Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İmperiya mərkəzində hazırlanan müdhiş ssenari

İmperiya mərkəzində hazırlanan müdhiş ssenari

20.01.2023 [10:04]

Qanla yazılan müstəqillik tariximiz

Mübariz ABDULLAYEV

Azərbaycan xalqı tarix boyunca zaman-zaman çox haqsızlıqlara, yadellilərin hücumlarına, imperialist güc mərkəzlərinin məkrli niyyətlərinə və planlarına tuş gəlib. Onlardan biri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə üzləşdik. Həmin gecə minlərlə dinc insan azadlıq, müstəqillik, respublikanın ərazi bütövlüyünün qorunması  istəyi ilə Bakının küçə və meydanlarına çıxmışdı. Haqq səslərini ucaldan insanlar mərkəzi hakimiyyətin-keçmiş ittifaq rəhbərliyinin onlara qarşı silahdan istifadə edəcəyini, orduya “Vur” əmri verəcəyini heç ağıllarına da gətirmirdilər. Ancaq bu, baş verdi. Həmin gecə Bakıda dəhşət yaşandı, küçələr, meydanlar qan gölünə çevrildi. İmperiya qüvvələrinin törətdikləri qanlı hadisələrin üstündən illər ötdükdən sonra baş verənlərlə bağlı daha dəqiq və obyektiv baxış bucağı formalaşıb. Aparılan istintaq tədbirlərindən, həmçinin şahid ifadələrindən o nəticə hasil olur ki, şaxtalı qış gecəsində insanların ən adi humanizm normaları belə gözlənilmədən ağır texnikadan atəşə tutulması, heç kəsə aman verilməməsi imperiya mərkəzində əvvəlcədən hazırlanan ssenarinin tərkib hissəsi olub. Bəhs olunan qanlı hadisələr zamanı  Bakıda və respublikanın rayonlarında, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Ölənlər və yaralananlar arasında uşaqlar, qadınlar və qocalar da var idi.

Generalların keçirdiyi qanlı “Bakı əməliyyatı”

İmperiya qüvvələrinin Bakıda törətdikləri qırğınları, sadəcə, bir gecənin faciəsi kimi dəyərləndirmək doğru olmazdı.  1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. O da təkzibolunmaz faktdır ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni əsilli zabit və əsgərlər, həmçinin hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Bütün bunlar məkrli mətləblərdən xəbər verirdi.  “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə müvafiq fərman imzalandığı andan bu barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür.

1990-cı ilin yanvarında Bakıya on minlərlə əsgər və zabitin yerləşdirilməsində məqsəd nə idi? Bakıya göndərilən qüvvələrin sıralarında çoxlu sayda erməni əsilli hərbiçilərin yerləşdirilməsinə xüsusi önəm verilməsi təsadüfi sayıla bilərdimi? Ən nəhayət, nə üçün fövqəladə vəziyyətin elan olunması barədə məlumat Bakıda məlum qırğınlar törədildikdən bir neçə saat sonra verildi? 20 Yanvar faciəsinin əsl mahiyyəti bu kimi sualların cavabında gizlənir.

Dinc insanlara qarşı hərbi cinayət

Hadisələri dəyərləndirən ekspertlər də qan yaddaşımıza çevrilən 20 Yanvar faciəsinin imperiya mərkəzində məqsədyönlü şəkildə konturları əvvəlcədən cızılmış hərbi cinayət olduğu ilə bağlı birmənalı fikirlər səsləndirirlər. Bu barədə “Yeni Azərbaycan”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov 20 Yanvar faciəsinin keçmiş ittifaq rəhbərliyi və ermənilərin  birgə planları ilə həyata keçirildiyini bildirdi: “Aparılan istintaq da göstərdi ki, 20 Yanvar faciəsi əvvəlcədən hazırlanmış hərbi cinayət idi. Hadisənin baş vermə vaxtı kimi 1990-cı il 20 yanvar tarixi göstərilir. Ancaq ətraflı təhlillər apardıqda belə nəticə hasil olur ki, maraqlı qüvvələr Azərbaycanda irimiqyaslı, çoxlu sayda itkilərlə müşayiət olunan bu hadisənin törədilməsinə bəlkə də illər boyu əvvəldən hazırlaşıblar. Burada erməni izi də yox deyil. Xatırla?aq ki, ermənilər 1990-cı ilədək olan dövrdə özlərinin gizli fondlarına vəsait toplayırdılar. Bu vəsaitlər də emənilərin məkrli planlarının reallaşdırılmasına, eləcə də keçmiş ittifaq rəhbərliyinin ələ alınmasına və digər belə məqsədlərə yönəldilirdi. Mən əminliyimi ifadə etmək istəyirəm ki, məhz erməni  millətçilərinin canfəşanlığı ilə 20 Yanvar hadisələrinə hazırlıq işləri həyata keçirilib və məlum faciə baş verib. Ermənilər Bakıda, Sumqayıtda və Azərbaycanın digər yaşayış məntəqələrində erməni əsilli insanların təqib olunduqları və öldürüldükləri barədə iddialar səsləndirir və təbliğat aparırdılar. Bütün bunlar isə Bakıya qoşun yeridilməsinə hansısa  “hüquqi əsaslar” yaradılmasına hesablanan addımlar idi”.

Şair Ramaldanov qeyd edib ki, ötən dövrdə çoxsaylı faktlar və materiallar, aparılan istintaqın nəticələri onu göstərdi ki, 20 Yanvar hadisələri əvvəlcədən hazırlanmış hərbi cinayət idi: “Bu ssenarinin həyata keçirilməsində ermənilər xüsusi rol alıblar. Artıq sübut olunmuş faktdır ki, o dövrdə Bakıda və Sumqayıtda erməni əsilli vətəndaşların qətlə yetirilmələri də ermənilərin özləri tərəfindən planlaşdırılaraq reallaşdırılıb. Məqsəd, Bakıya qoşun yeridilməsinə və burada kütləvi qırğınların törədilməsinə zəmin hazırlamaq idi. 20 Yanvar faciəsinin hazırlanmasında və reallaşdırılmasında keçmiş ittifaqın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azadlıq  və ərazi bütövlüyünün qorunmasını istəyən Azərbaycan xalqı niyə bu şəkildə cəzalandırılmalı idi? 20 Yanvar faciəsi ilə sonralar üzləşdiyimiz faciələr, torpaqlarımızın itirilməsi arasında bir bağlılıq var idi. Belə görünür ki, bütün baş verənlər eyni mərkəzdən di?tə olunaraq həyata keçirilib. Ancaq haqq-ədalət mövqeyində dayanan Azərbaycan xalqı bütün çətinliklərdən başıuca çıxaraq müstəqil dövlət qurdu və torpaqlarını işğaldan azad etməyə nail oldu”.

Paylaş:
Baxılıb: 309 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30