Prezidentin Soçi hədəfləri
02.11.2022 [10:10]
Mübariz ABDULLAYEV
Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması və sülhyaratma prosesi ilə bağlı Rusiyanın vasitəçiliyi ilə müzakirələrin aparıldığı daha bir görüş arxada qaldı. Oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli formatda baş tutan növbəti görüş yeri üçün yenə də Soçi seçilmişdi. Üçtərəfli görüşdən əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Görüşlərin nəticəsi olaraq liderlər Bəyanat imzalayıblar. Soçi görüşləri, burada aparılan müzakirələr və Bəyanatda yer alan müddəalar çox doğru olaraq Azərbaycan diplomatiyasının növbəti uğuru, Prezident İlham Əliyevin ölkəmizin maraqlarının, haqlı mövqeyinin müdafiəsi uğrunda nümayiş etdirdiyi qətiyyətin təntənəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev Soçiyə Azərbaycanla Ermənistan arasında başlanan nizamlama və sülhyaratma prosesində konkret hədəflərə nail olmaq üçün getmişdi və buna nail oldu. Dövlətimizin başçısı Soçidə ikitərəfli və üçtərəfli formatlarda baş tutan görüşlərdə konkret məqsədə və hədəflərə hesablanan bir sıra mesajlar verdi və bunlar imzalanan Bəyanatın mətnində nəzərə alındı.
Çoxillik münaqişəyə son qoyulub
Azərbaycan Prezidentinin Soçidə Ermənistandakı revanşistlərə, Xankəndidəki separatçı tör-töküntülərə və onların xaricdəki havadarlarına yönəlik səsləndirdiyi mühüm və qəti mesajlardan biri Qarabağ münaqişəsinin bitdiyi ilə bağı oldu. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı ilə ikitərəfli görüşdə bunu özünəxas yüksək diplomatik məharətlə diqqətə çatdırdı. Xatırlayaq ki, hələ iki il bundan əvvəl 44 günlük müharibə dövründə və üçtərəfli Bəyanat imzalandıqdan sonra Rusiyanın dövlət başçısı V.Putin KİV-ə verdiyi müsahibələrində “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir” ifadəsini dəfələrlə dilə gətirmiş və münaqişənin bitdiyini bildirmişdi. Üçtərəfli Bəyanatda, sonradan Moskvada, Soçidə və Brüsseldə imzalanan digər razılaşmalarda da Dağlıq Qarabağ münaqişəsinin davam etməsini bildirən hansısa bir müddəa yer almayıb. “Unutqanlar” isə Ermənistanda kifayət qədər çoxdur. Ermənistanın baş naziri N.Paşinyan üçtərəfli Bəyanata imza atdığını sanki yaddan çıxarıb. Bu sənəddə kapitulyasiyaya uğrayan ölkə, onun lideri üzərinə öhdəliklər götürüb. Qalib Azərbaycanın tələbi ondan ibarətdir ki, bu öhdəliklər qeyd-şərtsiz yerinə yetirilməlidir. Ancaq Ermənistandakı revanşist qüvvələr başqa fikirlər səsləndirirlər. Biz bir sıra hallarda baş nazir N.Paşinyanın da revanşistlərlə eyni mövqedən çıxış etdiyinin şahidi oluruq. Sual olunur: Nə üçün N.Paşinyan tez-tez vədlərindən geri çəkilir, manipulyasiyalara əl atır və sülh prosesini ləngidir?
Elə vasitəçilərin də açıqlamalarında mövqe dəyişkənliyinə cəhdlər zaman-zaman müşahidə edilir. Özünü sülhyaratma prosesinə qatmağa çalışan Fransa prezidenti Emmanuel Makronun KİV-ə son açıqlamasını xatırlayaq. Onun müsahibəsində Dağlıq Qarabağın coğrafi bağlılığına aid cəfəng fikirlər yer alıb. Fransa kimi böyük bir dövlətin rəhbəri həqiqəti, reallıqları lobbi maraqlarına qurban verərək 44 günlük müharibə ilə bağlı reallıqla bir araya sığmayan mülahizələr irəli sürür. Özü də siyasi etiket qaydalarını pozmaqla. E.Makronun bu açıqlamalarından açıq-aydın təhrikçilik qoxusu gəlir. O, bir növ Azərbaycanın öz gücünə ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ təmin etməsini və ən nəhayət, otuz il kağız üzərində qalan BMT qətnamələrinin icrasına nail olmasını həzm edə bilmir və hər şeyin yenidən başlamasını istəyir. Bu, E.Makronun vasitəçilik səylərinə qatı kölgə salır, onun xoş niyyət güdmədiyini, tərəf saxladığını ortaya qoyur.
