Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Elektron, yoxsa auksion?

Elektron, yoxsa auksion?

29.09.2022 [10:19]

“Qaçqınkom”un sifarişi ilə tikilən mənzillərin satış mexanizmi hazırdır

Nicat PAŞA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sifarişi ilə tikilmiş binalardakı mənzillərin satışı qaydası müəyyənləşib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mənzillərin hərrac vasitəsilə satışı Qaydası təsdiq edilib.

Bu Qayda Komitənin sifarişi əsasında Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir. Mənzillərin ƏƏSMN rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir. Mənzillərin hərrac vasitəsilə satışı ƏƏSMN sifarişi əsasında, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilir.

Mənzillərin hərracda satılması məqsədilə ƏƏSMN məlumatları təqdim etməklə, Təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır. Təşkilatçı hərraca hazırlıqla bağlı aşağıdakı tədbirləri görür:

- bu Qaydaya uyğun olaraq hərrac gününə ən azı 30 gün qalmış hərrac haqqında məlumat verir;

- hərracda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri elektron qaydada və ya kağız daşıyıcıda qəbul edir, onların qeydiyyatını aparır;

- hərracların keçirilməsi üzrə komissiya yaradır və onun işinə müstəqil ekspertləri cəlb edir;

- hərracın iştirakçıları ilə hesablaşmalar aparır.

Başlanğıc qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

Hərracın keçirilməsi məqsədilə 5 üzvdən ibarət Komissiya yaradılır və iş reqlamenti təsdiq olunur. Sədr komissiya üzvləri sırasından səsvermə yolu ilə seçilir. Qərarlar açıq səsvermə yolu ilə iclas iştirakçılarının sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.

Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

- hərracın keçirilməsini təmin edir;

- Təşkilatçı tərəfindən təqdim olunmuş məlumatlar (sənədlər) əsasında hərrac iştirakçılarının qeydiyyatını aparır;

- hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və Təşkilatçıya məlumat verir;

- qalibi müəyyən edir;

- yekun və digər protokolları rəsmiləşdirir və təsdiq etmək üçün Təşkilatçıya təqdim edir;

- digər vəzifələri yerinə yetirir.

Təşkilatçı mənzil haqqında müvafiq məlumatları hərrac gününə ən azı 30 gün qalmış mediada və özünün rəsmi internet səhifəsində dərc etdirir.

Sifarişə behin ödənilməsini təsdiq edən sənədin surəti, hüquqi şəxsin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, sifarişi təqdim edən şəxs fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməlidir.

Sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək təqdim edən şəxs hərracın iştirakçısı olmaq hüququnu əldə edir. Hərrac keçirilmədikdə, şəxslər hərracda iştirak etməyə buraxılmadıqda və ya iştirakçı hərracın qalibi olmadıqda beh geri qaytarılmalıdır. Bildirişdə başqa qayda nəzərdə tutulmadıqda, Təşkilatçı müvafiq protokol tərtib etməklə hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci 3 iş günü qalmış imtina edə bilər. Müddəti pozmaqla hərracın keçirilməsindən imtina olunduqda, iştirakçılara dəyən real zərərin əvəzini Təşkilatçı ödəməlidir.

Sifariş və sənədlər Təşkilatçı tərəfindən qeydiyyata alınır və iştirak edəcək şəxslərə iştiraketmə nömrəsi əks olunan bilet verilir.

Aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:

- sifariş vermiş şəxs müvafiq normativ hüquqi aktlara uyğun olaraq iştirakçı kimi tanınmadıqda;

- sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

- sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud düzgün tərtib edilmədikdə;

- beh Təşkilatçının hesabına bildirişdə göstərildiyindən az məbləğdə və ya bu Qaydada müəyyən edilmiş müddətdən gec köçürüldükdə.

Mənzilin satışına onun başlanğıc qiyməti elan olunduqdan sonra başlanılır. Başlanğıc qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif başlanğıc qiymətin 1 faizindən az olmamalıdır.

İştirakçılar biletlərini qaldırmaqla, elan olunmuş qiymətə mənzili almağa razı olduqlarını bildirirlər.

Mənzilin yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər iştirakçılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır.

Mənzillərin satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya mənzil satılmadıqda), üçüncü hərracda başlanğıc qiymətin 10 faizi, dördüncü hərracda 20 faizi, beşinci hərracda isə başlanğıc qiymətin 30 faizi həcmində aşağı salınır. Beh satılan mənzilin qiymətinə daxil edilir. Qalib gəlməyən iştirakçıların behi 10 gün müddətində geri qaytarılır. Qalib hərrac başa çatdıqdan sonra ən geci 10 gün ərzində verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir. Hərrac baş tutmadığı hallarda, iştirakçıların behləri geri qaytarılmır.

