Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa Şurasında 22 il...

Avropa Şurasında 22 il...

25.01.2023 [10:29]

25.01.2001 -  Strasburqda dövlətimizin bayrağı ucaldılıb

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə start verildi. Həmin dövr üçün prioritet sayılan mühüm addımlardan biri ölkəmizin beynəlxalq aləmə açılması idi ki, bu istiqamətdə mühüm işlər görüldü. Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı beynəlxalq təşkilatları ilə əməkdaşlığa başladı. Qısa zaman kəsiyində bu təşkilatlarda uğurlu təmsilçilik hüququ əldə edən Azərbaycan beləliklə dünya birliyinin mühüm bir hissəsinə çevrildi. Belə təşkilatlardan biri də Avropa Şurasıdır ki, yanvarın 25-də Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmasından 22 il ötür.

Avropa Şurası üzvlüyünə gedən yol...

Yürütdüyü xarici siyasət kursunda milli maraqlara və qarşılıqlı əməkdaşlığa əsaslanan Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə yüksək qiymət verir. Ölkəmiz, eyni zamanda, təmsil olunduğu beynəlxalq təşkilatlardakı tərəfdaşlarının diqqətini təhlükəsizlik problemlərinə cəlb etməyi bacarır. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan beynəlxalq prinsiplər əsasında ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Belə təşkilatlardan biri də məhz Avropa Şurasıdır.

1993-cü ildən başlayaraq regionun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq məsələsi aktuallıq qazandı və ölkəmiz öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq üçün bu platformada təmsil olunmağa üstünlük verdi. “Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik”, - deyən Ulu Öndərin bu sözləri əməli fəaliyyətdə də öz təsdiqini tapırdı.

Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb. Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. Həmin il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 13-də Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak edib, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mövqeyini açıqlayıb.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalayıb.

2000-ci il iyunun 26-28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Həmin il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

İlk sessiyadan başlayaraq...

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı torpaqlarımızda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və qurumun vitse-prezidenti seçilib. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla münasibətlərin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 2004-cü il aprelin 28-29-da Prezident İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib. 2005-ci il mayın 16-17-də Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının III Zirvə toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Uğurlu “Bakı prosesi”...

Azərbaycan 2008-ci ildə Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısında başlamış “Bakı Prosesi”nin təşəbbüskarı olub və tarixdə ilk dəfə iki mühüm beynəlxalq təşkilatın - Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri paytaxt Bakıda bir araya gəliblər. 2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksəkvəzifəli şəxslər iştirak ediblər. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələrini əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Ölkəmiz Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) təmsil olunur.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30