Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa bizsiz, biz Fransasız yaşaya bilərik, amma...

Fransa bizsiz, biz Fransasız yaşaya bilərik, amma...

13.01.2023 [11:03]

İtirən tərəf Fransa olacaq

II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursu regionda yeni bir mənzərə formalaşdırdı. Artıq bütün dünya Azərbaycanın formalaşdırdığı bu yeni siyasi-hərbi reallıqları qəbul edir. Hətta uzun illər bu və ya digər şəkildə işğalçı Ermənistana, qondarma erməni separatizminə dəstək verən dövlətlər və beynəlxalq statuslu təşkilatlar belə seçim qarşısındadırlar - ya beynəlxalq hüququn, ədalət prinsiplərinin yanında yer almalı, ya da...

Bu mənada əvvəllər açıq ermənipərəst siyasət yürüdən bəzi dairələr və təşkilatlar yeni mərhələdə mövqelərində mühüm korrektələr etmək məcburiyyətində qalıblar. Özünün ərazi bütövlüyünü hərbi güc yolu ilə təmin edən Azərbaycan artıq Ermənistanla sərhədlərini müəyyənləşdirir və bununla da 2020-ci ilin noyabrın 10-dan başlanan prosesin yaxın zamanda yekunlaşacağına böyük ümidlər yaranır - prosesin inkişaf trayektoriyası isə gündən-günə daha da maraqlı yön alır.

Bir zamanlar “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsində vasitəçi rol oynamağa çalışan ATƏT-in “Minsk Qrupu”nun həmsədrlərindən olan Fransa isə özünün ermənipərəst siyasətindən əl çəkmək niyətində deyil. Fürsət düşdükcə, öz “bacı”sına dəstək verməyə çalışan Fransa çirkin əməllərindən əl çəkmir. Amma Fransanın ölkəmizə qarşı apardığı bütün kampaniyalar bumeranq effekti ilə üzünə çırpılır - istər Frankofoniya, istərsə də BMT fiaskosu buna real sübutlardır. Azərbaycan isə öz yolunda inamla irəliləyir. Belə demək mümkündürsə, Fransanın etdikləri və ya etməyə çalışdıqları bizim üçün heç bir əhəmiyətə malik deyil. Bu isə maraqlı bir sual yaradır - bizə Fransa lazımdırmı? Prezident İlham Əliyev yanvarın 10-da  yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur: “Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq”.

Fransa beynəlxalq arenada məğlub olur

Özünün bütün addımlarında sülhə, əməkdaşlığa üstünlük verən Azərbaycanın xarici siyasət kursu çoxvektorlu olmaqla yanaşı, yaxın tərəfdaşlığa əsaslanır. Bunun nəticəsidir ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ölkəmizi yaxın tərəfdaş qismində qiymətləndirir, əlaqələrin çoxşaxəli və davamlı olması üçün mühüm addımlar atırlar. Bu, ölkəmizin ikitərəfli münasibətlərdə siyasi dialoq mühitini də dərinləşdirməsinə zəmin formalaşdırır. Yürüdülən siyasət Azərbaycanın siyasi imicinin yüksəlməsinə, beynəlxalq arenada dostlarının artmasına yol açır. Bu, həm də ermənipərəst dairələrin və Fransanın timsalında dövlətlərin ölkəmizə qarşı oynamağa çalışdıqları çirkin oyunların qarşısını alır, onların fiaskosunu reallaşdırır. Fransanın bu addımları isə beynəlxalq arenada onun siyasi imicini məhvə sürükləyir. Adi bir fakt - Fransa Senatının ötən ilin sonlarında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi “qətnamə”dəki qərəz, ikili standart, ədalətsiz yanaşma ilk baxışdan özünü göstərir. Fransa senatının irəli sürdüyü “təkliflər” sədrlik etdiyi Avropa Birliyinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhyaratma vasitəçiliyi ilə daban-dabana ziddir. Bu “təkliflərlə” Fransa bütün beynəlxalq sənədlərə, hüquqa arxa çevirir, onu tanımadığını bildirir. Fransanın etdiyi ermənidən artıq ermənilik idi. Dünya ictimaiyyəti Fransanın bu qeyri-sivil hərəkətini ikrahla seyr edir. Bunun sübutu isə ötən ilin dekabrında Fransanın BMT müstəvisində yaşadığı fiaskodur. Avropanın “aparıcı” ölkələrindən biri Azərbaycana öz meydançasında məğlub oldu. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Beləliklə, Fransa özü qətnamədən imtina etmək məcburiyyətində qaldı...