Qalib hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud protokolun təsdiqindən sonra 10 gün müddətində vəsaiti hesaba köçürmədikdə nəticələr ləğv edilir və beh geri qaytarılmır.

Bu hallarda mənzillərin yenidən satışını ƏƏSMN həyata keçirir. Hərracların təşkili ilə əlaqədar Təşkilatçıya mənzillərin yekun satış qiymətinin 3 faizi məbləğində xidmət haqqı ödənilir. Satışdan daxil olan vəsait müəyyən olunan xidmət haqqı çıxılmaqla, 3 gün müddətində ƏƏSMN açdığı hesaba köçürülür.

Nəticələr protokolla rəsmiləşdirilir. Boyun qaçırıldığı təqdirdə beh ikiqat məbləğdə qaytarılmalı, zərərin əvəzi ödənilməlidir.

Qalibin hüquqlarının dövlət qeydiyyatının aparılması məqsədilə imzalanan yekun protokol ödəniş etdikdən sonra Təşkilatçı tərəfindən 5 iş günü müddətində elektron qaydada reyestrə göndərilir və qalibə məlumat verilir. Sonra mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanına müraciət edir. Bununla qalibin mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınır və reyestrdən elektron çıxarış rəsmiləşdirilir.

Təşkilatçı nəticələr haqqında məlumatı hərracın keçirildiyi gündən 15 iş günü müddətində mediada dərc (elan) etdirir və özünün rəsmi internet səhifəsində yerləşdirir.

Əmlak məsələləri mütəxəssisi Ramil Qasımzadə “Yeni Azərbaycan” qəzetinə satışa çıxarılacaq mənzillərlə bağlı məlumat verərkən deyib ki, satışa iki, üç və dörd otaqlı mənzillər çıxarılacaq: “Abşeron rayonu Yeni Yaşayış kompleksində 408, Samux rayonunda isə 20 mənzildir. Yəni 2 otaqlı cəmi 428 mənzildir. Üç otaqlı mənzillərin sayı 2021, dörd otaqlı isə 551-dir. Yəni yekunda 3 min mənzilin satışa çıxarılması nəzərdə tutulur. Bu mənzillər Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında, Qaradağ rayonunun Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında Yeni yaşayış komplekslərində yerləşir”.

R.Qasımzadə deyir ki, qiymətlər ərazilərdən asılı olaraq dəyişir: “Təxmini hesablamalara görə, 3 otaqlı mənzillərin qiyməti 50 min manatdan yuxarıdır. Yerindən asılı olaraq bu qiymət 70-80 min manata qədər arta bilər. Qiymətin hələ bəlli olmadığından nə isə demək çətindir”.

Satışın elektron formada keçirilməsinin yaratdığı çətinliklərdən danışan ekspert bu mənzillərin satışının hərrac vasitəsilə həyata keçirilməsinin üstünlüklərindən də söz açıb: “Çünki bildiyimiz kimi, bizdə bu işin elektron həyata keçirilməsinin acı təcrübəsi mövcuddur. Yəni hakerlər tərəfindən hansısa müdaxilələr ola bilərdi. Mən də bu işin hərracların təşkili mərkəzi tərəfindən həyata keçirilməsini daha məqsədəuyğun hesab edirəm. Bu, həm də rəqabətliliyə gətirə bilər və belə olduqda əlavə hansısa xoşagəlməz halların qarşısı alınar. Məlum olduğu kimi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi indiyə qədər Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən satışa çıxarılan torpaq sahələrinin, qeyri-yaşayış sahələrinin, səhmdar cəmiyyətlərin müxtəlif avadanlıqlarının, həmçinin müxtəlif dövlət təşkilatlarının avtomobillərinin hərracını mütəmadi olaraq təşkil edirdi. Biz demək olar ki, hər ay bu müsabiqələrin keçirilməsinə şahidlik edirik. Həmin mənzillərin də buraya əlavə edilməsi çox yaxşı oldu. Burada vətəndaşlara yalnız hərracda iştirak etmək qalır. Hərracda iştirak edən vətəndaş ona uyğun olan qiyməti irəli sürəcək və qalib olub-olmadığını öz gözləri ilə görəcək. Hesab edirəm ki, bu, əmlak satışı ilə bağlı prosesin daha şəffaf şəkildə keçirilməsinə zəmin yaradacaq”.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30