Biz oxşar cəhdlərə son vaxtlarda Rusiya mətbuatında da rast gəlirik. Bu ölkənin bəzi dövlət kanallarında artıq keçmiş olan “Dağlıq Qarabağ münaqişəsi”, “status” məsələsi yenidən gündəmə gətirilir. Rusiya postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında əsas vasitəçilərdən biri qismində çıxış edir. 44 günlük müharibə məhz Rusiyanın davamlı çağırışları sayəsində dayandırıldı. Yeri gəlmişkən, sonuncu Soçi görüşündə və imzalanan Bəyanatda Rusiyanın vasitəçiliyi və bu ölkənin sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında sabitliyə və təhlükəsizliyə töhfələr verdiyi bir daha vurğulanıb. Belə olan halda Rusiyanın dövlətə məxsus televiziya kanallarında və çap mediasında
postmüharibə dövrünün reallıqlarının məqsədli şəkildə təhrif edilməsi, müxtəlif qızışdırıcı manipulyasiyalara əl atılması kimə və nəyə xidmət edir? Hesab edirik ki, Prezident İlham Əliyevin Soçidə Rusiyanın dövlət başçısı ilə keçirilən ikitərəfli görüşdə səsləndirdiyi fikirlər Ermənistandakı revanşistlərə, onların xaricdəki havadarlarına aydın və qəti mesajlardır. Həmin qüvvələr regionda yeni reallıqlar yaradan Azərbaycanın dövlət başçısının verdiyi mesajlardan nəticə çıxartmalıdırlar. “İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu”. - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan daxili məsələlərini heç kimlə müzakirə etmək niyyətində deyil
Prezident İlham Əliyev Soçidə “bundan sonra Qarabağla bağlı müzakirələrə ehtiyac yoxdur” mesajını da dünyaya çatdırdı: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.
Dövlətimizin başçısı bu mesajı verərkən şanlı Qələbə sayəsində yaratdığı yeni reallıqlara istinad edib. Bu Qələbə ilə Azərbaycan şərəfli tarix yazdı, ərazi bütövlüyünü təmin etdi və Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətinə nəhayət son qoydu. Ermənistan və onun havadarları Azərbaycanın öz gücünə yaratdığı bu reallıqla barışmalıdırlar. Azərbaycan həm İranla 132, həm də Ermənistanla təxminən 500 kilometrlik dövlət sərhədlərinə çıxıb. Ölkəmizin qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur. Eyni zamanda başqalarının da respublikamıza qarşı belə iddialardan çıxış etmələri yolverilməzdir. 44 günlük müharibə təsdiqlədi ki, Azərbaycan ərazi bütövlüyünü, unitar dövlət quruluşunu qorumağa qadirdir. 44 günlük müharibənin nəticəsi olaraq Qarabağ Azərbaycanın daxili məsələsinə çevrilib. Buna görə də burada Ermənistanla, digər dövlətlərlə və beynəlxalq təşkilatlarla müzakirə ediləsi bir şey yoxdur. Azərbaycan daxili məsələlərini heç kimlə müzakirə etmək niyyətində deyil. Soçidə imzalanan Bəyanatda Prezident İlham Əliyevin verdiyi “Qarabağ artıq tarixdir”, “müzakirə ediləsi bir məsələ yoxdur” mesajları nəzərə alınıb. Əvvəllər Ermənistan rəsmiləri və bu ölkəyə havadarlıq edənlər Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycanın isə qətiyyətli mövqeyi belədir ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Təsadüfi deyildir ki, bundan əvvəl Moskvanın və Brüsselin vasitəçiliyi ilə imzalanan sənədlərdə olduğu kimi, son Soçi Bəyanatında da “Dağlıq Qarabağ münaqişəsi”, “status” ifadələri ümumiyyətlə işlədilməyib. Bu ifadələr arxaizmləşiblər. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları sayır və onların hüquqlarının qorunmasına təminatlar verir. Bir məsələ aydındır ki, Qarabağda yaşayan erməniləri Azərbaycana inteqrasiya şəraitində daha yüksək təminatlar və daha rahat həyat gözləyir.
Münasibətlərin normallaşması istiqamətində hərəkət etmək vaxtı yetişib
“Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək”. Təqdim olunan sitat Soçidə imzalanan Bəyanatdan götürülüb. Bəyanatın mətnində yer alan fikirlər Prezident
İlham Əliyevin Rusiyanın dövlət başçısı ilə ikitərəfli formatda baş tutan görüşdə verdiyi növbəti mesajın məzmunu ilə üst-üstə düşür. Görüşün regional məsələlərə həsr edildiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin nizamlanması üçün bir sıra məsələlər həllini tapmalıdır. Bura humanitar məsələlərlə yanaşı, sərhədlərin delimitasiya və demarkasiya edilməsi, Ermənistana məxsus hərbi birləşmələrin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından tamamilə çıxardılması, mina terroruna, şərti sərhədlər boyunca təxribatlara son qoyulması, Ermənistanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli fəaliyyətə başlanılması və s. məsələlər daxildir. Bu məsələlərin həllini tapması regionda etimad və təhlükəsizlik mühitinin formalaşmasına müsbət təsir göstərə bilər. Gündəliyin əsas mövzusu isə iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Belə bir sənəd imzalanmadan uzunmüddətli sabitlikdən, əmin-amanlıqdan danışmaq əbəsdir. Qalib Azərbaycan sülh sazişinin mümkün qədər tez hazırlanıb imzalanmasının tərəfdarıdır. Ölkəmiz prosesləri irəli aparmaq məqsədilə beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim edib. Qalib tərəfi olan Azərbaycan özü üçün hansısa imtiyazlar istəmir və şərtlər irəli sürmür. Ölkəmiz məlum sənədi hazırlayarkən sırf beynəlxalq prinsiplərə əsaslanıb. Prezident İlham Əliyev Soçidə həmin prinsiplər əsasında normallaşmaya nail olmağın mümkünlüyünü növbəti dəfə diqqətə çatdırıb: “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
