Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər

Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər

05.10.2022 [10:16]

Nardar BAYRAMLI

Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP)  ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu il noyabrın 21-də ümumxalq partiyasına çevrilmiş YAP-ın yaradılmasının 30-cu ildönümü tamam olur. 30 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir. Xüsusilə də, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər bu səpkidə böyük önəm daşıyır.

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının  VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən  vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda  çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” ,- deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Eyni zamanda, VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəuyğun olar. Əvvəla, Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir. Eyni zamanda, YAP Mərkəzi Aparatına rəhbərlik edəcək partiya Sədrinin müavininin müəyyənləşməsi və bu vəzifəyə Tahir Budaqovun təyin edilməsi idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.

Onu da qeyd edək ki, VII qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Yeni qərarlara müvafiq olaraq qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Qurultaydan sonra partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamenti təsdiqlənib.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.

Yeni Azərbaycan Partiyasının VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Digər tərəfdən, bu, siyasi dialoq prosesinə mühüm töhfələr verən YAP-ın müsbət imicini, ictimai-siyasi prestijini göstərir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb.  Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.

Bunlarla yanaşı, YAP qurultaydan ötən dövr ərzində beynəlxalq əlaqələrini və əməkdaşlığını uğurla davam etdirib, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib. Ötən ilin iyun ayında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində   Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında Əməkdaşlığa dair Niyyət Protokolunun imzlanması, eləcə də müxtəlif vaxtlarda hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfransların keçirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir. Hakim partiyalar olan YAP ilə AK Parti arasında təmasların intensiv xarakter daşıması və çoxşaxəli əlaqələrin əhatə dairəsinin qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi çox mühüm əhəmiyyətə malikdir. Bu, heç şübhəsiz ki, bir millətin iki dövləti arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan, zirvədə olan münasibətlərin daha da möhkəmləndirilməsinə, ortaq tarixi keçmişə, milli dəyərlərə və mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə, eləcə də qlobal informasiya platformasında hər iki ölkənin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına və qara piar kampaniyasının iflasa uğradılmasına və s. müstəsna töhfədir.

Bununla yanaşı, 2021-ci ildə Ukraynanın, Qazaxıstanın hakim partiyaları, eləcə də Çin Kommunist Partiyası və digər bir sıra partiyalarla faydalı təmasların davam etdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə üçün önəmlidir.

Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan YAP bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək.

Bu gün sıralarında 760 mindən çox insanı birləşdirən YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu baxımdan, partiya özünün 30 illik yubileyinə böyük nailiyyətlərlə gedir. Şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə gedəcək!

Məqalə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının elan etdiyi yazı müsabiqəsinə təqdim olunur.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30