Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəsmi İrəvan müharibəyə hazırlaşır...

Rəsmi İrəvan müharibəyə hazırlaşır...

01.10.2022 [10:35]

Bu müharibə Ermənistanı xəritədən silə bilər

II Qarabağ müharibəsində məğlub olan Ermənistan gülünc “revanşizm” xəstəliyindən qurtula bilmir. Belə ki, 10 noyabr kapitulyasiyasına imza atmaqla məğlubiyyətini etiraf edən Ermənistanın yenidən “revanşa” hazırlaşması ilə bağlı xəbərlər yayılmaqdadır.

Təbii ki, bu kimi xəbərlərin yayılmasının bir sıra mühüm səbəbləri var. Bir tərəfdən Aİ-nin vasitəçiliyi ilə davam edən Brüssel sülh prosesinə “sadiq olduğunu” bildirən Ermənistan, digər tərəfdən də hərbi təxribatlardan əl çəkmir, hətta yenidən silahlanma haqda düşünür. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə deyib ki, Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var. Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: “Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.

Bu fakt bir daha sübut edir ki, 13-14 sentyabr təxribatlarının layiqli şəkildə cavablandırılması Ermənistan üçün dərs olmayıb və bu dövlətin rəhbərləri revanş arzusundadırlar. Başqa sözlə, rəsmi İrəvan sülhdən danışa-danışa müharibəyə hazırlaşır.

Silahlanma arzusu “gözdə” qaldı - ABŞ silah tədarükündən imtina edir

Yeri gəlmişkən, Ermənistanın xarici ölkələrdən silah alması və almaq istəyi ilə bağlı yayılan məlumatlar da deyilənləri təsdiqləyir. Məsələn, Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən yazır ki, Dehli hökuməti Ermənistana silah satılması ilə bağlı müqavilə imzalayıb. Nəşr müqavilənin bəzi detallarını da açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə edildiyi bildirilir. Xatırladaq ki, Hindistan dünya üzrə iri silah ixracatçıları sırasında yer alır. İndiyədək bu ölkə həm yerli istehsala aid məhsullarını, həm də digər ölkələrdən aldığı müxtəlif silahların böyük həcmlərdə ixracını həyata keçirib.

Amma Ermənistan yenə də düşdüyü çıxılmaz vəziyyətdən qurtula bilmir. Bunun səbəbi isə gözlədiyi dəstəyi əldə etməməsidir. Belə ki, İrəvan hakimiyyətinin silah almaq üçün müraciət etdiyi ölkələrin siyahısı Hindistanla yekunlaşmır. Bu siyahıda ABŞ-ın da adı çəkilir. Hətta ABŞ Erməni Milli Komitəsi (ANCA) “facebook” hesabında bununla bağlı məlumat da yaymışdı. Məlumatda bildirilirdi: “ABŞ Azərbaycana qarşı özünü müdafiə etmək üçün Ermənistana silah satmağı nəzərdən keçirir”. Qeyd olunurdu ki, 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər - Konqresdəki hər iki partiyanın daimi təzyiqi altında Ermənistana özünü müdafiə etmək üçün Amerika silahlarını satmağı düşünürlər. Amma ermənilərin bu arzusu da fiaskoya uğrayıb. Belə ki, ermənipərəst konqresmen Ceki Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı bildirib ki, ABŞ Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilməz. “Ona görə də müəyyən mənada əlimiz bağlıdır”, - deyə o əlavə edib.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, bəzi ölkələr, o cümlədən müttəfiqləri öncədən sifariş alsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina ediblər. “Yüz milyonlarla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silah tədarükü öhdəliyini icra etməməsi halları var. Bu, ağır reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik”, - deyə Paşinyan qeyd edib.

Görünən budur ki, Ermənistan hakimiyyətinin revanşizm üçün başlatdığı “hazırlıq kampaniyası” istədiyi formada getmir. Bunun isə obyektiv və subyektiv səbəbləri mövcuddur. Eyni anda həm Qərbə, həm də Rusiyaya “sığınmağa” çalışan Ermənistan qeyri-müəyyənlik yolundadır. Əgər müharibəyə başlarsa, bu, həmin ölkə üçün ağır nəticələrə yol açar...

