Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə - Suriya yaxınlaşması:Rusiya “hə”, ABŞ “yox” deyir

Türkiyə - Suriya yaxınlaşması:Rusiya “hə”, ABŞ “yox” deyir

10.01.2023 [11:01]

Murad Köhnəqala

Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib  Ərdoğan Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə suriyalı həmkarı Bəşər Əsədlə mümkün görüşə eyham vurub. Heç kəsə sirr deyil ki, Rusiya prezidenti Vladimir Putin illərdir Türkiyə-Rusiya münasibətlərinin istiləşməsinə çalışır və hazırkı tarixi şərait bu yaxınlaşmanın baş tutması üçün hər zamankından daha perspektivli görünür. Türkiyə prezidenti Ərdoğanın Ukraynadakı müharibədə həlledici imkanlarını nümayiş etdirməsi də bu görüşün reallaşması ehtimalını artırır.

Prezident Ərdoğan Bəşər Əsədlə barışıq perspektivləri barədə bir

sıra nikbin fikirlər səsləndirib:

“Biz Türkiyə-Rusiya-Suriya olaraq Moskvada kəşfiyyat rəhbərlərimizin və müdafiə nazirlərimizin görüşü ilə prosesi başlatdıq. İnşallah, xarici işlər nazirlərimizin də üçtərəfli qaydada toplanmasına şərait yaradacağıq. Daha sonra hadisələrin inkişafından asılı olaraq bir araya gələcəyik”.

Bu arada xatırladaq ki, Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin bu ay görüşəcəyi gözlənilir.

“PKK” üçün qorxunc sürpriz

Ümumiyyətlə, Yaxın Şərq üzrə siyasi ekspertlər hesab edirlər ki, bu görüşün reallaşması Suriya prezidenti Bəşər Əsədin “reabilitasiyası” üçün mühüm addım ola bilər. 2011-ci ildən Əsədə qarşı üsyanları dəstəkləyən Türkiyə indi onun Suriyadakı “ağıllanmış” hakimiyyətinə qarşı loyallıq göstərməyə, iki ölkə arasında diplomatik, təhlükəsizlik və ticarət əlaqələrini bərpa etməyə hazır kimi görünür.

Çox güman ki, öz növbəsində Türkiyə ?rezidenti Rəcəb Tayyib Ərdoğan Əsəddən gələcək sülh sazişinə uyğun olaraq ABŞ-ın dəstəklədiyi “PKK” yönümlü silahlı birləşmələrin hazırda Suriya hökumətinin nəzarətində olan şimal bölgələrində muxtariyyat yaratma ehtimalını sıfra endirməsini tələb edəcək. Bəşər Əsədlə baş tutacaq görüşdə Ərdoğanın bununla bağlı bir sıra şərtlər irəli sürəcəyi də ehtimal olunur.

ABŞ Dövlət Departamentinin sözçüsü:  “Əsədlə barışığın tərəfdarı deyilik

Suriya ilə Türkiyə arasında münasibətlərin mülayimləşməyə doğru getməsi Suriya lideri Bəşər Əsədin əsas hərbi müttəfiqi Rusiya tərəfindən xüsusilə dəstəklənir. Yaxın Şərq üzrə rusiyalı ekspert Yelena Suponinanın fikrincə, Türkiyə ilə Suriya arasında münasibətlərin yenidən qurulması Rusiya üçün də uğurlu olacaq.

Bu mənada, ekspertlərin fikrincə, Ankaranın Dəməşqlə yeni tərəfdaşlığı Kremlin Yaxın Şərqdəki rolunu gücləndirəcək və Vaşinqtona Suriyadakı mövcudluğunu ləğv etmək üçün təzyiq göstərəcək. Yeri gəlmişkən, Pentaqonun da Suriyada radikal kürd qruplaşmaları ilə işləyən 800-ə yaxın hərbi qulluqçusu var. Ekspertlər bu qənaətdədirlər ki, ABŞ Suriyada İŞİD-lə mübarizə strategiyasını uğurlu hesab edir və öz qoşunlarını yaxın zaman ərzində çətin geri çəksin.

ABŞ  Dövlət Departamentinin sözçüsü Ned Prays Ərdoğanla Əsəd arasında mümkün görüş barədə sualı cavablandırarkən deyib: “Biz Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq barədə düşünmürük və başqa ölkələrin də Əsəd hakimiyyəti ilə münasibətləri yumşaltmasının, hər hansı danışığa getməsinin tərəfdarı deyilik”.

Suriyalı qaçqınlara “müjdə”: evlərinə dönəcəklər

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən il Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı rəsmi Ankaranı Suriya hökuməti ilə əlaqələri bərpa etməyə dəvət eləmişdi. Lakin “Al-Monitor” nəşrinin yazdığına görə, sözügedən sövdələşmə baş tutarsa, bu irəliləyişin əsas təşəbbüskarı kimi Putin deyil, regionda nüfuzu artmaqda olan Ərdoğan görünəcək. Ukraynadakı müharibəyə görə Putinin bundan sonra beynəlxalq miqyasda müsbət imic qazanmaq şansı yoxdur.