Eyni zamanda, Frankofoniyada yaşananlar bunun sübutudur. Bir müddət öncə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da... Azərbaycanın təşkilatdakı  dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi. Bütün bunlar isə nəticə etibarı ilə Fransaya qarşı beynəlxalq etimadı azaldır - rəsmi Paris ədalətsiz mövqeyi ilə “şöhrət tapır”...

İki ölkə arasındakı ticarət dövriyyəsi ...

Rəsmi Parisin ermənipərəst mövqeyi Azərbaycan cəmiyyətində də Fransaya etimadı tamamilə sarsıdıb. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. Faktlara nəzər salaq:

- 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət döriyyəsi 245 milyon 463 min dollar olub;

- Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb;

- 2022-ci ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyə olub.

Göründüyü kimi, Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsinin göstəriciləri ildən-ilə azalır. Halbuki, Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi prioritetdir. Ancaq Fransanın ermənipərəst mövqeyi Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Cənubi Qafqazın ən aparıcı iqtisadiyyatına malik ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər və bu kimi kampaniyalarla Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil.

Eyni zamanda, Fransa Azərbaycanda enerji sahəsində də təmsil olunur. Amma ermənipərəst mövqeyi “Abşeron” layihəsinin iştirakçısı olan “Total” şirkəti üçün də mənfi assosasiyalar yaradır. Yəni, Azərbaycan üçün müvafiq layihədəki tərəfdaşının kimliyi də mühüm fərq yaradan amillərdən sayıla bilər. Bu mənada da, Fransa bizə “vacib” lazım deyil, amma biz Fransaya lazımıq...

Fransanın anti-türk ruhlu qərarları...

Fransanın verdiyi son qərarlar, atdığı son addımlar faktiki orlaraq anti-türk ruhundadır - bunun isə bir cavabı var. Makronun hakimiyyəti dövründə erməni maraqları Fransanın milli maraqlarının önünə çıxıb. Fransa dövləti istər Türkiyəyə, istərsə də Azərbaycana münasibətdə erməni maraqları müstəvisindən çıxış etməklə böyük və mühüm səhvlərə yol verir. Belə ki:

- Fransa böyük bir coğrafiyada iqtisadi-siyasi münasibətlərin tənzimlənməsində rol alan ölkələrə qarşı çıxış edir;

- Yeni dünya nizamında Avropa ilə Asiyanın qovşağında yerləşən mühüm tranzit yolundakı ölkələrin maraqlarını nəzərə almaq istəmir;

- Yeni dövrdə mühüm siyasi-iqtisadi gücə çevrilmək potensialında olan Türk Dövlətlər Təşkilatının aparıcı dövlətləri ilə əlaqələrini erməni maraqlarına dəyişir.

Bu isə yolverilməz olduğu qədər Fransanın maraqlarına ziddir. Bu kimi davranışları ilə rəsmi Paris özünün gələcək perspektivdə Avroasiya məkanına inteqrasiyasını, bu region ilə iqtisadi əlaqələrini inkişaf etdirmək potensialını təhlükə qarşısına qoyur. Yeni hökumət Azərbaycanla əlaqələri qiymətləndirəcək

Və nəticədə... Yaranmış mənzərə Fransanın hazırki hakimiyyətinin əməlləridir. Hətta illərlə ATƏT-in “Minsk qrupu”nda həmsədr olan dövrdə belə Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, sonra bu balans pozuldu. Hətta müharibəyə qədər bu balans pozuldu.

Amma bu halın belə davam etməsi inandırıcı görünmür. O baxımdan ki, Avropanın mərkəzində dövlətin milli maraqlarını bir ovuc erməninin maraqlarına satan və ya dəyişən Fransanın hazırki hakimiyyətinin tutduğu mövqe çox sürə bilməz - fransız cəmiyyəti bunu görür və qiymətləndirir. Hətta aparılan sosial siyasət belə ölkə ictimaiyyətini razı salmır. Bu səbəbdəndir ki, Fransada sosial tələblərlə kütləvi etirazlar artıq adi hal alıb. Belə olan təqdirdə ermənipərəst, milli mənafeyi saya salmayan hakimiyyətin dəyişməsi də labüd sayıla bilər. Başqa sözlə, fransız xalqı hazırki hakimiyyətin apardığı siyasətə layiqli cavabı verəcək. Yeni gələcək hakimiyyət isə Cənubi Qafqazın ən yüksək potensialına malik dövləti olan Azərbaycanla əlaqələrini layiqli şəkildə dəyərləndirəcək. Prezident İlham Əlivevin də bildirdiyi kimi, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir: “Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31