Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəngəzur dəhlizi masa üzərindədir

Zəngəzur dəhlizi masa üzərindədir

01.03.2023 [10:28]

Lavrovun Bakı səfəri...

2020-ci il II Qarabağ müharibəsinin nəticələri regionun gələcək inkişafında yeni bir mərhələnin əsasını qoydu. 10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə sona çatan münaqişə həm də regional təhlükəsizliyin əldə edilməsi üçün mühüm fürsət yaradır. Artıq iki ildir ki, bu istiqamətdə danışıqlar prosesi davam etdirilir - Azərbaycan ilə Ermənistan arasında normallaşmanın əldə edilməsi üçün səylər göstərilir. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu danışıqların uğurla nəticələnməsinə imkan vermir. Bununla belə, danışıqlarda vasitəçi tərəf qismində çıxış edən moderatorların səyləri nəticəsində mövqelərin uzlaşdırılması istiqamətində müəyyən yol qət edilib. Görüləcək əsas iş Ermənistanı destruktiv mövqedən uzaqlaşdırmaq və regionda təhlükəsizlik arxitekturasının bərpası üçün əməli işləri başlatmaqdan ibarətdir.

Moskvanın mövqeyi...

Bu mənada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfəri mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında davam edən sülhyaratma prosesinin vasitəçilərindən biri olan Rusiya iki tərəf arasında mütəmadi görüşlərin keçirilməsini təmin edir. Prosesin inkişafına münasibətdə isə Rusiyanın maraqları və hədəfləri bəllidir. Düzdür, Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını xüsusi olaraq qeyd edir, bununla belə, qarşı tərəfə açıq təsir rıçaqlarından istifadə etməməklə bir növ hazırki status-kvonun saxlanmasında istəkli görünür. Hər bir halda, rəsmi Moskva danışıqların nəticələndirilməsinin tərəfdarı olduğunu deyir. Yeri gəlmişkən, fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən rusiyalı nazir bildirib ki, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər: “Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.

Aİ sui-istifadə edir? - Lavrov seçimi suveren hüquq adlandırdı...

Rusiya bütün səyləri müsbət dəyərləndirsə də, sülh gündəliyi prosesində rəqabət apardığı Avropa İttifaqının hər hansı bir uğurlu nəticəyə nail ola biləcəyinə şübhə ilə yanaşır. Qeyd edək ki, ötən ilin sonlarından etibarən baş tutmayan Brüssel prosesinin fonunda Rusiya tərəfi də təmasların yaradılmasında taym-aut götürmüş kimi görünürdu - ötən ilin oktyabrın 31-dən sonrakı müddətdə Rusiyanın proseslə bağlı hər hansı bir aktivliyinin şahidi müşahidə olunmurdu. Bu mənada, Lavrovun Bakı səfəri həm də sükutun pozulması kimi də qiymətləndirilir. Sülhə Brüssel formatında nail olunacağı təqdirdə prosesin gedişi Moskvanın maraqları ilə ziddiyyət təşkil edəcək - belə olacaq halda, Rusiya regiondakı nüfuzunu tam olaraq itirə bilər. Onsuz da son dövrlərdə Ermənistanla bağlı baş verənlər Kremli düşüncəyə qərq edib. Aİ-nin Ermənistana açıq “müdaxiləsi”, monitorinq qrupu adı altında hərbi kontingent yerləşdirmə axtarışında olması Kremlin xoşuna gəlmir. Lavrov Bakı səfəri zamanı bunu açıq şəkildə dilə gətirdi. Rusiyalı nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurur. “Brüsseldən səslənən elanları, detalları şərh edə bilmərik. Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən, onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur. Lakin kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir. Biz, həm bugünkü danışıqlarda, həm də dünən Prezident İlham

Əliyevlə danışıqlarda vurğuladıq ki, bütün fəaliyyətlərimizdə başlıca prinsip olan “ziyan vurmamaq”, “yardım” prinsipini rəhbər tuturuq”, - Rusiya XİN başçısı qeyd edib. Lavrov regiondan kənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib: “Biz bunu görürük. Əminəm ki, prosesə birbaşa cəlb olunan tərəflər də görür”.