Bəzi eksperlərin fikrincə, Türkiyə prezidenti bu yaz keçiriləcək seçkilərə hazırlaşdığına görə sözügedən razılaşmaya meyillənir. Bütün siyasi liderlər kimi Ərdoğan da ölkədaxili populyarlığını artırmaq məqsədi ilə xarici siyasət manevrlərindən maksimum istifadə etmək niyyətindədir. Ehtimal olunur ki, Ərdoğan ölkələrarası münasibətlər normallaşarsa öz vətənlərinə qayıdacaq suriyalı qaçqınların təhlükəsizliyinin təmin edilməsinə yardımçı olmağı da Rusiyadan xahiş edib. BMT-nin hesablamalarına görə, bu illər ərzində Türkiyə 3,5 milyon suriyalı qaçqını himayəsinə qəbul edib. Bu isə Türkiyə kimi bir ölkənin sosial-iqtisadi durumu baxımından kifayət qədər ağır rəqəmdir. Proqnozlaşdırmaq çətin deyil ki, Suriya qaçqınlarının öz ölkələrinə dönüşü növbəti seçkilər ərəfəsində Ərdoğanın populyarlığını daha da artıracaq.

Türkiyə Suriyadan nə istəyəcək?

Bütün bu ehtimallar və gözləntilərlə yanaşı, Ərdoğan Suriyada əsas prioritetini açıq şəkildə bəyan etməkdədir.

Gözlənilən odur ki, Türkiyə lideri Bəşər Əsəddən, əsasən, silahlı kürd qruplaşmalarından ibarət “Suriya Demokratik Qüvvələri”ni, onlarla əlaqə qurmuş yerli partiyaları, “Demokratik Birlik Partiyası”nı və “Xalq Müdafiə Cəbhəsi”ni zərərsizləşdirməyi tələb edəcək. Türkiyə adı çəkilən təşkilatları terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə iş birliyində günahlandırır.

Ərdoğan Suriya hökumətinə dəfələrlə ölkədəki radikal kürd birləşmələrini sıxışdırmaq üçün Suriyanın şimalına istənilən vaxt müdaxilə edə biləcəkləri ilə bağlı xəbərdarlıqlar edib. Hazırkı gedişatda isə Əsədlə siyasi sövdələşmə Ərdoğana hərbi əməliyyat riski olmadan Suriyada kürd silahlı birləşmələri üzərində qələbə qazanmağa kömək edə bilər. Bu isə böyük ehtimalla ABŞ-ın narazılığını artıracaq. Xüsusilə, Türkiyənin ABŞ istehsallı son model qırıcılar almaq üçün Vaşinqtonla danışıqlar apardığı bu günlərdə olayların nəql etdiyimiz məcrada davam eləməsi iki ölkə arasında silah alış-verişi razılaşmasını zəiflədə, yaxud poza bilər.

Lakin bəzi siyasi ekspertlərin fikrincə, Türkiyənin Suriyaya görə ABŞ-la münasibətləri pozması o qədər də ağlabatan səslənmir. Ankaranın Dəməşqlə yeni münasibətlərin əsasını qoyması Türkiyə ilə ABŞ arasında razılaşdırılmış formul da ola bilər.

Bu arada Birləşmiş Ərəb Əmirlikləri də Suriya məsələsindən kənarda qalmaq istəmir. BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahyan bu yaxınlarda 2021-ci ilin noyabrından bəri Suriyaya ikinci səfərini edib. Onun bu səfərini Dəməşqin ərəb dünyası ilə əlaqələrini yavaş-yavaş normallaşdırmaq istəyi kimi başa düşmək olar. Bayden administrasiyası isə Əsəd rejiminin bu cəhdlərinə kəskin reaksiya verir. Hələlik Əsəd hakimiyyəti sabit görünsə də, Rusiya Yaxın Şərqdəki müttəfiqi İranın təsirini bölgədə artıra bilməyəcək. Çünki Birləşmiş Əmirliklərin Suriyaya maraq göstərməsində məqsədi İranın bu ölkədəki nüfuzunu məhdudlaşdırmağa çalışmasıdır.

Suriyanı nə gözləyir: hərb, yoxsa sülh?

Ancaq Türkiyə ilə Suriya arasında gözlənilən barışıq hələ ki, Suriya ərazisində münaqişənin sona çatması anlamına gəlmir. Türkiyənin bundan sonra da Suriyanın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparacağı istisna edilmir. Bu səbəbdən də Suriya ərazisində hərbi aktivləri və etibarlı dayaqları olan ölkələrin, yəni, ABŞ, Türkiyə, Rusiya, İran və İsrailin bölgədə üz-üzə gəlməsi vəziyyətin hər an gərginləşə biləcəyindən xəbər verir.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30