Sülh, yoxsa müharibə - Ermənistan nə istəyir?

İkinci bir tərəfdən, Ermənistan ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən Paşinyan, İrəvana qayıdanda tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Paşinyan digər tərəfdə yenə də fərqli mövqe tutur. Bu qeyri-müəyyənlik isə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Ümumi mənzərə, onu deməyə əsas verir ki, Ermənistan sülhə razı deyil. Bəzi hallarda, hətta Ermənistanın siyasi və hərbi rəhbərliyinin revanşizmdən danışması müharibə ehtimalını daha da gücləndirir. Ermənilərin törətdikləri təxribatlar isə son bir ay ərzində daha da müntəzəm xarakter alıb, miqyası isə genişlənib. Azərbaycanın həmin regionda yerləşən bölgələri mütəmadi şəkildə hərbi təzyiqə məruz qalır. Bu isə, Ermənistanın sülh haqqında fikirləşmədiyini bir daha təsdiqləyir.

İrəvana səfər edən ermənipərəstlərin mənəvi dəstəyi...

Ermənistanın bu dərəcədə “ürəklənərək” müharibə aurasına daxi olmasının bir səbəbi də xaricdən aldığı mənəvi dəstəkdir. Erməni lobbisinin ələ aldığı şəxslər bir müddətdir ki, Ermənistanla bağlı “haqlı tərəf obrazı” yaratmağa çalışır. Məsələn, ermənipərəst Nensi Pelosinin İrəvanda axıtdığı göz yaşları erməni cəmiyyətində qəribə bir əhval-ruhiyyə yaradıb - istər kütlə, istərsə də bu ölkənin siyasi elitası bu “göz yaşlarını” ABŞ-ın Ermənistana dəstəyi kimi anlayır və qavrayır. Eləcə də, Paşinyanın Fransa səfəri zamanı ermənilərə verilən “ürək-dirək” onları cəsarətləndirib. Fransa nümayəndə heyətinin Ermənistana səfərini eşitdikdə isə, bunu “mütləq qalibiyyət” kimi yozmağa başlayıblar. Bir sözlə, bu kimi xırda, epizodik məsələlər Ermənistanda guya “beynəlxalq aləmin dəstəyinin qazanılması” kimi anlaşılır. Bu isə öz növbəsində, Ermənistanın revanşizmə meyillənməsinə səbəb olub. Yəni, regionda davamlı sabitliyin formalaşmasına maneə yaradan ən böyük səbəblərdən biri erməni lobbisinin və ermənipərəst şəxslərin yaratmağa çalışdığı dəstək görüntülərdir.

Radikal revanşistlər sülh gündəliyinə qarşı...

