəllidir:

- Suriyada fəaliyyət göstərən bəzi terror təşkilatları İranın himayəsi altındadır;

- İran yeni dövrdə özünün aqibəti üçün çox narahatdır;

- Daxili gərginlikləri azaltmaq üçün guya xarici müstəvidə “əməkdaşlıqları” gücləndirmək, mühüm danışıqlarda iştirakçı tərəf olması görüntüsü yaradılır.

Bütün bunları göz önünə aldıqda isə, İranın özünün öz gələcəyi ilə bağlı heç də pozitiv fikirdə olmadığı aydın şəkildə ortaya çıxır.

Tehranın “ağrısı”: yeni enerji trafikindən uzaqda qalır...

 Bu səfərin digər maraqlı nüansı isə Hüseyn Əmir Abdullahian “terrora qarşı mübarizə” ilə bağlı açıqlamasıdır. O bildirib ki, İraqın Kürdüstan bölgəsindən və Əfqanıstandan gələn terror təhdidi İran və Türkiyənin ortaq narahatlığıdır. İranlı nazirin sözlərinə görə, terrorla mübarizə bu iki dövlətin təbii haqqıdır. “Yaxşı” və ya “pis terror” deyə bir şey yoxdur. Biz Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi qəbul edirik”, - deyə iranlı nazir vurğulayıb.

Abdullahianın bu açıqlaması rəsmi Tehranın qeyri-səmimiliyini ilk baxışdan ortaya qoyur - İran 30 ilə yaxındır ki, Azərbaycana qarşı terror siyasəti yürüdən Ermənistanı açıq şəkildə dəstəkləyir. Hətta bu gün iranlı nazir Türkiyənin təhlükəsizliyi ilə bağlı dediyi fikri bir müddət öncə Ermənistan haqqında ifadə etmişdi. Bu isə özlüyündə absurddur. Terroru himayə edən, terrorçu dövləti müttəfiqi adlandıran, regionda təhlükəsizliyin və sülhün formalaşmasına mane olan İran hansı əsasla bu kimi iddialar irəli sürür - sabitləşdirici faktor olduğunu iddia edir?

Rəsmi Tehranın “ağrısı”nın əsas səbəbi fərqlidir. Qeyd edildiyi kimi, regionda yeni iqtisadi çağırışlar meydana çıxıb. Bu çağırışlar isə yeni mərhələdə həm də yeni iqtisadi nizamı formalaşdıracaq. Xatırladaq ki, İranın “təhdid” adlandırdığı İraqın Kürdüstan regionunun Türkiyə ilə hazırki əlaqələri diqqət çəkir - rəsmi Ankara ilə Ərbil arasında çoxşaxəli münasibətlər mövcuddur. Eyni zamanda, Türkiyə həmin regionun ən mühüm sərmayəçilərindən sayılır. Bu isə Azərbaycan üçün də müəyyən mənada cəlbedicilik formalaşdırır  - regional münasibətlərin inkişafı fonunda Azərbaycanın Yaxın Şərq ilə də münasibətlərini daha da inkişaf etdirmək perspektivi yaranıb.

Eyni zamanda, İraqın Kürdüstan regionunun enerji sahəsində fəallığını artırmaq istəməsi burada əsas amillərdəndir. Hətta bu ərazinin “tranzit xətt”ə çevrilməsi İranın “nəfəsliyinin” bağlanması deməkdir:

- Avropa məhz İraq Kürdüstanı üzərindən Türkiyə xətti ilə özünün yeni enerji təminatı marşrutunu müəyyənləşdirə bilər;

- Yaxın Orta Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin birliyi İranı bu regionda da “ofsayd” vəziyyətinə salır - yeni iqtisadi nizamda Tehran çıxdaş olunur.

Bu siyahını uzatmaq olar. Bu gün Yaxın Şərq regionunun adıçəkilən xətt vasitəsilə dünya bazarına çıxış əldə etmək niyyətində olması sirr deyil. Bunun üçün isə Azərbaycan və Türkiyənin imkanlarından istifadə etmək onlar üçün ən mühüm prioritetlərdən sayılır. Beləliklə, İraqın Kürdüstan regionu ilə əməkdaşlıq həm Azərbaycan, həm də Türkiyə üçün bəzi əhəmiyyətli nüanslara malikdir. İran isə bunu bildiyi üçün ciddi-cəhdlə maneə olmaq arzusunu ortaya qoyur.

Regionda formalaşan yeni əməkdaşlıqlara qarşı...

İran XİN başçısı Hüseyn Əmir Abdullahian Ankarada ən böyük qorxularına - İsrail-Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına da toxunub. O bildirib ki, İran bütün dövlətləri İsrailin davranışı ilə bağlı ağıllı davranmağa və İsrailin Qafqaz regionu ərazisinə daxil olmasına icazə verməməyə çağırır. “Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”, - o bildirib.

İranlı nazirin açıqlamaları absurd olduğu qədər gülüncdür - SEPAH bu gün bütün dünyada terrorçu təşkilat kimi tanınır və xarakterizə olunur. Dünyanın 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanıyır. Hətta bu siyahı arta bilər - Avropa İttifaqı bu istiqamətdə çağırış səsləndirməkdə, qətnamələr qəbul etməkdədir. Eyni zamanda, dünyanın əksər dövlətləri İranı terroru himayə edən dövlət kimi rəsmən tanıyır. Görəsən, Abdulla?ian hansı təhlükədən və ya təhdiddən danışır?

İsrail isə İrandan fərqli olaraq Azərbaycan ilə Ermənistan arasındakı problemə münasibətdə hər zaman ədalətli mövqe nümayiş etdirib. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açması, İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edib. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyub. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin möhkəmlənməsi mühüm perspektivlər yaradır.

İranın qorxduğu amil isə həm də budur. Tehranın “xəbərdarlıqlarının” arxasında həm də ürkəklik dayanır. Çünki:

-  Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər;

- Yaranan siyasi üçbucaq böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır;

- Bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur.

Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verəcək. İranın, Ermənistanın timsalında regional təhlükəsizliyə təhdid yaradan qüvvələrin isə bu yaxınlaşmadan narahatlıq keçirməsi təbiidir. Qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən bu kimi ölkələr yeni yaranan siyasi-hərbi reallıqları narahatlıqla izləməkdədir.

Bu arada İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb. Ancaq səfər Türkiyədə baş vermiş zəlzələyə görə təxirə salınıb.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31