Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yüksək amallar, gerçək əməllər partiyası

Yüksək amallar, gerçək əməllər partiyası

19.11.2022 [18:33]

Hörmətli oxuculara Yeni Azərbaycan Partiyasının yaradılması barədə bildiklərimi, gördüklərimi, şahidi olduğum hadisələri çatdırmaq istəyirəm. 

Ümummilli lider Heydər Əliyev 20 iyul 1990-ci ildə Moskvadan Bakıya qayıtdı, iyulun 22-də Naxçıvana getdi. Biz ora dəvət olunduq və xalqın böyük oğlunu necə qarşıladığını, onun pişvazına çıxdığını gözlərimizlə gördük. Xalq bu gəlişi səbirsizliklə gözləyirdi, insanlar ölkənin hər yerindən onun ziyarətinə gəlirdilər. Böyük şəxsiyyət Naxçıvanda sakit həyata başlamışdı və siyasətə qayıtmaq fikri də yox idi. Lakin biz şahidi olduq ki, minlərlə Naxçıvan sakini Ali Məclisin qabağına çıxıb Heydər Əliyevin Məclisin sədri seçilməsini tələb edirdi. Nəhayət, xalqın istəyini nəzərə alan Heydər Əliyev etiraz etmədi və Ali Məclisə sədr seçildi. 
O zamanlar biz mətbuatda məqalələr yazaraq, xalqın arzularını Heydər Əliyevə çatdırmağa çalışırdıq. Bildirirdik ki, Azərbaycan insanları onun ölkəyə yenidən rəhbərlik etməsini istəyir. Mən dəfələrlə Heydər Əliyevlə görüşdüm, sonra bir qrup ziyalı ilə onun ziyarətinə getdik. Söhbətlərimiz zamanı Heydər Əliyev deyirdi: “Mən ən böyük partiyanın – Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərindən biri olmuşam. Partiya məsuliyyətinin nə demək olduğunu yaxşı bilirəm. Bu yaşımda yenidən partiya quruculuğu ilə məşğul olmaq? Bir az düşünməliyəm”. 
Xeyli sonra 91 nəfər ziyalının imzası ilə “Heydər Əliyev, Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət yazıldı. Məlum olduğu kimi, bu məktuba çoxları imza atmaqdan boyun qaçırdı. Həmin zamanlarda böyük siyasi xadim haqqında Azərbaycanın kommunist mətbuatında, habelə “Pravda” qəzetində və Rusiyanın başqa qəzetlərində böhtan, qərəz xarakterli yazılar dərc olunurdu.
“Azərbaycan Sizin sözünüzü gözləyir” adlı tarixi müraciətdə respubikada vəziyyətin gündən-günə ağırlaşdığı, Azərbaycanın, sözün əsl mənasında, siyasi, iqtisadi, mənəvi böhran keçirdiyi açıqlanırdı və bunun səbəbinin respublikada mövcud olan, getdikcə daha da güclənən hakimiyyət böhranı olduğu göstərilirdi: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir, yeganə şəxs Sizsiniz! ... Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalın, Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcək... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 
16 oktyabr 1992-ci il tarixli bu müraciətə Heydər Əliyev 24 oktyabr 1992-ci ildə “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı ziyalılara məktubu ilə cavab verdi. Görkəmli dövlət xadimi həmin cavab məktubunda bildirirdi: “İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir”.
Heydər Əliyev daha sonra yeni partiya yaradılması ilə bağlı qeyd etmişdi: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”. 
O zamankı iqtidar ciddi səyləri ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına mane olmağa çalışırdı. Partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verilmədiyi üçün YAP-ın təsis konfransı Naxçıvanda keçirildi. Konfransı giriş sözü ilə YAP təşkilat komitəsinin sədri Heydər Əliyev açdı. Konfrans Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul etdi. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi. 
Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması, həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş həmin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz, ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər.
YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub, inkişaf etmişdir. 
YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a sürətlə axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır. 
Heydər Əliyev siyasi kursu son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki şəraitdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə YAP-a olan etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir. 
1999-cu ilin dekabrında YAP-ın birinci qurultayında YAP sədrinin müavini seçilmiş, (indi YAP-ın sədri) İlham Əliyev həmin qurultayda öz tarixi çıxışında demişdir: “Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın marağına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”. 
YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri partiyanın 30 illik yubileyində də öz qüvvəsindədir! 
Yeni Azərbaycan Partiyasının bütün üzvlərini yubiley münasibətilə ürəkdən təbrik edirəm! 

Xeyrəddin QOCA, 
YAP Veteranlar Şurasının üzvü, yazıçı

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30