Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağ Evin tələb etdiyi casus...

Ağ Evin tələb etdiyi casus...

04.03.2023 [10:40]

Bildiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov martın 2-də Dehlidə keçirilmiş G20 sammitində iştirak ediblər. Diplomatlar 10 dəqiqə ərzində təkbətək ünsiyyətdə olublar. Danışıqlar zamanı Blinken bir daha bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya lazım olan dəstəyi bundan sonra da verəcək. ABŞ dövlət katibi Rusiyanı START müqaviləsinə qayıtmağa və Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Uilanı azad etməyə də çağırıb. Yeri gəlmişkən, bu, Lavrovla Blinkenin Ukrayna müharibəsi başlanandan bəri ilk görüşüdür.

Casus, yoxsa qurban?

Maraqlıdır, ABŞ dövlət katibinin Rusiya xarici işlər nazirindən azad olunmasını tələb etdiyi ABŞ vətəndaşı Pol Uilan əslində kimdir?

Xatırladaq ki, Uilan 2018-ci ilin dekabr ayının 28-də Moskvada Rusiya xüsusi xidmət orqanları tərəfindən şübhəli şəxs qismində saxlanmış ABŞ vətəndaşıdır. Casusluqda ittiham olunan Pol Uilan 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını sərt rejimli koloniyada çəkir. Müstəntiqlərin fikrincə, casusluqda təqsirləndirilən ABŞ vətəndaşı Rusiyaya səfərləri zamanı dəfələrlə gizli məlumatlar toplayıb, FTX və Müdafiə Nazirliyinin əməkdaşlarını casusluq fəaliyyətinə cəlb etməyə çalışıb. Uilan saxlandığı zaman üzərində Rusiya dövlətinə məxsus məxfi məlumatlar olan fləş-kart aşkarlanıb. Bildirilir ki, fləş-kartı Pola dostu bağışlayıb. Təqsirləndirilən şəxs isə bu ittihamı rədd edir.

Moskva Şəhər Məhkəməsi ABŞ vətəndaşı Pol Uilanı 16 il həbs cəzasına məhkum edərək, onu ciddi rejimli cəzaçəkmə koloniyasına göndərib. Prokurorluq isə Uilan üçün 18 il həbs istəyib. Uilan son söz söyləyərkən məhkəmənin hökmü ilə razılaşmadığını, qərardan apellyasiya şikayəti verəcəyini bildirib. İş məxfi olduğu üçün onun məhkəməsi qapalı keçirilib.

“Bu, tamamilə siyasi məsələdir. Biabırçılıqdır. Mənim günahkar olmağıma dair heç bir sübut yoxdur”. Bu sözləri Pol Uilan məhkəmə hökmü elan edilməzdən əvvəlki çıxışında deyib. Məhkumun vəkili isə bildirib ki, Uilan Amerika həbsxanalarında saxlanan Rusiya vətəndaşları Viktor But və ya Konstantin Yaroşenko ilə dəyişdirilə bilər.

Dörd ölkənin vətəndaşı olan keçmiş çavuş

İşi aparan müstəntiqlər bildiriblər ki, hərbi dəniz qüvvələrinin  keçmiş çavuşu Pol Uilan kəşfiyyat məqsədi ilə Rusiyaya səfərlər edərək gizli məlumatlar toplayıb, üstəlik, FTX və Müdafiə Nazirliyinin əməkdaşlarını da dəfələrlə bu işə cəlb etməyə çalışıb. Lakin məhbusun qardaşı Devid Uilanın iddiasına görə, Pol həmin vaxt Moskvaya dostunun toyunda iştirak etmək üçün gəlibmiş.

Məhkəmə sənədlərində Uilanın 2007-ci ildən mütəmadi olaraq Rusiyaya səfərlər etdiyi də qeydə alınıb. Onun 2001-2016-cı illərdə ABŞ-da “Kelly Services”in əməkdaşı, daha sonra isə avtomobil komponentləri istehsalçısı olan “BorgWarner”-in baş korporativ təhlükəsizlik meneceri vəzifəsində çalışdığı bildirilir. Qardaşı Devid Uilan “BorgWarner”-də Polun vəzifəsinin ləğv edildiyini, bundan sonra onun işsiz qaldığını söyləyib. Pol Uilan barəsində bütün bunlardan başqa bir maraqlı fakt da üzə çıxıb: sən demə, casusluqda ittiham edilən şəxsin ABŞ-dan əlavə Kanada, İrlandiya və Böyük Britaniya vətəndaşlığı da var.

Məhkumun vəkili Vladimir Zerebenkov bildirib ki, təhlükəsizlik qüvvələri Uilanı “Metropol” hotelində dostu tərəfindən ona hədiyyə edilən fləş-karta görə saxlayıb.

