Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə yolundan dönməyəcək

Türkiyə yolundan dönməyəcək

15.11.2022 [10:20]

Baş verən terror hadisəsi nəyə hesablanıb?

Xəbər verildiyi kimi, noyabrın 13-də Türkiyənin İstanbul şəhərindəki “İstiqlal caddəsi”ndə terror hadisəsi törədilib. Terror hadisəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 zirvəsində iştirak etmək üçün yola çıxmazdan öncə terror hadisəsi ilə bağlı hava limanında mətbuat üçün açıqlama verib. Prezident Ərdoğan İstanbulda törədilən terror hadisəsini qınayıb və deyib ki, heç kim Türkiyəni terror ilə təslim ala bilməyəcək: “Bu hadisələrin arxasında duranlar, onu törədənlər öz cəzasına çatdırılacaq”.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da İstanbulda baş vermiş terror aktına münasibət bildirib. “İstiqlal Caddəsində meydana gələn partlayışda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirəm. Hadisə hərtərəfli araşdırılır və bütün boyutları ilə ortaya çıxarılacaq. Heç bir hücum Türkiyənin əzmini, müqavimətini qıra bilməyəcək”, - İbrahim Kalın qeyd edib.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün tvitter hesabında terror hadisəsi ilə bağlı paylaşım edib. Bildirib ki, mülki əhaliyə qarşı terror hücumları bəzi ölkələrin terror qruplaşmalarına dəstəyinin birbaşa və dolayı nəticəsidir. Əgər onlar Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara birbaşa və dolayı dəstəyi dərhal dayandırmalıdırlar. O bildirib ki, hadisədə əli olan şəxslər tapılacaq və cəzalandırılacaqlar:

Bu arada noyabrın 13-də terror partlayışını törədən PKK/PYD terror təşkilatının qadın üzvü saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

Süleyman Soylu onu da bildirib ki, kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, terror aktını sifariş edən şəxslər terrorçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış: “Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi”.

S.Soylunun sözlərinə görə Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb: “Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutmuşuq. Əməliyyatlarımız davam edəcək”.

“Biz tədbirin harada və necə əlaqələndirildiyini bilirik”, - deyə nazir Soylu tədbirdən sonra texniki dinləmənin təfərrüatlarını paylaşıb. O, ABŞ səfirliyinin başsağlığı mesajını qəbul etmədiklərini xüsusi vurğulayıb. “Hadisənin necə koordinasiya edildiyini bilirik. Polis gücümüz, valilik lazımi açıqlamaları verib və bunu davam etdirir. Bizə verilən mesajı aldıq və bizə verilən mesajın nə olduğunu da bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmədik. Biz heç kimin düşməni deyilik. Heç kimə xəyanət etmirik. Texniki dinləmələrdə terror təşkilatının terrorçunun öldürmə əmrini verməsi aşkar olunub. Əgər biz terrorçunu tutmasaydıq, onu qaçaqmalçılıq yolu ilə Yunanıstana aparacaqdılar”, - deyə daxili işlər naziri qeyd edib.

Göründüyü kimi, artıq terror hadisəsinin sifariş ünvanı da bəlli olur. Son dövrlərdə Türkiyənin artan nüfuzu və regional, eləcə də qlobal miqyasda oynadığı rol kimləri narahat edirsə, terror aktının da izləri məhz həmin ünvanlarda axtarılır.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bəzi siyasi qüvvələrin hələ də Türkiyəyə təzyiq göstərmək üçün terrorçu qüvvələrdən istifadə etdiyini deyib. Onun sözlərinə görə, bəzi siyasi qüvvələr bu kimi terror vasitəsilə Türkiyəyə “yerini” göstərmək istəyirlər: “Son dövrlərdə Türkiyənin dünyanın siyasi səhnəsində oynadığı rol hər kəs üçün aydındır. Amma bu kimi terrorla heç kim Türkiyəni yolundan, öz siyasi kursundan döndərə bilməz. Bu cür destruktiv qüvvələr isə çoxdur. Xaricdə yaşayan və orada kök salmış anti-Türkiyə şəbəkələri - burada erməni şəbəkələrini qeyd etmək olar, PKK terrorçuları şəbəkəsi, FETÖ məhz bu kimi şəbəkələrdəndir. FETÖ illərdir ki, Türkiyənin hazırki iqtidarı ilə mübarizə aparır. Nəzərə almalıyıq ki, Türkiyədə gələn il mühüm siyasi hadisə - prezident seçkiləri baş tutacaq. Bu mənada, mübarizə daha da şiddətlənir və bu cür qeyri-insani forma alır. Bu yolverilməzdir. Nəticədə sıravi insanlar zərər çəkirlər. Türkiyə dövlətinin ismarıcı, bəyanatı da məhz buna hesablanıb ki, bu terrorçu təşkilatlar, xüsusilə FETO öz qanlı planlarından əl çəksin”.

2023-cü ili Türkiyədə vacib siyasi qərarların veriləcəyi il kimi xarakterizə edən İ.Vəlizadənin fikrincə, belə bir dönəmdə bu cür təxribat xarakterli addımlarını atılması yalnız bir məqsəd daşıyır - Türkiyənin siyasi dayaqlarını zəiflətmək. “Həmin qüvvələr Türkiyədə baş tutacaq prezident seçkilərinə təsir etmək və daxili siyasi vəziyyəti qarışdırmaq istəyirlər. Türkiyə prezidenti açıq bəyan edir ki, əgər bu qüvvələr öz əməllərindən əl çəkməsələr, terrorçuları Türkiyəyə təhvil verilməsələr, bununla bağlı sərt ölçü götürüləcək. Türkiyə bu qüvvələrin havadarları ilə də mübarizə aparmaq əzmindədir”, - deyən politoloqun fikrincə, son dövrlərdə keçirilən sammitlər, qlobal tədbirlər Türkiyənin nüfuzunun artdığını göstərir. Bu terror aktının da Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü sonrası, G20 dövlətlərinin Zirvə Görüşü öncəsi baş verməsi təsadüfi sayıla bilməz: “O sammitlərdə Türkiyənin dediyi sözlər çoxdur. Həmin tədbirlərdə Türkiyə həm regional, həm də qlobal miqyaslı təkliflərlə çıxış edir. Bundan narahat olan qüvvələr çalışır ki, Türkiyənin başı öz daxilinə qarışsın. Məqsəd odur , lakin həmin qüvvələr öz məqsədlərinə çata bilməyəcəklər”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31