Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Necə başladı?

Necə başladı?

01.12.2022 [10:37]

Bəşəriyyət 3 ildir mübarizə aparır

Nicat DİLQƏMLİ

Dünya ictimaiyyəti artıq 3 ildir koronavirus pandemiyasının qarşısını almaq üçün səylərini davam etdirir. Bu günə qədər planetin bütün nöqtələrində milyonlarla insan COVID-19 səbəbindən vəfat edib. İlk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan vilayətində sürətlə yayılmağa başlayan virus çox qısa zaman kəsiyində, demək olar ki, bütün ölkələri əhatə etdi. Məhz üç il bundan öncə, daha dəqiq desək, 2019-cu il dekabr ayının 31-də Uhanda mənşəyi məlum olmayan respirator xəstəlikdən ilk ölüm faktı qeydə alındı. Cəmi bir neçə gün sonra isə koronavirusun 2002-2003-cü illər ərzində Çindən bütün dünyaya yayılan SARS virusundan törədiyi məlum oldu. Elmi araşdırmaların nəticələrinə əsasən, iki virus arasında oxşarlıq 80 faizdir. COVID-19 yoluxma səbəbindən ilk ölüm faktı yanvar ayının 11-də qeydə alındı. Virusun ilk qurbanı Uhanda dəniz məhsulları bazarına baş çəkən 61 yaşlı kişi oldu.

Müəyyən bir regionu əhatə etdiyinə görə koronavirus epidemiya adlandırıldı. Lakin sonradan virus bütün dünyada aşkar edildiyindən COVID-19 pandemiya elan edildi. Cəmi 10-15 gün sonra Çinin hüdudlarından kənarda da koronavirusa yoluxma halları aşkar edilməyə başladı. Məsələn, ölüm sayının ən çox qeydə alındığı ABŞ-da COVID-19-a ilk yoluxma halı 21 yanvar tarixinə təsadüf etdi. Bir çox ölkələrdə koronavirusun əsas yayılma səbəbi turistlər oldu. Nəhayət, yanvar ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edildi.

Bir müddət sonra İtaliya, İspaniya, Almaniya, Fransa, Böyük Britaniya və digər regionlarda da koronavirus geniş yayılmağa başladı. Gündəlikdə dayanan bütün məsələlərin arxa plana keçməsinə də səbəb olaraq koronavirus pandemiyası dünya gündəmini tamamilə dəyişdirdi.

Bütün ölkələrdə profilaktik tədbirlərin görülməsi istiqamətində geniş tədbirlər həyata keçirilirdi. 2020-ci ildən isə koronavirusa qarşı immunitetin yaradılması üçün peyvəndlənməyə başlanıldı.

Ölkəmizdə də xəstəliyin ortaya çıxdığı ilk günlərdən etibarən bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Dövlət başçımızın müvafiq Sərəncamı ilə fevral ayının 27-dən başlayaraq bu xəstəliyin qarşısını almaq və əhalinin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Məhz virusla mübarizənin effektivliyinin daha da artırılması üçün Azərbaycana Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan böyük təcrübəyə malik olan həkim personalı gətirildi. Yoluxma hallarının qarşısını almaq istiqamətində atılan mühüm addımlardan biri də vətəndaşların izolyasiya edilməsi idi. Həyata keçirilən preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra ölkədə yoluxma hallarının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunmağa başladı.

Pandemiyanın ilk günlərində Prezident İlham Əliyev bəyan etdi ki, yeni şəraitdə hökumətin qarşısında iki mühüm vəzifə durur. Bunlardan biri əhalinin sağlamlığının qorunması, digəri isə insanların sosial müdafiəsinin təşkili idi. Sosial dövlət olan Azərbaycan pandemiya dövründə də çətin vaxtlarda vətəndaşların yanında olmaq ənənəsinə sadiq qaldı. Belə ki, respublikamızda 2020-ci ildə məşğulluğa və rifaha dəstək tədbirləri reallaşdırıldı, dövlət və özəl sektorda çalışanların əməkhaqları ödənildi, dövlətdən yardım alan və yaxud ödənişli ictimai işlərə cəlb olunan ailələrin əhatə dairəsi genişləndirildi. Bütövlükdə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan böyük sosial paket təxminən 5 milyon insanı - əhalimizin yarısını əhatə etdi.

Azərbaycan MDB məkanında pandemiya ilə mübarizəyə ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ayrılan böyük həcmlərdə maliyyə vəsaiti hesabına paytaxtda və bölgələrdə modul tipli xəstəxanalar inşa olundu. Qısa müddətdə tibbi maska, xüsusi geyimlərin istehsalı müəssisələri işə salındı, ölkə üzrə bir neçə müasir laboratoriya istifadəyə verildi. Çarpayı sayının artırılması, lazımi sayda tibbi personalın koronavirus xəstələrinin müalicəsinə cəlb olunması və digər tədbirlər ölkəmizdə pandemiyaya qarşı mübarizənin səmərəliliyinin yüksəlməsinə müsbət təsir göstərdi - təhlükəli yoluxucu xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almaq mümkün oldu. Buna, əlbəttə ki, respublikamızda həyata keçirilən bir sıra məhdudlaşdırıcı tədbirlər də öz müsbət təsirini göstərdi. Vətəndaşlar arasında kütləvi immunitetin formalaşması üçün önəmli olan məsələlərdən biri - peyvəndlənmə prosesi də ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Virusa qarşı təsdiq olunmuş peyvəndlərin ölkəmizə gətirilməsinin təmin olunması məqsədilə müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq da virusla mübarizədə olduqca önəmli yer tutur.

Bundan başqa, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə ayırması, eyni zamanda, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımının göstərilməsi kimi məsələlər də xüsusilə qeyd edilməlidir.

Həyata keçirilən bütün tədbirlərin uğurlu nəticəsi olaraq Azərbaycanda koronavirusa yoluxma halları qısa zaman kəsiyində idarə edilə bilən bir prosesə çevrilə bildi. Bu da təbii olaraq yoluxma hallarının kəskin şəkildə azalması ilə özünü göstərmiş oldu. Bu gün də koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlər davam etdirilməkdədir.

Nəticə etibarı ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı nümunəvi şəkildə mübarizə aparan ölkə kimi səciyyələndirib.

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31