Şübhəli fləş-kart

Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları iddia edirlər ki, həbs olunduğu zaman Uilanın üzərində dövlət sirlərini ehtiva edən məlumatlar olub. “Kommersant” qəzetinin dərc etdiyi xəbərdə Uilanın şəxsi əşyaları arasından tapılan elektron diskdə FTX İqtisadi Təhlükəsizlik Xidmətinin bölmələrindən birinin şəxsi heyətinin siyahısının olduğu bildirilir.

Beləliklə, Pol Uilana qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi - “Casusluq” ittihamı ilə cinayət işi açılıb. FTX sözügedən şəxsin “casusluq fəaliyyəti zamanı” saxlandığını bildirib. 30 avqust 2019-cu ildə istintaq yekun ittiham aktını təqdim edib. Buna baxmayaraq, Uilan günahını etiraf etməyib. Altı ay sonra - 23 mart 2020-ci ildə Moskva Şəhər Məhkəməsində iş üzrə ilkin dinləmələr başlayıb. Onun həbs müddəti 2020-ci il sentyabrın 13-dək uzadılıb.

Dözülməz Rusiya həbsxanasında 4 il

Saxlandığı müddət ərzində Uilan mütəmadi olaraq sağlamlıq vəziyyətindən, tibbi xidmətin keyfiyyətsizliyindən, valideynlərinə zəng etməyin qadağan olunmasından, paralel olaraq, həbsxana əməkdaşlarının təhdidlərindən şikayət edib. Uzunmüddətli müraciət və şikayətləri əsasında, nəhayət, ona həbsə atıldığı 16 aydan bəri ilk dəfə ailəsinə zəng etmək icazəsi verilib. Polun üzərində bu yaxınlarda cərrahi əməliyyat da aparılıb, bu əməliyyatda ABŞ səfirliyinin tövsiyə etdiyi həkimlərin iştirakına imkan verilməyib.

“O, Rusiyanı sevirdi...”

Pol Uilanın vəkili Zerebenkov bildirib ki, Moskva Şəhər Məhkəməsində dindirilərkən iş üzrə şahidlərdən biri xarici dövlətlər üçün kəşfiyyat fəaliyyətinə cəlb olunması barədə ittihamı təsdiqləməyib. Uilanın Moskvadakı dostlarından biri isə bildirib ki, Polun şübhəli bir fəaliyyətlə məşğul olduğunu heç vaxt hiss etməyib. Onun sözlərinə görə, Pol Uilan sadəcə, Rusiyanı sevirdi: “O, tez-tez buraya gəlir, rus mədəniyyəti ilə yaxından maraqlanır, rus dilini öyrənirdi”. Polun vəkili əlavə edib ki, Uilan həbsindən bir neçə il öncə mütəmadi səfərlərinə görə Rusiya xüsusi xidmət orqanlarının diqqətini çəkib.

20 may 2020-ci ildə Pol Uilan ilk dəfə məhkəmə qarşısında dindirilib. O, üç saata yaxın ifadə verib. Sualları cavablandıran Uilan həbsinin ilk günündə olduğu kimi,

yenə də eyni fikri təkrarlayıb. Tutulmasının Rusiya təhlükəsizlik qüvvələrinin təxribatı olduğunu iddia edən Pol Uilan heç vaxt kəşfiyyat qüvvələri ilə işləmədiyini israrla söyləyib.

Pol bəraət istəyir

Bu arada “RİA Novosti” agentliyinin saytı “Pol Uilan işi”ndə yeni məqamların ortaya çıxdığı barədə məlumat yayıb. Sayt yazır ki, casusluqda ittiham edilən Uilanın FTX-də işləyən köhnə tanışı öz karyerasını yüksəltmək istədiyi üçün əlavə biznes qurub. Üstəlik, həmin şəxs Pola borclu olduğu 100 min rubl məbləğində vəsaiti indiyədək ona qaytarmır.   

Mayın 25-də keçirilən məhkəmə zamanı prokuror casusluqda ittiham olunan Pol üçün 18 il həbs tələb edib. Son sözlə çıxış edən Uilan isə günahsız olduğunu bir daha bəyan edərək ona bəraət verilməsini istəyib. Məhkəmə prosesi ABŞ-da da yaxından izlənib. ABŞ səfiri isə prosesdə iştirak üçün hər dəfə gəlsə də, məhkəmə zalına buraxılmayıb.

Casusluqda ittiham olunan keçmiş dəniz piyadası Pol Uilan dörd ildir ki, yeni ili Mordoviyada yerləşən ciddi rejimli cəzaçəkmə koloniyasında qarşılayır.

Uilandan son xəbər

2023-cü ildə yeni il öncəsi Pol Uilan öz valideynlərinə telefon vasitəsilə aşağıdakı məzmunda qısa şərh verib: “Məhkumluğun dördüncü ilinə qədəm qoyduğum üçün çox məyusam. Mənim barəmdə ölkəmdə daha çox iş görüləcəyinə və gələn il azadlığa çıxacağıma ümid edirəm”.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31