Ermənistandakı daxili vəziyyət də bu gün qarışıqdır. Belə ki, postmüharibə dövründəki siyasi vəziyyətdə müşahidə olunan xaos, qarşıdurmalar fərqli maraqlara xidmət edən qrupların fəallaşmasına yol açıb. Bunun nəticəsidir ki, artıq siyasi hakimiyyətə qarşı çıxanların sırasına kilsə də qoşulub. Revanşist müxalifəti öz ətrafında birləşdirməyə çalışan II Qaregin kilsənin siyasi proseslərə qoşulmasını təmin etməyə çalışır. Hədəf isə bəllidir - müharibə kartı ilə Ermənistanda siyasi çevrilişə nail olmaq, hakimiyyətə gəlmək. Bu baxımdan isə revanşizm onların “vahid proqramı” kimi diqqətdən keçirilir. Çünki revanşistlər və kilsə Paşinyanı və ətrafını hazırda sülh gündəliyi ilə təhdid edir, onu xəyanətkar adlandırır. Hətta bu fikirdə olan müxalifət nümayəndələri də linç olunur. Məsələn, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın bir neçə gün öncə verdiyi müsahibə onun da hədəfə alınmasına yol açıb. Xatırladaq ki, Ter-Petrosyan bir daha öz xalqına, ölkənin siyasi qüvvələrinə xəbərdarlıq etmişdi və müxalifət də daxil, Ermənistandakı bütün qüvvələri təcili şəkildə Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq üçün hakimiyyət ətrafında birliyə çağırmışdı. Açıqlamanın ardından isə radikal revanşistlər, hətta Ter-Petrosyanın fikirlərinə qarşı hücum kampaniyası başladıb. Ermənistanın ikinci prezidenti, revanşist qüvvələrin başçısı sayılan Robert Koçaryan Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırış etməsini ironiya ilə qarşılayıb. “Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox. Təslim olmaq üçün, əksinə, parçalanma tələb olunur”, - deyən Koçaryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır. Onun iddiasına görə, ümidsiz vəziyyətlər yoxdur, döyüşə hazır olanların üzünə qapı açılır. O, əlavə edib ki, Levon Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyil və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmır: “Mən bu mövqeyi qəti şəkildə qəbul etmirəm”. Koçaryan, həmçinin ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini də vurğulayıb. Ter-Petrosyan isə Paşinyanı zorla əvəzləyəcək şəxsin daha ağır sülh müqaviləsi imzalamalı olacağı barədə də xəbərdarlıq etmişdi.

Müharibə arzusu Ermənistanın xəritədən silinməsinə yol aça bilər

Hərbi ekspert Ramil Məmmədli də son günlər Ermənistanın müharibə ilə bağlı ritorikasını daha da gücləndirdiyini, sülhə mane olacaq bütün mümkün addımları atdığını deyib. Onun sözlərinə görə, 44 günlük müharibə Ermənistanın bütün sferalardakı məğlubiyyətini şərtləndirib: “Ermənistanın ölkə olaraq bütün resursu tükənib. Bu ölkənin istər döyüşmək üçün insan resursu, istər nizami və təchiz olunmuş ordu resursu, istərsə də silah-sursat resursu yox səviyyəsindədir. Bu gün Ermənistan hər hansı bir hərbi əməliyyat aparmaq iqtidarında və gücündə deyil. Deyilənlər, müharibə haqda irəli sürülən fikirlər isə pafosdan uzağa getmir, siyasi maraqlara xidmət edir. Son günlərdə Qərbin bəzi dairələrinin nümayəndələri Ermənistanı ziyarət edib. Bunun qarşılığında isə Ermənistan rəhbərliyi də ABŞ, Fransa kimi ölkələrə səfər edib. Bu qarşılıqlı səfərlərdən də ruhlanıblar. Amma həmin ölkələr də görür ki, Ermənistanın resursu yoxdur. Bu baxımdan, verilən dəstək də heç bir işə yaramır”.

Hərbi ekspert bildirib ki, Azərbaycan ordusu ilə Ermənistanın silahlı birləşmələrini müqayisə belə etmək olmaz. “Azərbaycan güclü dövlətdir və bütün ölkələrlə yaxın əməkdaşlığa malikdir. Bu mənada, istədiyi dövlətdən də istədiyi silahı tədarük etmək üçün gücü və maliyyəsi var. Ermənistan isə fərqli durumdadır. Bu ölkənin dövlət büdcəsi erməni lobbisinin ianələri əsasında formalaşır. Bu ölkə hansı pulla silah alacaq? Bu sual özü maraqlıdır. İndiki həssas məqamda isə keçmiş müttəfiqləri belə Ermənistanı silahla təchiz etmək imkanında deyillər. Onların başları öz problemlərinə qarışıb. Bunu Paşinyan da etiraf edir. Bu baxımdan, hər hansı bir müharibə və ya revanş arzusu Ermənistanın tam şəkildə məhvinə, hətta xəritədən silinməsinə yol aça bilər”, - deyə  R.Məmmədli əlavə edib.

Pərviz

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31