Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vaşinqtonda bəyan edilən məsələlər

Vaşinqtonda bəyan edilən məsələlər

29.09.2022 [10:00]

Politoloq: Hikmət Hacıyevin Birləşmiş Ştatlara səfərinin mühüm siyasi effekti var

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının  katibi Armen Qriqoryanla görüşüb.

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüş barədə bildirib ki, birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr aparılıb. “Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.

Hikmət Hacıyev isə Ceyk Sallivanın təşəbbüsü ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra mətbuata açıqlamasında bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edib. O diqqətə çatdırıb ki, görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə Hikmət Hacıyev qeyd edib.

ABŞ-a səfəri çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyev, həmçinin, Birləşmiş Ştatların  müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl ilə görüşüb. H.Hacıyev və Kolin Kahl arasında baş tutan görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.

ABŞ-da aparılan danışıqları şərh edən politoloq Tural İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, özəlliklə Ermənistanın son sərhəd təxribatları ilə bağlı ABŞ tərəfindən Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan fikirlər səsləndirilməsi fonunda Hikmət Hacıyevin Birləşmiş Ştatlara səfərinin mühüm siyasi effekti var. Unutmamalıyıq ki, Ermənistan dövləti həm Rusiyaya, həm ABŞ-a, həm də Avropa İttifaqına siyasi oyunlar nümayiş etdirir. Təəssüflər olsun ki, belə bir məqamda Amerikadakı ANCA və digər təxribatçı lobbi təşkilatları konqresmenləri yalan danışmağa təhrik edir. Eyni zamanda, ABŞ dövlət katibi Blinken və sözçü Ned Praysın Azərbaycanla bağlı səsləndirdikləri sonuncu açıqlamalar ABŞ-Azərbaycan münasibətlərinin ruhuna da uyğun gəlmirdi.

Onun sözlərinə görə, bu gün ölkəmiz Cənubi Qafqazda sabitlik və sülh­də maraqlıdır: “Azərbaycanın sülhlə bağlı mövqeləri hər dəfə Ermənistan tərəfindən sabotajlara məruz qalır. Ona görə də cənab Prezidentin sülhlə bağlı mesajlarının Hikmət Hacıyev tərəfindən ABŞ-da səsləndirilməsi mövqeyimizi görmək istəməyənlərə siyasi dərs mahiyyətində idi. Baydenin müşaviri Ceyk Sallivan və Ermənistan TŞ katibi Armen Qriqoryanla aparılan müzakirələrdə iki ölkə arasında  münasibətlərin gələcək konturları haqqında vacib müzakirələr aparılıb. Hesab edirəm ki, həm rəsmi Moskva, həm də Aİ-nin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı moderatorluğundan savayı ABŞ rəhbərliyinin də bu məsələlərdə bilgili olmağının siyasi əhəmiyyəti danılmazdır. Sabah Ermənistan delimitasiya prosesində hansısa saxta xəritələr ortaya çıxara bilər, eləcə də Pelosi, Pallone, Speyer kimi erməni diaspora sevdalılarının yeni informasiya hücumları da gözlənilən olacaq. Bu baxımdan delimitasiya ilə bağlı dövlətimizin mövqeyi bir daha Vaşinqtonda bəyan edildi. Həm də, nəzərə almaq lazımdır ki, dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Ermənistana itkin düşmüş şəxslərlə bağlı çağırışlar edilsə də hələ də nəticəsini görmürük”.

Politoloq qeyd edib ki, ABŞ-da Hikmət Hacıyev tərəfindən humanitar məsələlərin qabardılması, ABŞ-ın minalar və itkin düşmüş şəxslərlə bağlı məlumatlandırılması Birinci Qarabağ Müharibəsi vaxtı itkin düşən vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistanın hansısa addımlar atmağına səbəb ola bilər: “Həmçinin, kommunikasiya və nəqliyyat xətləri ilə bağlı da informasiya və fikir mübadiləsi önəmli idi. Hesab edirəm ki, bu səfərin və görüşlərin həm informasiya anlamında, həm də siyasi mənada müsbət təsirləri çox olacaq və davamlı xarakter alacaq”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31