Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qarabağı azad etmiş gənclər...

Qarabağı azad etmiş gənclər...

02.02.2023 [10:08]

Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridirlər

Bu gün Azərbaycanda gənclər günü qeyd olunur. Bunun əsası isə ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamla qoyulub. Həmin vaxtdan etibarən 2 fevralın MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə başlanıb.

Gənclər hər bir xalqın və dövlətin qızıl fondu sayılır. Bu mənada biz xoşbəxt xalqıq ki, gələcəyimiz olan gənclər həm müasir və novatordurlar, həm də gənclərimizə milli ruh hakimdir, onlar vətənpərvərdirlər və ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sıx bağlıdırlar. Qürurverici haldır ki, bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində - siyasətdə, idarəetmədə, iqtisadiyyatda, təhsildə, elmdə, orduda, startap bizneslərində, beynəlxalq tədbirlərdə yüksək bacarıqlar nümayiş etdirirlər. Belə fəal gənclər ordusunun formalaşması isə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin bəhrəsidir.

Ulu Öndərin gənclərə böyük qayğısı

Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu görüşdə gənclərin problemlərini, arzu və istəklərini öyrənən Heydər Əliyev onları hərtərəfli dövlət qayğısı ilə əhatə etmək üçün əməli addımlar atdı.

Ulu Öndərin gənc nəslə qayğısından bəhs edərkən ilk növbədə respublikamızda gənclər siyasətinin institutlaşmasının önəmini qeyd etmək lazımdır. Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Prezident Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər gənc nəslə qayğının təzahürü kimi ötən əsrin 70-80-ci illərində Onun tərəfindən əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsini bərpa etdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Ulu Öndər tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi.1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla ölkədə gənclərin inkişafı üçün daha əlverişli şəraitin yaradılması təmin edildi. Belə ki, respublikamızda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Respublikamızda gənclər siyasətinin məqsədləri, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsasları məhz bu Qanunla müəyyənləşdirilir və tənzimlənir.

Gənclərə hərtərəfli qayğı göstərən Heydər Əliyev həm də onların qarşısına ümdə vəzifələr qoyurdu. Ulu Öndər gənclərə çağırış edərək deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Gənclər siyasətində varislik

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda digər sahələrdə olduğu kimi, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətində də ardıcıllığı yüksək səviyyədə təmin edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 19 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Bunlar aşağıdakılardır:

- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

-”2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”.

Yeni Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Prezident İlham Əliyev ölkədə gənclərin təşkilatlanmasına və onların ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

Ölkəmizdə bacarıqlı gənc kadrların irəli çəkilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı  ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə respublikanın şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin (GİKM) nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırır. İndiyədək bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses davam etdirilir. Bakı şəhərində mötəbər idman yarışları təşkil olunur. İdmançılarımız beynəlxalq yarışlarda və olimpiadalarda yüksək nəticələr qazanırlar. Bütün bunların sayəsində də Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.

Heydər Əliyev Fondunun misilsiz töhfələri

Azərbaycan gənclərinin hərtərəfli formalaşmasına Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da misilsiz töhfələr verir. Respublikamızda könüllülər hərəkatının formalaşmasında Mehriban xanım Əliyevanın şəxsi nümunəsi xüsusi rol oynayıb. Birinci xanımın vətənpərvərliyi, dünyanın hər yerində, mötəbər beynəlxalq təşkilatlarda milli mədəniyyətimizi yüksək səviyyədə təbliğ etməsi gənclər üçün bir örnəkdir. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri reallaşdır. Onlardan bir neçəsini sadalayaq:

- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir;

- gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir;

- uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət göstərir;

- xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərir.

Azərbaycan gənclərinin vətənpərvərliyi

Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi. Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində Ordumuz cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu.

Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə heç nə ilə müqayisə oluna bilməz. Verilən xəbərlərə görə müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Bu, Azərbaycan gənclərinin vətənpərvərliyinin təcəssümüdür. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti respublikamızda son iki onillik ərzində formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir. Uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib. Qarabağı azad etmiş gənc nəsil məhz Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkərək “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31