Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Multiregional siyasət Azərbaycana böyük nüfuz qazandırıb

Multiregional siyasət Azərbaycana böyük nüfuz qazandırıb

26.11.2022 [10:05]

Mübariz ABDULLAYEV

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müxtəlif regionları əhatə edən fəal xarici siyasət kursu həyata keçirilir. Eyni region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkəyə xas olan xüsusiyyətdir. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, böyük coğrafiyalarda Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir.

Türk birliyinin möhkəmlənməsində Azərbaycanın artan rolu

Son vaxtlarda türkdilli ölkələr arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Deyə bilərik ki, türkdilli dövlətlər tərəfdaşlıqdan müxtəlif sahələrdə sıx inteqrasiya dövrünə qədəm qoyublar. Türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Türk dövlətləri tarixən formalaşan möhkəm zəminə əsaslanmaqla müasir çağırışlar qarşısında öz güclərini birləşdirmək, gələcəyə doğru birlikdə addımlamaq niyyəti sərgiləyirlər.

Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində Azərbaycanın rolunu xüsusi qeyd edə bilərik. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Azərbaycan indiyədək türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk beynəlxalq onlayn tədbir idi.

TDT-nin Baş katibi Bağdad Amreyev bu il oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Prezident İlham Əliyev Türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan Türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Prezident İlham Əliyev Baş katib kimi fəaliyyətinə görə Bağdad Amreyevə “Dostluq” ordenini təqdim edib.

Böyük coğrafiyada yerləşən Türk dövlətləri, həm də özlərində nəhəng iqtisadi gücü birləşdirirlər. Türk dünyasının iqtisadi lokomotivi, heç şübhəsiz ki, Türkiyədir. 761.4 milyard dollarlıq ÜDM-ə malik Türkiyə hazırda öz inkişafının ən yaxşı dövrünü yaşayır. Burada ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat qurulub. Türk birliyində sonrakı yerləri bölüşən Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar həcmində nominal ÜDM-ə malikdirlər. Bütövlükdə, Türk dünyasında 1,2 trilyon nominal ÜDM formalaşır ki, bu da kifayət qədər böyük həcmdir.

Azərbaycan Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki Türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentəri öz ənənələrinə sadiq qalaraq qarşılıqlı səfərlər ediblər. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar.

Xəzərin bu sahilindən o biri sahilinə uzanan dostluq körpüsü

Respublikamızla Xəzərin digər sahillərində yerləşən ölkələr arasındakı dostluq körpüsü getdikcə daha da möhkəmlənir. Belə ki, Azərbaycan Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrlə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir.

Azərbaycanın Türk dünyasının nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.

Azərbaycanla Qırğızıstan arasında  iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

Türkdilli ölkələrin birliyinin möhkəmlənməsinə aparan yolda Azərbaycan-Özbəkistan əlaqələrinin önəmini ayrıca qeyd edə bilərik. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Həm Azərbaycanda, həm də Özbəkistanda qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilir.

2022-ci ildə Prezident İlham Əliyev Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərlər edib. Həmçinin Qazaxıstan və Qırğızıstanın dövlət başçıları da ölkəmizə səfərə gəliblər. Bütövlükdə, Azərbaycan daha geniş çərçivədə Asiya ölkələri ilə əməkdaşlığın inkişafına böyük maraq göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib.

ŞƏT ilə əlaqələrin inkişaf etdirilməsi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsası Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə qoyulub. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişlənib. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalanıb. Səmərqənddə keçirilən son sammitədək ŞƏT-də 8 üzv dövlət (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzv (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) təmsil olunurdu. Səmərqənddə İran da Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün memorandum imzalayıb. ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon km 2 (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4).

Multiregional siyasət həyata keçirən Azərbaycan ŞƏT ilə əlaqələrin inkişaf etdirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Yuxarıda qeyd olunduğu kimi, bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanın təşkilatla əməkdaşlıqda qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə ŞƏT-in Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Digər tərəfdən, dövlət başçımızın Sammitə dəvət alması Prezident

İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini təsdiqləyir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan ŞƏT-də təmsil olunan ölkələrlə, o cümlədən də Çinlə əlaqələrini uğurla inkişaf etdirir. Yol-nəqliyyat infrastrukturunu inkişaf etdirən Azərbaycan Çinin də böyük maraq göstərdiyi Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində önəmli yer tutur.

Ölkəmizin üzv olmadığı beynəlxalq təşkilatlarda çoxlu dostları var

Azərbaycanın multiregional siyasəti, qurduğu yeni ikitərəfli və çoxtərəfli əlaqələr ölkəmizə  geniş coğrafiyada öz maraq və mənafelərini müdafiə etmək üçün əlverişli şərait yaradır. Məhz bu fəallığın, yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir. Təsadüfi deyil ki, Beynəlxalq Frankofoniya Təşkilatının aparıcı qüvvəsi olan Fransa Ermənistanla birlikdə bu təşkilatın son toplantısında Azərbaycana qarşı çirkin  niyyətlərini reallaşdıra bilmədi.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan dövlətlərin son davranışları da həmişə ədalət mövqeyindən çıxış edən, sözü və imzası daim bir-birini tamamlayan Azərbaycana hətta üzvü olmadığı beynəlxalq təşkilatlarda da böyük hörmət bəslənildiyini və mövqeyinin dəstəkləndiyini əyani şəkildə təsdiqləyir. Söhbət postmüharibə dövründə də regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam edən məğlub Ermənistanın KTMT-ni özünün təcəvüzkarlıq siyasətinə ortaq etmək cəhdlərinin qurumda təmsil olunan dövlətlər tərəfindən rədd edilməsindən gedir.

Diplomatiyamızın uğurları, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi Prezident İlham Əliyevin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir. Ardıcıllıqla aparılan bu siyasi kurs respublikamıza beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31