Naxçıvanla əlaqənin bərpası...

Təbii ki, proses 10 noyabrda bağlanan üçtərəfli bəyanata və Azərbaycanın irəli sürdüyü 5 əsas şərtə əsaslanmalıdır. Ölkəmiz hər zaman sülhə açıq olduğunu bildirib. Qarşı tərəf isə 2020-ci ildə üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməkdən boyun qaçırır. Məsələn, erməni silahlılarının Qarabağdan çıxarılması, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında kommunikasiyanın bərpası məsələsi hələ də öz həllini tapmayıb. Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında aparılan danışıqlarda da bu məqam mühüm yer almışdı. Məhz bu görüşdə üç ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı elan olunmuşdu. Üçtərəfli işçi qrupunun təmasları isə sonradan Ermənistanın törətdiyi təxribatlara görə təxirə salınmışdı.

Lavrov bununla bağlı da fikirlərini bölüşüb. O ümid etdiyini bildirib ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri tezliklə Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər. Lavrovun sözlərinə görə, Bakıda keçirilən görüşlərdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üzrə danışıqlar prosesinin gedişi müzakirə olunub. “Ümid edirik ki, tezliklə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutundan istifadənin bərpası ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər”, - deyə rusiyalı nazir bildirib.

Laçın yolunun təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsi...

Yeri gəlmişkən, Lavrov keçirdiyi mətbuat konfransında Laçın yolu ilə bağlı məsələyə də toxunub. Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın sülhlə bağlı irəli sürdüyü humanist şərtlərə əməl etməkdən boyun qaçırır və beləliklə də regionda sülhün, təhlükəsizliyin təmin olunmasına mane olur. Eyni zamanda, Laçın yolundan istifadə zamanı qeyri-qanuni hallara, sui-istifadələrin qarşısının alınması üçün rəsmi Bakı Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklif irəli sürmüşdü. Rəsmi İrəvan təklifi qəbul etməmişdi. Nəzərə alsaq ki, son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib, yoldan qanunsuz istifadələr olub, bu təklif mühüm əhəmiyyət daşıyır.

Lavrovun fikrincə isə, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır. O bildirib ki, Laçın yolundan istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. “Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir” - deyə Rusiya XİN başçısı qeyd edib.

Beləliklə, Rusiyanın Laçın yolu vasitəsilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşınmasına münasibətdə ortaya qoyduğu mövqe anlaşılan deyil - 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş mina aşkarlanıb. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmır. Beləliklə, Ermənistan açıq şəkildə Laçın yolundan təyinatı üzrə istifadə etmir. Bu silah-sursatın daşınmasının qarşısının necə alacağına gəlincə isə... Bu işdə Rusiya Azərbaycan ərazisindəki sülhməramlı kontingentinə “güvənirsə”, səhv edir - çünki Ermənistan ötən dövr ərzində həmin silah-sursatı elə həmin yolla, sülhməramlıların gözünün önündə daşıyıb.

Praqada istinad edilən Almatı bəyannaməsi...

Bəllidir ki, ötən il Ermənistan iki dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bunun birincisi ötən il oktyabrın 6-da Praqada, ikincisi isə ötən ilin oktyabrın 31-də Soçidə baş tutub. Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərindəki hakimiyyətini də tanımış oldu. Təbii ki, bu parlaq qələbə Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir. Qeyd edək ki, Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz.

Mətbuat konfransında bu məsələyə də toxunan XİN rəhbəri Lavrov da bildirib ki, ötən il Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Praqa sənədində Almatı Bəyannaməsinə istinad edilib. O, Almatı Bəyannaməsinin açıq sənəd olduğunu xatırladıb: “Orada nə yazıldığını oxumaq olar. Orada yazılıb ki, Sovet İttifaqının yerinə yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ çərçivəsində mövcud olan inzibati sərhədlərlə müəyyən olunacaq. Buna daha nəyi əlavə edəcəyimi bilmirəm”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30